Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:27

Avropa Oyunlarına görə yarı yolda qalan sərnişinlər


Bakıda 17 avtobusun yolu qısaldılıb, bəzi avtobuslar isə ləğv olunub.
Bakıda 17 avtobusun yolu qısaldılıb, bəzi avtobuslar isə ləğv olunub.

-

«Yarı yolda düşürəmsə, deməli, başqa avtobusa minməliyəm, əlavə 20 qəpik ödəməliyəm. Burda düşəndə, yolumuza davam etmək üçün ya 30 nömrəyə, ya da 46 nömrəyə minməliyik. İşə gecikən var, xəstə var, zülmdür, zülm...».

Yolu qısaldılmış 175 saylı avtobusun sərnişini Tamerlan Rzayevin iş yeri metronun «28 May» stansiyasının yaxınlığındadır. Bir-iki gün əvvələ qədər o, Hövsandan iş yerinə birbaşa gedirdi. İndi 175 saylı avtobusun yolu qısalıdılıb. Bu avtobusun sonuncu dayanacağı indi «Xətai» metrostansiyasıdır. 175-in sərnişinləri mənzil başına çatmaq üçün ya metrodan, ya da ikinci bir avtobusdan istifadə etməlidir. Sərnişinlər deyir ki, həm əlavə vaxt, həm də əlavə 20 qəpik itirirlər.

17 AVTOBUSUN YOLU QISALDILIB, BƏZİ AVTOBUSLAR LƏĞV OLUNUB

Nəqliyyat Nazirliyindən verilən məlumata görə, son günlər Bakıda 17 avtobusun yolu qısaldılıb, bəzi avtobuslar isə ləğv olunub. «28 May»-Əhmədli istiqamətində işləyən 46 saylı avtobus metronun «Xətai» stansiyasına buraxılmır. 32 saylı avtobusun son dayanacağı isə metronun «28 May» stansiyasının qarşısından «Xətai»yə köçürülüb.

70, 124 saylı avtobusların hərəkət istiqaməti dəyişdirilib, 14 nömrəli marşrut 24 saylı xətt avtobusu ilə əvəz olunub. 1, 20, 188, 53, 90, 83 saylı avtobuslar isə ləğv edilib. 193 saylı marşrut şəhərin mərkəzindən çıxarılıb. 70 saylı avtobusun istiqaməti dəyişdirilib. 95 və 2 saylı marşrut xəttinin hərəkət istiqaməti «Xətai» metrosuna qədər qısaldılıb.

«HƏM VAXT İTKİSİDİR, HƏM PUL İTKİSİ»

Sərnişinlər deyir ki, Nəqliyyat Nazirliyi bu addımı atmaqla, əslində, avtobusların qiymətini qaldırıb:

- «Yarı yolda düşürəmsə, deməli, əlavə 20 qəpik ödəməliyəm».

«Yolumuz uzanır, bu, həm vaxt itkisidir, həm də pul itkisi».
«Yolumuz uzanır, bu, həm vaxt itkisidir, həm də pul itkisi».

- «Əvvəl 28-ə qədər gedirdik, indi düşüb əlavə avtobusa minirik. Əlavə avtobus əlavə xərcdir».

- «Yolumuz uzanır, bu, həm vaxt itkisidir, həm də pul itkisi».

- «Hər şeylə razılaşmaq lazımdır, yəqin ki, Oyunlardan sonra hər şey qaydasına düşər».

- «90 nömrəli avtobusu ləğv eləyiblər. 90 bütün şəhəri gəzirdi, kim harada istəyirdi, düşürdü. Gör adamları nə qədər əziyyətə salırlar. İndi 83-ü 90-nın əvəzindən fırladırlar, həm də elə eləyiblər ki, 83-ə minmək üçün əlavə 20 qəpik də xərcləməlisən. Başqa bir marşrutdan istifadə etməlisən. Mən bütün günü əziyyət çəkmişəm. Həm vaxtım gedir, həm artıq pulum, həm də əsəblərim. İnsanları düşünən var ki? Deyirlər hələ olimpiada (Avropa Oyunlarını nəzərdə tutur- red.) başlayanda, hələ çox avtobus ləğv olunacaq».

SÜRÜCÜ DEYİR «QAZANCIMIZ OLMUR», DİSPETÇER DEYİR «HÖKUMƏTİ NƏZƏRƏ ALMAQ LAZIMDIR»

Yolu qısaldılan avtobuslardan birinin sürücüsü Elşən Məmmədov deyir ki, indi əvvəlki kimi qazancları da olmur:

«Bizə deyiblər «28 May»a getməyin, qurtardı. Ancaq planı divara dirəyib, plan istəyirlər. Pulumuz da yoxdur, verə bilmirik. Çıxmır, yoxdur. İşləmək olmur. Əvvəlki yolu gedəndə, heç olmasa, evimizə çörəkpulu aparırdıq. Şəxsən mən sabahdan işləməyəcəyəm».

32 saylı avtobusun dispetçeri Vidadi Əliyev deyir ki, bütün bunlar şəhərin mərkəzindəki sıxlığın qarşısını almağa görədir:

Bakıda 310 marşrut avtobusu olub. İndi onların sayı 170-dir.
Bakıda 310 marşrut avtobusu olub. İndi onların sayı 170-dir.

«Bunlar Avropa Oyunlarına görədir. Şəhər basabasdır, sıxlığın qarşısı alınmalıdır. 75-in, 175-in, 2 nömrənin yolu qısaldılıb. Camaat da hökuməti nəzərə almalıdır. Hökumət də bunu bizdən ötrü edir».

310 AVTOBUS VARDI, 170 OLUB

Nəqliyyatçıların Problemlərinin Həllinə İctimai Yardım Komitəsinin rəhbəri Məzahir Rüstəmovun fikrincə, şəhərdəki böyük tıxacların qarşısını almaq üçün belə addımların atılması gözlənilən idi:

«Bu vəziyyət gündəlik dolanışıq dalınca çıxan, nəqliyyatda bağlılığı olan bütün adamlar üçün problemlər yaradacaq. Ancaq bu, qaçılmazdır, belə də olmalıdır. Bu problem şəhərdəki nəqliyyat problemini bir daha üzə çıxardır. Vəziyyət həm də bu problemin daha köklü həll edilməsi məsələsini ortaya qoyur».

Ekspert hesab edir ki, bu addımlar da tıxac problemini aradan qaldırmayacaq.

Nəqliyyat Nazirliyindən bildirdilər ki, avtobusların ləğvi, ya da yolunun qısaldılması həm Avropa Oyunları ilə bağlıdır, həm də aparılan təkmilləşdirmə işləriylə. Nazirlikdən onu da dedilər ki, bu sahədə islahatlara başlayanda, Bakıda 310 marşrut avtobusu olub. İndi onların sayı təxminən 170-dir. Avtobusların ləğv edilməsi və istiqamətinin qısaldılma prosesi isə davam edəcək.

XS
SM
MD
LG