Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:47

Vartan Oskanyanın Qarabağa dair üç ssenarisi...


Ermənistanın keçmiş xarici işlər naziri Vartan Oskanyan
Ermənistanın keçmiş xarici işlər naziri Vartan Oskanyan

-

Ermənistanın keçmiş xarici işlər naziri Vartan Oskanyan (1998-2008) Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin ötən həftəsonu Soçidə keçirilmiş görüşü ərəfəsində Qarabağ münaqişəsi ilə bağlı analitik məqalə yazıb.

Al-Jazeera-nin internet saytında dərc olunmuş məqaləsində keçmiş xarici işlər naziri, hazırda Yerevanda mənzillənmiş QHT – Civilitas Fondunun təsisçisi Vartan Oskanyan yazır ki, son günlər Yaxın Şərqdə və Ukraynada baş verənlərdən sonra heç kim daha bir eskalasiyanı, qurbanları və qan tökülməsini istəmir. Vartan Oskanyan əmindir ki, tərəflər yenə də atəşkəsə riayət etmək vədi ilə ayrılacaqlar.

«Lakin vəd etmək bir şeydir, əməl etmək başqa» – yazır Oskanyan.

HƏRBİ BALANS AZƏRBAYCAN TƏRƏFƏ ƏYİLİB

Ermənistanın keçmiş xarici işlər naziri xatırladır ki, 1994-cü ildən bəri iki ölkə arasında olan və özünütənzimə söykənən atəşkəs bütün dünya praktikasında unikal haldır və onun uğurunu həmişə iki faktor təmin edib: qarşıduran tərəflər arasında hərbi balans və davam etməkdə olan danışıqlara inam.

«Son üç il ərzində bu iki çəkindirici element ciddi şəkildə pozulub» – yazır Oskanyan.

Bunu yazarkən Vartan Oskanyan son üç il ərzində Azərbaycanın güclü şəkildə «qeyri-mütənasib» silahlanmasını nəzərdə tutur.

Müəllif həmçinin vurğulayır ki, son illərdə tərəflər arasında olan fikir ixtilafları dərinləşib və mövqelər daha da aralanıb.

Oskanyan hesab edir ki, təmas xəttindəki son eskalasiyanın səbəbi də hərbi balansın sınaqdan keçirilməsi və əsas oyunçuların diqqətinin münaqişəyə çəkilməsi ilə yüksək səviyyədə danışıqların bərpa olunmasına məcbur edilməsi niyyətidir. Vartan Oskanyan eskalasiyanı kimin başlaması məsələsinin üzərindən sükutla keçir.

HƏMSƏDRLƏR KÜSÜLÜDÜRLƏRSƏ…

Vartan Oskanyan yazır ki, Qarabağa dair sülh danışıqlarını həmişə üç faktor təsirləndirib: əsas güclərin beynəlxalq və qlobal maraqları və onların öz aralarında olan münasibətlər, beynəlxalq münasibətlərdə ənənəvi prinsiplərə riayət edilməsi (buraya BMT-nin və ATƏT-in münaqişə barəsində mövqeyi daxildir) və nəhayət, münaqişə tərəflərinin özlərinin hazırkı siyasi-iqtisadi durumu və sülh prosesini yönləndirmək qabiliyyətlərinin olub-olmamasıdır.

Keçmiş xarici işlər nazirinin fikrincə, bu üç faktor son iyirmi ildə həmişə dolaşıq olub, indi isə xüsusilə dolaşıqdır.

Oskanyan yazır ki, Dağlıq Qarabağ üzrə üç həmsədrdən ikisi olan Rusiya və ABŞ-ın hazırda Ukrayna və Suriyaya görə bir-birlərini görəsi gözləri yoxdur. Onların Cənubi Qafqaza dair siyasətlərində də harmoniya yoxdur.

Məqalədə deyilir ki, belə bir vəziyyət ikibaşlı situasiya yarada bilər: bəziləri düşünə bilərlər ki, əsas güclərin arasındakı çəkişmə Qarabağ danışıqlarına nüfuz edəcək, bir başqaları isə əksinə, düşünə bilərlər ki, ABŞ və Rusiya Qarabağ danışıqlarından öz münasibətlərini bərpa etmək üçün istifadə edə bilərlər.

