Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:58

90-cı illərin iqtisadiyyatına qayıdış?


Bakı, 1998-ci il
Bakı, 1998-ci il

...Uzun çörək növbələrinin sonunda alınan aşağı növ qara çörək, aylarla gecikən maaşdan sonra evə gətirilən bir torba dəyərdən düşmüş manat.. İşsizlik, Rusiyaya üz tutan kişilər, ailə başçısız qalan evlər..

O qədər də gənc olmayan oxucuya aydındır ki, söhbət 90-cı illərin əvvəlində, “Əsrin müqaviləsi” neft razılaşmasından əvvəlki çətin sosial-iqtisadi durumdan gedir.

38 yaşlı Göyçay sakini Yeganə Hüseynova son qiymət bahalaşması, neftin ucuzlaşması fonunda həmin dövrün ab-havasının qayıtmasından narahatdır: “Bizim uşaqlığımız, gəncliyimiz çətin keçdi. Uşaqlarımız üçün bunu istəməzdim”.

HƏMİN DÖVRƏ QAYITMAQ ÇƏTİNDİR

İqtisadçı, müxalif ReAl hərəkatının icra katibi Natiq Cəfərli deyir ki, Azərbaycanın yaxın illərdə həmin dövr rəqəmlərinə qayıtmasını gözləmir: “O vaxt Azərbaycanın dövlət büdcəsi təqribən 300 milyon dollar idi, indi 20 milyard civarındadır. Bundan başqa həmin dövrdə neftin bir barreli 18 dollar idi. Azərbaycanın gəlirləri çox aşağı idi, “Əsrin müqaviləsi” imzalanmamışdı. İndi ÜDM dəfələrlə artıb”.

ƏMƏK HAQLARINI NƏ VAXTA QƏDƏR PROBLEMSİZ ÖDƏYƏCƏKLƏR?

İqtisadçılar hesab edir ki, hakimiyyət ilin sonuna qədər, ən azı qarşıdakı parlament seçkilərinə qədər sosial gərginliyi artırmamaq üçün əmək haqlarını verməkdə davam edəcək.

Natiq Cəfərlinin fikrincə,əgər neftin qiyməti indiki kimi 40 dollar civarında qalarsa,2016-cı ilin ortalarından etibarən hökumətin əmək haqlarını ödəmək problemi yaranacaq: “Düzdür, Neft Fondunda 34 milyard dollar vəsait var və büdcəni 2016-cı ildə də dövlət büdcəsini dəstəkləyə biləcək. Amma bu, artıq son həddir, 2016-cı ildən sonra dəstəkləyə bilməyəcək”.

2016-CI İLDƏ İŞ PROBLEMİ

İlham Əliyevin prezidentliyi dövründə dövlət başçısının önə çəkdiyi uğuru yeni iş yerlərinin yaradılması olub. Müstəqil müşahidəçilər hesab edir ki, bu gedişlə büdcədə maliyyələşdiyi üçün tikinti layihələri tədriclə dayanacaq. Təqribi hesablamalara görə, bu sektorda 170 min nəfərə yaxın adam çalışır.

Başqa bir gözlənti isə büdcə təşkilatlarında 950 minə yaxın iş yerinin ixtisarıdır. Bu iş yerlərinin bir hissəsi neft bumu dövründə yaradılıb və bir çox müşahidəçilərə görə, şişirtmədir. Bu ilin əvvəlində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş, 800 –yaxın adam işsiz qalmışdı: “2016-cı ildə əsas problem iş yeri olacaq”, deyə Natiq Cəfərli bildirir.

İqtisadçı hesab edir ki, hökumət tədbirlər görməzsə və neftin qiyməti indiki həddə qalarsa, əhalinin sosial durumu 90-cı illərin səviyyəsini xatırladacaq duruma düşə bilər.

İLHAM ƏLİYEV NİKBİNDİR

Prezident İlham Əliyev nikbin olsa da, o da neftin ucuzlaşmasının iqtisadiyyata təsir edəcəyini istisna etmir. Dövlət başçısı bu haqda deyib: “Bu, bizim gəlirlərimizə mənfi təsir göstərir, az pul qazanırıq, amma bununla bərabər, iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan potensial imkan verir ki, Azərbaycan vətəndaşı bunu hiss etməsin”.

Azərbaycan iqtisadiyyatının 60 faizə qədəri neft gəlirlərindən birbaşa asılıdır, dövlət büdcədə bir barreli 90 dollara göstərilən neft indi 40 dollar civarındadır. Bu həftə ərzağın qiyməti 10-12 faiz artıb, son 6 ayın rəqəmlərinə görə, ölkənin makroiqtisadi göstəriciləri pisləşməyə başlayıb.

XS
SM
MD
LG