Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:34

Ekspert ərzağın qiymətinin 30 faizədək qalxacağını qaçılmaz sayır


Arxiv fotosu
Arxiv fotosu

.

Gözlə

No media source currently available

0:00 0:05:59 0:00
Direct-ə keçid



Siqaret çəkən tanışlardan biri şikayətlənir:

- Qiyməti hər gün qaldırırlar. Bir gün qabaq manat yarıma aldığım siqareti bu gün 1 manat 70 qəpiyə almışam. Belə getsə tərgidəcəm.
- Bəs, əvvəl neçəyə idi?
- 1 manat 20 qəpiyə...

Son günlər tütün məmulatlarının, alkoqollu içkilərin qiyməti artmaqdadır.

Artan həm də uşaq qidaları, şəkər tozu, çay və başqa qida məhsullarının, bəzi meyvə-tərəvəzin, məsələn kartofun, soğanın, xaricdən gətirilən meyvənin, dərmanın, tikinti materiallarının, avtomobilin, evin qiymətidir.

Fərhad Mehdiyev “facebook”da yazır:

“Taxtanın qiyməti manatla artıb; bir kubmetr 175 manat idi, hazırda 220 manata qalxıb. Yəni, əvvəlki kursla taxtanın kub metri 224 dollar etdiyi edirdi, bu günkü kursla da bir az aşağı - 219 dollar edir”.

Manatın məzənnəsi dəyişəndən sonra hamı prezidentin nə deyəcəyini – son sözü gözləyirdi. Buna görə, bəzi tikinti materialları satışı ilə məşğul olan şirkətlər, apteklər, topdansatış mərkəzləri, hətta ev, mülk, torpaq almaq, satmaq istəyənlər də gözləyirdilər. Marketlər, dükanlar mal sifariş verməyə tələsmirdilər. Necə deyərlər, “bəlkə məzənnəni əvvəlki həddə qaytardılar” deyə xəyal quranlar az deyildi.

Ancaq İlham Əliyev fevralın 24-də bu ümidlərin üstündən xətt çəkdi. O manatın ucuzlaşması haqda qərarın qaçılmaz olduğunu bildirdi, amma süni qiymət artımının da yolverilməz olduğunu, qiyməti artıranların cəzalandırılacağını söylədi.

Bu çıxışın ertəsi günü mənzərə dəyişməzdir. Paytaxtda bir çox kiçik marketin piştaxtaları bomboşdur. Məsələn, metronun Həzi Aslanov stansiyası yaxınlığındakı bir dükanda kərə yağı, duru yağ, pendir gözə dəymir. Makaron, vermişel 85 qəpiyədir. Alıcı yoxdur, satıcılar milçək qovurlar…

İri supermarketlərdəsə vəziyyət fərqlidir. Vitrinlərdə mal var, alış-veriş də pis getmir, hərçənd bəzi malların qiyməti qalxsa belə.

Yaxınlıqdakı ev alqı-satqısı ilə məşğul olan ofis diqqəti çəkir. Bekarçılıqdır deyəsən. Nə gələn var, nə gedən. Makler bizi müştəri sanıb inandırmağa çalışır ki, qiymət qalxmayıb:

“Yenicə təmirdən çıxan ikiotaqlı mənzil 80 min manatadır, sovet evidir. Yaxşı təmirli 3 otaqlı 125 min manatadır, orta təmirli üç otaqlı 115 minə. Bəlkə gedək baxaq? Qiymət əvvəl də beləydi. Burda birotaqlı mənzil var, əvvəl də 70 min dollar idi, indi də… Buralarda yaxşı təmirli ev kirayələmək istəsəz 500 manatdır, metrodan aralıda 400 manata taparam”.

İQTİSADÇININ CIZDIĞI MƏNZƏRƏ

Natiq Cəfərli
Natiq Cəfərli

Prezidentin çıxışından sonra bizim gördüklərimiz bunlar oldu. İqtisadçı Natiq Cəfərli də öz müşahidə və proqnozlarını bölüşür:

“Hələlik spirtli içki, siqaret, bəzi ərzaq mallarının qiyməti artıb. Amma o da var ki, indilik marketlər anbardakı mallarını satırlar. Bəs, mal qurtarandan sonra?.. Bir də çəkinirlər. Bir azdan dövlət qurumları şouya başlayacaq ki, baxın bu dükan sahibidir möhtəkir, süni qiymət artıran və s. Ancaq biznesin öz qaydaları var, gec-tez qiymət artımı qaçılmazdır”.

