Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:31

Sehrli realizmdən sonra Çirkli realizm


Bogota şəhərində qraffiti
Bogota şəhərində qraffiti

-

Adnan Özer

Markesdən sonra Latın Amerikası ədəbiyyatı

Əvvəli burada

(İkinci hissə)

1990-CI İLLƏRİN KOLUMBİYA MÜHİTİ

McOndo’nun şüarlarından birinin “canlı, yaşayan şəhərlərdə indi baş verənlərin ədəbiyyata gətirilməsi” olduğunu artıq dedik.

1990-cı illərdə Kolumbiyada da yazarlar belə düşünürdülər, postmodern yazarlar şəhərlərin canlı orqanizm olduğunu və onları yazmaq gərək olduğunu deyirdilər.

McOndo qrupu yazarlarıyla Kolumbiya yazarları arasında daha bir ortaq nöqtə var, o da dialoqdan çox istifadə etmələri.

Bu dövrün yazarları çoxlu dialoqa yer verirdilər öz əsərlərində və bu dialoqlarda şəhər aləminin içərisindən kitsch səslər danışırdı.

Artıq “cinayət” romanları yazan Fernando Vallejo-dan söhbət açmaq zamanı gəlib. Valllejo bir-birinin ardınca qələmə aldığı romanlarında nəqliyyatı, sui-qəsdləri, 1980-ci illərin gənclik cinayətləri kimi mövzuları işləməklə yanaşı, təlim-tərbiyə tonuna girmədən, didaktikasız və alleqoriyasız sosial məsələləri analiz edirdi.

Vallejo’nun əsərlərində çoxlu markalar vardı: Jeans, Paco Ravanne, Kelvin Klein, Honda motor, Mazda jeep, cib telefonları…

1986-cı ildə faciəvi bir hadisə olmuşdu. Kolumbiyanın paytaxtı Bogotada Campo Elias adlı, Vyetnam sindromundan əziyyət çəkən bir keçmiş əsgər anasını yandıraraq evdən çıxmış, qarşısına çıxan bir italyan restoranına girib orada düz 30 adamı güllələmişdi.

Bu hadisə ölkədə böyük dəhşət oyatdı. Yazıçılar “şəhər və cinayət” mövzusuna geri döndülər.

Özü də Bogotalı olan yazıçı Mario Mendoza-nın vəziyyəti daha qəribə idi. O, qatili şəxsən taıyırdı. Mendoza-nın “Satanas” adlı romanının yazı masasından kənar hekayəsi belə idi.

Mario Mendoza həmin vaxt Aristofones Moya adlı bir xarakter - polis şefi yaradır. Onu Walter Benjamin-in sərkərdan qəhrəmanı (“flâneur”) kimi dayanmadan şəhərin küçələrində gəzdirir.

Mendoza yaratdığı xarakterin damağından çıxış etməklə qastronomiya elmindən hissələr verir.

Santiago Gamboa-nın alter egosu olan Esteban Hinestroza, Bogota şəhərinin dilindən oxucunu bezdirəcək dərəcədə elə hey danışır.

Mendoza’nın qastronomiya marağına cavab olaraq, Gamboa kafelərdən yazır. Qəhrəmanı (özü) kafedən kafeyə gəzib dolaşır.

Gamboa-nın “Esteban adlı bir gəncin xoşbəxt həyatı” (“Vida feliz de un joven llamado Esteban”) adlı romanı çağdaş bir kafe romanıdır.

Jorge Franco isə Medellin şəhərində cəfəng bir gəzintiyə çıxır. Jules Verne kimi başlayan gəzintilər Luis Buñuel-vari hadisələrlə bitir. Onun qəhrəmanları uşaqlıqdan yeni qurtulmuş macəraçı tiplərdir.

Çirkli realizm

Çirkli realizm (realismo sucio) Latın Amerikasında bir axından çox geniş bir meyldir, ölkələrə, yazıçılara, şəhərlərə yayılıb.