SUPERGÜCLƏRİN ZİDDİYYƏTLİ NÜMUNƏSİ

Vartan Oskanyan yazır ki, burada Rusiya və ABŞ-ın etnik münaqişələrə və öz müqəddəratını təyin etmə faktoruna ziddiyyətli münasibətləri məsələni daha da qəlizləşdirir.

«Kosovonun birtərəfli qaydada müstəqilləşdirilməsinin əleyhinə çıxan Rusiyanın özü Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaqla eyni hərəkətə yol verib. Lap bu yaxınlarda isə Rusiya bu regionun öz ərazisinə qatılmasına dair Krımda keçirilən referendumu tələm-tələsik tanıyıb» – yazır Oskanyan.

O belə bir nəticəyə gəlir ki, «Qərb də, Rusiya da öz müqəddəratını təyinetmə səylərini dəstəkləyirlər, lakin bunu ayrı-seçkiliklə edirlər» və «təhlükə də elə buradadır».

ALBANLARA OLAR, ERMƏNİLƏRƏ YOX?

Vartan Oskanyan yazır ki, Sovet İttifaqı dağılanda əhalisinin 80 faizi ermənilər olan Dağlıq Qarabağ da referendum keçirərək Azərbaycandan ayrılmaq barədə qərar qəbul etmişdi.

Məqalədə deyilir ki, bu məsələdə beynəlxalq təşkilatlar da ziddiyyətli mövqe tutublar. Məsələn son on ildə bir neçə öz müqəddəratını təyinetmə hərəkatı – Timor, Cənubi Sudan və Kosovoda müstəqilliklərin tanınması ilə başa çatıb.

Oskanyanın fikrincə, öz müqəddəratını təyinetmə prinsipindən istifadə üçün vahid, hamıya şamil edilə biləcək təkmil hüquqi çərçivə və daha mükəmməl yanaşma yoxdur və Dağlıq Qarabağdakı hərəkatın tanınmaması da məhz bu ayrı-seçkili münasibətdən doğub.

MÜMKÜN, LAKİN KÖHNƏ SSENARİLƏR

Ermənistanın keçmiş xarici işlər naziri bildirir ki, Dağlıq Qarabağda hazırkı nə hərb, nə də sülh vəziyyəti üç ssenari əsasında inkişaf edə bilər.

«Bunlar mümkün, lakin köhnə ssenarilərdir. Birincisi, hazırkı status-kvo davam edəcək, ikincisi müharibə qopacaq və yeni situasiya yaranacaq, üçüncüsü münaqişə danışıqlar yolu ilə həll ediləcək» – yazır müəllif.

DÜNƏN QEYRİ-REALİST GÖRÜNƏN ALTERNATİVLƏR

O qeyd edir ki, çox güman beynəlxalq icma və vasitəçilər birinci ssenarini avtomatik şəkildə qeyri-məqbul ssenari kimi rədd edəcəklər.

«Bununla belə - yazır Oskanyan, - dünən qeyri-məqbul sayılan alternativlərin bu gün bəyənilməsi və realist yanaşmaya çevrilməsinə dair çoxlu tarixi nümunələr var».

Məqalədə deyilir ki, ikinci ssenarinin nəticələrini təsəvvür etmək çətindir. Müəllifin fikrincə, bu, özünün enerji istehsalçısı və tranziti olmasına tamamilə arxayın Azərbaycan üçün daha böyük risk yaradar.

TƏRƏFLƏR MİNİMUM TƏLƏBLƏRLƏ ÇIXIŞ ETMƏLİDİRLƏR

Vartan Oskanyan yazır ki, üçüncü ssenari – münaqişənin dinc danışıqlar yolu ilə həlli üçünsə nəzərəçarpacaq güzəştlərə gedilməlidir.

«Ermənilərin və azərbaycanlıların qarşısında duran ən çətin məsələ də elə budur» – yazır Oskanyan. Onun fikrincə, bu məqsədə nail olunması üçün tərəflər bir-birinin minimum tələblərini tanımalıdırlar.

«Bu isə hələlik baş verməyib» – deyə yekunlaşdırır. Bir də sonda Əl-Jazeera-nın qeydi var: «Məqalədə ifadə olunmuş fikirlər müəllifin özünə aiddir».

XS
SM
MD
LG