Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:45

«Şəklini çəkib facebook-a qoya bilir, amma narkotiki çıxarıb ata bilmir?»


Elvin Abdullazadə
Elvin Abdullazadə

-

«Məhkəmə o zaman ədalətli olardı ki, Elvin Abdullazadə haqqında bəraət hökmü verərdi. O, bəraət almalıdır. Amma Azərbaycan məhkəmələrində bəraət hökmü çox nadir hallarda olur».

Bunu AXCP üzvü Elvin Abdullazadənin məhkəməsində vəkili Əli Mehtiyev deyib.

Mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim vəkilə müdafiə çıxışı etməyi təklif edib.

Vəkil isə məhkəmə istintaqının təzələnməsi tələbi ilə vəsatət qaldırıb. Bildirib ki, məhkəmə istintaqı tələm-tələsik yekunlaşdırıb, bir çox hallar araşdırılmamış qalıb:

«Hesab edirəm ki, dövlət ittihamçısı öz çıxışında ittihamla bağlı ortaya sübut qoymalı idi ki, mən də indi ona qarşı iddia irəli sürüm. Amma ittiham nitqi də tələm-tələsik oldu, heç bir sübuta əsaslanmadı. İttihamçı tərəf çıxışına görə qanun qarşısında məsuliyyət daşımır, amma məhkəmə öz hökmünü əsaslandırmalıdır, qanuni və ədalətli qərar verməlidir».

«NECƏ OLUR Kİ, FOTO ÇƏKƏ BİLİR, AMMA NARKOTİK MADDƏNİ KƏNARLAŞDIRA BİLMİR?»

Əli Mehtiyevin dediyinə görə, məhkəmədə şahidlərin dindirilməsi zamanı da bəlli olub ki, Elvin Abdullazadə saxlandıqdan 8 saat sonra üzərinə baxış keçirilib:

«Amma ittihamçı çıxışında heç buna da münasibət bildirmədi. Anormal vəziyyətdir ki, şahidlərin iddia etdiyi kimi, Elvinin əli qandallı olmasın və 8 saat ərzində bu insan cibində narkotik maddə varsa, onu vaxt tapıb harasa kənarlaşdırmasın. Hətta nəzərə alsaq ki, bu müddət ərzində o, ayaqyoluna da gedib. Yəni necə ola bilir ki, bu insan şəklini çəkib «facebook»a qoya bilir, amma narkotik maddəni kənarlaşdıra bilmir».

MƏHKƏMƏNİ ALDADAN ŞAHİD

Əli Mehtiyev ziddiyyətli məqamların aydınlaşdırılması üçün tədqiqatçının məhkəməyə dəvət olunması ilə bağlı vəsatətinin qəbul olunmamasını da məhkəmə istintaqının çatışmazlığı kimi dəyərləndirib. Bildirib ki, tədqiqatçı bir çox ziddiyyətli məqamlara aydınlıq gətirə bilərdi. Bundan başqa vəkil hal şahidi olmuş Dərgah Quliyevin 2008-ci ildən bu yana, xüsusən də bu cür mübahisəli işlərdə bir neçə dəfə şahidlik etdiyini bir daha vurğulayıb. İddia edib ki, o, «ilk dəfədir şahidlik edirəm» deməklə məhkəməni aldadıb.

Əli Mehtiyev «facebook» istifadəçisi Türkel Əlisoyun prosesdə şahid kimi dindirilməsi zərurətini də bir daha qeyd edib. Və bütün bunlardan çıxış edərək tələb edib ki, məhkəmə istintaqın təzələnməsi barədə qərar çıxarsın.

Hakim Fikrət Qəribov müdafiə tərəfinin vəsatətini təmin etməyib, bildirib ki, məhkəmə artıq müdafiə çıxışları mərhələsindədir.

Vəkil Əli Mehtiyev müdafiə çıxışı üçün vaxt istədiyindən növbəti proses mayın 29-na təyin olunub.

«TEATRDIR, GƏLİB, BAXIB GEDİRİK»

Prosesdən sonra AzadlıqRadiosuna açıqlamasında Elvin Abdullazadənin anası Zülfiyyə Abdullayeva da bildirib ki, məhkəmə istintaqının yenidən keçirilməsinin tərəfdarıdır:

«Hakimlər heç vəkilə qulaq asmırlar. Bir gəncin taleyi həll olunur, amma onlar buna heç əhəmiyyət də vermirlər. Ötən proseslərdə vəsatətlərin heç biri təmin olunmayıb. Teatrdır, gəlib baxıb, gedirik. Nə verəcəklərsə, versinlər artıq, bu qədər camaat da gəl-get etməsin. Nə deyim başqa, sözün bitdiyi məqamdır. Amma Elvin mərddir, arxasında valideynləri də mərddir».

Elvin Abdullazadə narkotik maddə saxlamaqda ittiham olunur. Ailəsi və üzvü olduğu partiya onun həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

XS
SM
MD
LG