Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:52

«Manatın hazırkı məzənnəsi də sünidir»


Əkrəm Həsənov
Əkrəm Həsənov

-

Bu ilin 1-ci rübünün yekunlarına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 9 milyard 472.1 milyon dollar təşkil edib.

fins.az xəbər verir ki, bu, fevral ayının yekunları ilə müqayisədə 1 milyard 532.1 milyon dollar azdır: «Başqa sözlə, mart ayında Mərkəzi Bank valyuta ehtiyatlarının 14%-ni itirib»- sayt qeyd edib.

«ÖLKƏDƏN VALYUTA AXINI DA GÜCLƏNIB»

Bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov AzadlıqRadiosuna müsahibəsində deyir ki, devalvasiyadan 5-6 ay qabaqkı dövrə nisbətən Mərkəzi Bank daha çox valyuta ehtiyatı itirib:

«Bildiyim qədər, Mərkəzi Bankın əsas itkiləri devalvasiyadan əvvəlki 3 aya təsadüf edir. Mərkəzi Bankın bu itkilərinin əvəzlənməsi perspektivi çox aşağıdır. Buna görə də, devalvasiyanın davam etməsi ehtimalı çox böyükdür. Çünki bizim milli valyutamız dollara bağlıdır. Yəni, Mərkəzi Bankın hansısa müstəqil, mürəkkəb və ölçülüb-biçilmiş pul siyasəti yoxdur, sadəcə, sərəncamında olan dollar ehtiyatı həddində manat çap edir, buna görə də ölkədə dollar azalan kimi manat ucuzlaşır, dollar çoxalan kimi manat bahalaşır. Neftin qiyməti ucuzlaşdığından ölkəyə gələn dollar azalır, üstəgəl ölkədən valyuta axını da güclənib: əhalinin bir qismi Türkiyədə, Şərqi Avropada daşınmaz əmlak alır, yəni vəsaitini ora yerləşdirir».

«DEVALVASİYA YALNIZ NEFTDƏN ASILI DEYİL»

Əkrəm Həsənovun fikrincə, Elman Rüstəmovun yenidən sədr təyin olunmasından sonra manatın devalvasiyası gözlənən idi. Ancaq o, başqa amillərə də diqqət yetirir: «Bizdə hazırda devalvasiya yalnız neftdən asılı deyil. Əhalinin milli valyutaya və milli bank sisteminə etimadı sarsılıb. Bank sistemi isə məhz etimad əsasında fəaliyyət göstərə bilər. Buna görə də, kimin əlində artıq pulu varsa, dərhal dollara çevirir. Hətta bank əmanətləri də geri götürülür. Bankların manatla kredit verməkdən imtina etməsi də manatı nüfuzdan salır. Əslində, bankların bu əməli göstərir ki, onlar da Mərkəzi Banka inanmır. Banklar inanmırsa, əhali niyə inanmalıdır?».

Ekspert hesab edir ki, Mərkəzi Bank manatın sabitliyini qoruya bilmir: «Təhlükəli odur ki, Mərkəzi Bank heç əməli tədbir də görmür, məsələn, ölkədən valyuta axınının qarşısını almır. Belə getsə, vəziyyət daha da pisləşə bilər. Yəni, yumşaq devalvasiya kəskin devalvasiya fazasına keçə bilər. Prinsipcə, Rüstəmov özü də bu yaxınlarda etiraf etdi ki, manat sərbəst buraxılsa, dəyəri 20-30 faiz azala bilər. Deməli, manatın hazırkı məzənnəsi də sünidir».

Bu il fevralın sonunda Mərkəzi Bank manatı dollara nisbətən 33 faiz ucuzlaşdırıb.

Aprelin 13-də 1 dollar 1.0537 manata bərabərdir. ​

XS
SM
MD
LG