İqtisadçının qənaətincə, biznesi, bazarı inzibati yollarla idarə etmək mümkün deyil:

“Bunu sovet sistemi də sübut etdi. O dərəcədə qapalı sistem olmasına baxmayaraq nəzarət gücləndikcə qara bazar da gücləndi, piştaxta altından satışlar başladı. Dövlət bütün gücünü pərakəndə satış mərkəzlərinə, kiçik və orta sahibkarlara göstərməyə başlasa, Azərbaycanda belə durumun yaranması ehtimalı var. Ancaq hələlik bəzi dükanlarda, topdansatışla məşğul olan şirkətlərin anbarlarında köhnə qiymətlə alınmış məhsullar var. Bir neçə gün bununla durumu idarə edə bilərlər.

Məhsullar yeni qiymətlə bazara daxil olmağa başlayanda inzibati yollarla, qadağalarla, dövlətin gücü ilə bunun qarşısını almaq mümkün olmayacaq.

Biznesin öz qanunları var. Avtomatik olaraq xaricdən gətirilən məhsullarda 35 faizə yaxın məzənnə fərqi yaranır. Bunu biznes öz cibindən verə bilməz. Ola bilər 1-2 gün prezidentin çıxışının təsiri, müəyyən dövlət orqanlarının müdaxilələri ilə durumu idarə etsinlər. Bir məqam da, dövlət nə qədər nəzarət orqanlarını biznesin üzərinə salacaqsa, paradoksal səslənsə də, qiymət bir o qədər çox qalxacaq”.

“ƏRZAQ 30 FAİZƏDƏK BAHALANACAQ”

Yaxın bir həftədə, 10 gündə qiymətlər neçə faiz arta bilər? Natiq Cəfərli hesab edir ki, gömrükdə və vergidə problemlər həll olunmasa xaricdən gətirilən məhsulların qiymətində təqribən 30-35 % artım olacaq. Onun sözlərinə görə, məzənnənin yenidən oynamasından sığortalanmaq istəyən biznes strukturları qiyməti bir qədər də artırmağa çalışacaqlar.

İqtisadçı xarici məhsulla yanaşı yerli malın da bahalanmasını istisna etmir:

“Xammal qatqıları, qablaşdırma ləvazimatı və s. xaricdən gətirilir, bu da məhsulun maya dəyərinə təsir göstərəcək”.

Natiq Cəfərlinin proqnozu belədir:

“Ən yaxşı halda inflyasiya 15 % civarında olacaq, ən pis halda 25 faiz. Ərzaq inflyasiyası daha çox olacaq. Yaxın gələcəkdə ərzağın qiymətinin 30 faizədək qalxacağı qaçılmazdır”.

Əlinə gələn pulu ərzağa xərcləyəcək vətəndaşın çıxış yolu nədir? Indiki halda iqtisadçı maaş, təqaüd artımını çıxış yolu saymır:

“Maaş, təqaüd nə qədər çox qalxsa, inflyasiya basqısı bir o qədər çox qalxacaq”.

Natiq Cəfərli deyir ki, prezident 24 fevral çıxışında biznesə, xüsusən də kiçik və orta sahibkarlara dəstək mesajları verməli idi, nəinki dövlət strukturlarına:

"Dövlət strukturlarına daha çox mesaj verildi ki, biznesə müdaxilə edin, bu da biznesin iflicinə səbəb ola bilər”.

“TÜTÜN MƏHSULLARI O QƏDƏR DƏ ÖNƏMLİ DEYİL”

Yeri gəlmişkən, ölkə başçısının tapşırığından sonra İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımı ilə bağlı ciddi tədbirlərə başladığını bir daha bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev “azvision.az”a bildirib ki, indiyədək aparılan monitorinqlər zamanı qiymət artımına rast gəlinməyib:

“Hələlik süni formada qiymət artımı halları ilə rastlaşmamışıq. Belə hallar aşkar edilərsə, həmin şəxslər barəsində qanunvericiliyə uyğun ən ciddi tədbirlər görüləcək.

Artıq dərman məhsulları və çörəklə bağlı heç bir problem yoxdur. Əsas diqqət hazırda ərzaq məhsullarının qiymətlərinə yönəldilib. Tütün məmulatları o qədər də önəmli məhsul deyil. Bizim "qaynar xətt"imiz 195-2-dir. Kimlərin qiymət artımı ilə bağlı şikayəti varsa, həmin nömrəyə zəng edə bilərlər”.

XS
SM
MD
LG