Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:50

Hikmət Hacıyev – XİN rəsmisi, yoxsa sadəcə Azərbaycan vətəndaşı?


-
«Rahat həyat və Avropa ölkələrində sığınacaq almaq məqsədilə belə əməllərə əl atan Arif Məmmədov kimisinin adımızdan danışmağa heç bir haqqı yoxdur».

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev iyunun 7-də öz facebook səhifəsində Arif Məmmədov qalmaqalı ilə bağlı status paylaşıb.

O, həmin statusu XİN rəsmisi kimi yox, Azərbaycan vətəndaşı adından yazıb. Statusda Arif Məmmədovun fikirlərini pisləyir və onu Azərbaycana qarşı əks-təbliğat kampaniyası aparmaqda suçlayır:

«Bir neçə ildir Azərbaycan XİN sistemində deyil, İslam Əməkdaşlıq Təşkilatında işləyən bu şəxsin əməllərini, eləcə də sosial şəbəkələrdə ölkəmizin ictimai-siyasi və mədəniyyət xadimləri, Azərbaycan xalqı və ölkəmiz haqqında yazdığı fikirlərini qəti şəkildə pisləyir və qınayıram. Öz xalqına qarşı təhqir qəbuledilməzdir. Arif Məmmədov Avropadakı havadarları ilə əlbir olaraq Avropa oyunları ilə əlaqədar ölkəmizə qarşı aparılan əks-təbliğat kampaniyasının bariz nümunəsidir».

QALMAQAL YARADAN HƏMİN STATUS...

Söhbət İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı səfiri Arif Məmmədovun mayın 19-da Bakıda yanan bina ilə bağlı öz facebook səhifəsində tənqidi status yazması və ondan sonra yaranan qalmaqaldan gedir. Yazıb, sonradan sildiyi bildirilən həmin statusda A.Məmmədov Bakıdakı yanğında həlak olanlara rəhmət diləyib, bu faciənin hər bir azərbaycanlının kədəri, faciəsi sayıb:

«Allah xalqımıza səbri qalıbsa, səbir versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbirli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar».

Yazdığı statusa görə nəinki Arif Məmmədov tənqid və qınaqlarla üzləşib, həm də onun «facebook»dakı statuslarını «bəyənən» başqa diplomatların işdən çıxarıldığı deyilir. Hələlik bu məlumatlar təsdiqini tapmayıb. Amma mətbuatın yazdığına görə, həmin statusu «bəyənənlərdən» birinin də Hikmət Hacıyevdir.

STATUSU «LİKE» EDƏNLƏR DƏ İŞDƏN ÇIXARILIB?

Arif Məmmədov özü də iyunun 7-də öz facebook səhifəsində onun statuslarını «bəyənən» həmkarlarının təzyiqlərlə üzlədiyini, diplomatları alçaldıcı bəyanatlar yazmağa məcbur edildiklərini, hətta işdən çıxarıldıqlarını yazıb.

Diqqət çəkən məqam odur ki, Hikmət Hacıyev öz «facebook»dakı statusu XİN rəsmisi kimi deyil, Azərbaycan vətəndaşı kimi paylaşıb. Amma statusunda işdən çıxarılıb, çıxarılmamasını açıq şəkildə qeyd etməyib. AzadlıqRadiosu bu barədə məlumat almaq məqsədilə Hİkmət Hacıyevlə əlaqə saxlamağa cəhd edib. O telefonu açmayıb, göndərilən mesajı hələki cavablamayıb. Amma yazdığı son statusunda «like» məsələsinə toxunub:

«Texniki parametrlər baxımdan «facebook»da hər hansı statusun «like» edilməsi bu fikrin bilavasitə qəbul və ya təsdiq edilməsi mənasını daşımasa da, daha çox «gördüm, oxudum və ya tanış oldum» deməkdir. A.Məmmədovun Bakıdakı yanğınla bağlı yazdığı statusunun «like» edilməsi ilə bağlı yaranmış anlaşılmazlığa görə üzrxahlığımı bildirirəm. Bu məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinin rəhbərliyi lazımı ölçü götürmüş və tədbirlər görmüşdür».

Sonda Hİkmət Hacıyev keçmiş prezident Heydər Əliyevin irsinə sadiq qaldığını, pazırki prezident İlham Əliyevin hər bir əmrinə müntəzir olduğunu yazır.

AzadlıqRadiosu mövzunu diqqətdə saxlayır.

XS
SM
MD
LG