Bu baxımdan onu qəti şəkildə təyin etmək çətindir. Çətinlik həm də onun bir ticari etiket şəklinə düşməsilə bağlıdır. Gənc yazar nəsillərini təhlil edən tənqidçilər işlərini asanlaşdırmaq üçün çox vaxt bu etiketi hamıya yapışdırırlar.

Çirkli realizm ümumən Amerika hadisəsidir. Şimali Amerika və Latın Amerikasının kasıb bölgələrində daha çox, hara zənginləşirsə, orada daha az.

Bill Buford "Granta" jurnalının “Çirkli realizm” (“Dirty Realism”) adlı xüsusi buraxılışında çirkli realizmin qurğu xüsusiyyəti haqda belə deyir: “Məhəlli xırdalıqlar yerli yerində, dildə, mimikada və jestlərdə ən xırda əzib-bükmələr...”

Kubalı Pedro Juan Gutiérrez-in “Köpək can” (“Carne de perro”) romanına baxsaq, daim Havana və Guanabo arasında səyahət etmək kimi çox da ciddi işi olmayan bir yazıçının ruh çağırma seanslarına maraq göstərməsilə qarşılaşarıq.

Bu, bir növ dəyişməyən həyatında bezmiş bir qəhrəmanın stoisist fikirlərə aludə olmasıdır.

Gutiérrez (romanda) müşahidəçi bir yazar deyil, hətta sanki heç yazar deyil; o özünü dolanışıq dərdilə bağlı düşüncələrdən və səfalət duyğusundan uzaq tutmağa çalışan bir insandır. Bu, Guitérrez-in dönüş nöqtəsidir.

1950-ci ildə Matanzasda doğulmuş Pedro Juan Gutiérrez haqqında Latın Amerikası çirkli realizminin ilk və ən vacibi yazarı deyilə bilər.

Guitérrez-in ardınca Meksikadan Guillermo Fadanelli, Perudan Mario Bellatin, Jaime Bayly və Javier Arévalo, Kostarika-dan Carlos Cortés gəlir.

1967-ci ildə doğulmuş Kolumbiyalı Efraim Medina Reyes, xüsusə “Batman və Robin arasında masturbasiya texnikaları” (“Técnicas de masturbación entre Batman y Robin) adlı romanıyla çirkli realizmin məşhurları arasına ən son qatılan imzadır.

Araşdırmalar əsnasında daha əvvəl başqa axınlar arasında gözə dəyən bir çox imzaların da çirkli realizmin yazıçı siyahılarında yer aldığını görmək olar.

Rodrigo Fresán, Alberto Fuguet, Mario Mendoza, Jorge Franco bəzi romanları və tərzləriylə bütün dövrə güclü təsir etdilər.

Çirkli realizm ortaya yenicə çıxmamışdı. Əvvəllər Argentinalı Roberto Arlt və Braziliyalı Manuel Puig-in tərzlərini ifadə etmək üçün istifadə edilirdi bu anlayışdan.

(Bir az da geri qayıtsaq, Şimalı Amerika çirkli realizmi vardı. Bunun ilk böyük ustası John Fante-dir. Onun ardınca John Cheever, daha sonra Salinger gəlir.

Raymond Carver, Charles Bukowski və Tobias Wolff 1970-ci illərin əsas imzalarıdır. Richard Ford və Chuck Palahniuk isə 1980-ci illərdən günümüzə qədər təsirli olanlardır.)

Arlt və Puig’in tərzlərində realizmin çirkli tərəfi əskik olmazdı. Bu yeni dalğa isə lap çirkli realizm yapdı. Oxucuların divar yazılarında, İnternet ortamında işlətdikləri “puta realidad” (qəhbə realizm) şüarı heç də təsadüfi deyil.

Arlt və Carver-in instinktiv olaraq, öz təhkiyələrinə yedirdikləri “üzrxahlıq” da yoxdur bu axının yazarlarında.

