Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:50

Mingəçevirdə həkimlərdən Avropa Oyunlarına pul yığılır?


Arxiv fotosu: Bakıda Avropa Oyunlarının loqosu Qız Qalasının üzərində.
Arxiv fotosu: Bakıda Avropa Oyunlarının loqosu Qız Qalasının üzərində.

.

“Bakı-2015” İlk Avropa Oyunlarının başlamasına ay yarım vaxt qalır. Oyunların vaxtı yaxınlaşdıqca yerli media özəlliklə, ABŞ-ın bu oyunlarla bağlı Azərbaycana qarşı kampaniya apardığını iddia edir. Sosial mediada isə dövlət müəssisələrində çalışanların zorla oyunlara baxmağa aparılması, tələbələrdən könüllü kimi işləmək, müxtəlif ölkələrin idmançılarına azarkeşlik etmək tələb olunması kimi fərqli məlumatlar dolaşır.

Yeni yayılan məlumatlardan biri də Avropa Oyunlarına görə, pul yığılmasıdır.

“HƏR ŞÖBƏYƏ 2-5 MİN MANAT HAQQ QOYULUB”
Mingəçevirdə həkim işləyən bir nəfər AzadlıqRadiosundan adının çəkilməməsi xahişi ilə baş verənləri işıqlandırmağı xahiş edib. O, deyir ki, yerli Səhiyyə İdarəsinin rəhbərliyinin göstərişi ilə hər kəsdən pul yığılır:

“Hər şöbəyə kollektivdən aslı olaraq 2-5 min manat haqq qoyublar. Baş həkimlər də hər kəsdən 100-500 manat pul alır. Altdan-altdan da belə şaiyə yayıblar ki, pul verməyənlər ixtisar olunacaq. Çünki bu yaxınlarda Mingəçevirdə bütün xəstəxanalar və şöbələr Mingəçevir Mərkəzi Xəstəxanasına birləşdirildi. Tibbi heyətin sayı o qədər çoxdur ki, bəzi şöbələrdə həkimlərə oturmağa otaq da çatışmır. Onlar da işlərini itirməmmək üçün tələb olunan pulu verməyə məcbur qalır. Başqa əlacları yoxdur. Elə işçilər var ki, gündə evə 1-2 manat belə apara bilmir”.

Həkim bildirir ki, təkcə səhiyyə yox, təhsil və digər idarələrdən də müəyyən məbləğlərdə pul yığılır.

“SƏHİYYƏ İDARƏSİ AVROPA OYUNLARINA HAZIRDIR”
Azərbaycanda tibb işçilərinin orta aylıq maaşları 150 manat civarındadır. Mingəçevirdə 2 minə qədər həkim və tibbi işçi var. Onlardan 400-ü həkim, 750 nəfəri orta, 800-900 nəfəri kiçik tibb işçiləridir.

Mingəçevir Səhiyyə İdarəsinin rəisi İlham Mayılov pul yığılması ilə bağlı deyilənləri təkzib edir. Əlavə edir ki, işçilərin ixtisarı da gözlənilmir:

“Düzdür, bəzi şöbələrin birləşməsi, bəzilərinin ayrılması söhbəti var. Amma ixtisar gözlənmir, heç kimdən də pul yığılmır. Bəli, biz Avropa Oyunlarına hazırlaşırıq. Oyunlar zamanı azarkeşlərə peşəkar həkim heyətimiz istənilən tibbi yardımı göstərməyə hazırdır”.

Mingəçevirdə Avropa Olimpiya oyunları Kür çayında Avarçəkmə Mərkəzində olacaq. Orada 3 oyunun keçirilməsi nəzərdə tutulub.

“AVROPA OYUNLARI BƏHANƏDİR, ƏSAS MƏSƏLƏ...”
İqtisadçı Natiq Cəfərli deyir ki, dünya bazarında neftin uculaşması Azərbaycan iqtisadiyyatına da ciddi təsir edib. Bundan əvvəl kommersiya qurumlarından, ardından da dövlət müəssisələrindən müəyyən haqların yığımına başlanıb:

“Belə halların olması istisna deyildi. Bəzən Avropa Oyunlarını bəhanə edib dövlət və özəl müəssisələrin boynuna müəyyən haqlar qoyulur. Bundan da çox güman ki, “yuxarıdakılar” xəbərdardır. Avropa Oyunlarına qısa zaman qalıb. Oyunlar bitəndən sonra hansı bəhanəni ilə pul yığılacaq?

Azərbaycan ciddi iqtisadi problemlər içindədir. Məcburi pul yığımları ilə bu problemi həll etmək mümkün deyil.

Elə bir neçə gün öncə ölkənin iri özəl müəssisəsi olan “Nurgün Motors”un rəhbərliyi ölkədən gedəcəyini açıqladı. Çünki bu şirkəti Vergilər Nazirliyi yüksək məbləğdə cərimələmişdi və məbləği ödəməyə məcbur etmişdi. Bu cür məcburi yığımlar, özəl müəssisələrin vergi yükünü artırmaqla azalan neft gəlirlərini kompensiya etmək mümkün deyil”.

Natiq Cəfərli ötən 4 ayda Azərbaycanda bağlanan dövlət müəssisələrinə diqqəti çəkir. Onun fikrincə, hökumətdən iqtisadi problemlərdən daha bir çıxış yolunu dövlət büdcəsindən maliyyələşən təşkilatları bağlamaqda görür.

BİR GÜNDƏ 4 DÖVLƏT MÜƏSSİSƏSİ LƏĞV EDİLİB...
Bu gün – aprelin 30-da Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi barədə qərar qəbul edib.
Qərara əsasən, nazirliyin tabeliyində olan 4 təsərrüfat hesablı dövlət müəssisə və təşkilatı ləğv edilib.

Bunlar “Azərdamazlıq” Respublika İstehsalat-Elm Birliyi, Mərkəzi Sınaq Laboratoriyası, Layihə Kontoru və Təmir-Tikinti İdarəsidir. Həmin müəssisələrdə çalışan işçilərin taleyi barədə isə məlumat yoxdur.

Yerli və xarici mediada, eləcə də sosial şəbəkələrdə bəzi dövlət müəssisələrində “paket maaşları”nın yığışdırıldığı bildirilir.

Bütün bunları nəzərə alan Natiq Cəfərli hesab edir ki, əslində dövlət müəssisələri Avropa Oyunlarını bəhanə edərək, işçilərdən pul yığır. Onun fikrincə, əsas məsələ dövlət büdcəsinin 70 faizi birbaşa və dolayısı ilə neftdən aslı olan Azərbaycanın bu müəssisələri “maliyyələşdir”ə bilməməsidir.

İndi onun üçün bir sualın cavabı daha önəmlidir. Hazırda müəssiələrdən Avropa Oyunları bəhanəsi ilə pul yığılır. Bəs, oyunlar başa çatandan sonra hansı bəhanəni gətirəcəklər?

XS
SM
MD
LG