Onlar kütlə psixologiyasını sınağa çəkərək, limitlərini yoxlayaraq ədəbiyyatda realizmə (bütün çirkli tərəfilə birgə) daha çox yer açdılar.

Manuel Puig “Hörümçək qadının öpüşü” adlı romanıyla eyni işi sosial –siyasi mənada etmişdi.

Çirkli realizmin ədəbi ölçülər baxımından qəbul edilə bilən olması yeni təhkiyə texnikaları ortaya çıxarmasından irəli gəlir.

Fikir və meylləri:

a. Əvvəl anqlo-sakson kültüründən danışanda bütünlüklə danışılırdı. Bu axının yazarları isə sırf Şimali Amerikanın güncəl ədəbiyyatıyla maraqlanırdılar.

b. Modern amerikan kültürünün üç siması olan Charles Bukowski, Bret Easton Ellis və Quentin Tarantino-dan çox təsirlənmişdilər.

Bukowski-nin “Amerikan röyası”-nın dalınca düşərək məhv olmuş səfilləri, Tarantinonun hədsiz şübhəcilliyi və qan səhnələri, Ellis’in narkotik və seks bataqlığında itib-batan gəncləri - oların marağını çəkirdi.

c. Hər zamankından daha çox küçə gəlmişdi ədəbiyyata.

d. Pop, rock, qrafik roman kültürünün çoxalması.

e. Həmişəkindən daha çox film.

f. Gey, trans mövzuları çoxalmışdı.

g. Latın Amerika detektivinə yeni baxışla baxırdılar.

Bu gün və son söz

Latın Amerika ədəbiyyatının Bumdan sonrakı dövrdən danışmağı qarşımıza məqsəd qoymuşduq.

Carlos Fuentes bumdan sonrakı nəslə “bumeranq nəsli” demişdi. Bu nəsil hər nə qədər Novisimo adlansa da, Fuentes-in ironik olarak ortaya qoyduğu görüş (istək də deyilə bilər) bəlli bir ölçüdə özünü doğruldub.

Novisimo içindəki yazarlar geniş bir ox çəkərək (Faulkner, Virginia Woolf, James Joyce kimi yazarların arxaik formasına dönməklə) təkrar Márquez-in sehrli realizminə, Cortázar-ın oyunlarına, Llosa-nın saat kimi işləyən mexanizminə və Fuentes-ın Balzak şərhiylə yaratdığı tarixi təhkiyə tərzinə döndülər.

McOndo və Crack keçmişdən qopmaq istəsə də, şəhər təhkiyəsi və çirkli realizm, onlarla birlikdə gələn yeni detektiv, siyasi detektiv dalğalarına təslim oldular.

Llosa-nın 1963-cü ildə yayımlanan “Şəhər və itlər” (“La ciudad y los perros”) adlı romanının tarixi kəskinliyi, gerçəkliyi, dialoqçuluğu da həmişə qarşılarında oldu.

1980 – 2000-ci illərin iqtisadi, sosial, siyasi dəyişikliklər də nəzərə alınsa, bu dövrün mühitinə xaotik mühit deyilə bilər.

Çilili Roberto Bolaño bu mühitdə çıxan bir ədəbiyyat ulduzudur.

2000-ci illərin başında Argentina mühitində iki qrup diqqəti çəkir: Babelicos (bir adı da Şanghay) və Planetarios.

Babelicos müstəqil aylıq kitablar dərgisi yaradır və qrupun romanları bu şəkildə yayılır. Aylıq ədəbiyyat dərgisi olan "Planetario" daxilində qrafik romanla maraqlanan ayrıca bir qrup meydana gəlir.

Bu günsə Latın Amerikasına bir "YouTube" nəsli gəlib. Neoliberal dövr keçmişdə qalıb. Sosial-siyasi mövzulara maraq artmaqdadır.

“Afterpop” adlı bir ədəbi qrup formalaşır. Onlar sosial-siyasi mövzulara meyl edirlər. Onun axına çevrilib-çevrilməyəcəyini zaman göstərəcək.

XS
SM
MD
LG