Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:30

Taxıl sahələrini su altında qoyublar


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

«Hər il 1 hektar əkin sahəmdən azı 40 sentner taxıl götürürdüm. Ancaq kənddəki gölü balıq vətəgəsinə çevirdilər, sahələrimizi qrunt suları basdı. Bu il heç 20 sentner də məhsulum olmadı».

Bunu Saatlının Azadkənd kəndinin sakini Babək Hüseynov deyir. O, borc-xərc və min əziyyətlə əkdiyi taxılın zay olmasında kənddəki gölü balıq vətəgəsinə çevirəndə görür.

Kəndin başqa sakini Elşad Cabbarov da bu il sahədən məhsul toplaya bilməyib:

«Kimsə özünə balıq biznesi qurub deyə, bizim sahələrimiz qrunt sularının altında qalıb. Torpaqlarımız tamamilə yararsız hala düşüb, məhsullarımız zay olub. Səbəb də budur ki, kəndin qrunt və çıxar sularının axdığı gölü balıq vətəgəsinə çeviriblər, torpaq sahələrimiz də su altında qalıb».

BİR YANDAN KREDİTLƏR, BİR YANDAN AZUQƏSİZ

Kəndlilər deyir, taxıl əkmək onlara banklardan götürdükləri kreditlər hesabına başa gəlib. Kiminsə məsuliyyətsizliyindən məhsul götürə bilməyiblər. Kəndlilər nə edəcəklərini bilmirlər.

Kənd sakini Cəlal Quliyev: «Kənddə torpaq sahəsi olan, əkin-biçinlə məşğul olan elə adam tapmazsınız ki, borcun-xərcin içində olmasın. Hamı da hesabını götürüb ki, bu sahəni əkib-biçib məhsulunu satıb borcunu ödəyəcək. Və günlərin bir günü biri gəlib buna əngəl qoyur, sahən qalır çirkab sularının altında, məhsulun zay olur, yaxan borcverənlərin əlində qalır. Bu azmış kimi, özün də qışı azuqəsiz keçirirsən. Budur kənd təsərrüfatına dəstək?».

Kəndlilər deyirlər ki, vətəgənin sahibi, Bəhram adlı şəxs gölə bənd çəkdirib. Bundan sonra gölə axmalı olan sular istiqamətini onların əkin sahələrinə çevirib.

Cəlal Quliyev: «Əsasən mart, aprel aylarında qrunt suları qalxır, toxum səpdiyimiz sahələr qalır suların altında, vəssalam. Hər şey zay olandan sonra, istilər düşdükcə o sular yerin dibinə çəkilir. Payız, yaz aylarında yenə qalxır. O bəndin dağıdılması üçün dəfələrlə icra hakimiyyətinin başçısına müraciət olunub».

VƏD VERİLİB, AMMA...

Kənd sakinləri deyirlər, vətəgənin onlara yaratdığı problemin aradan qaldırılması üçün bir neçə dəfə rayon icra hakimiyyətində olublar. İcra hakimiyyətinin başçısı onlara yaxın günlərdə problemin həll olunacağını deyib. Lakin problem hələ də həllini tapmayıb. Bənd də yerindədir, vətəgə də… Ötən mövsümdə məhsulu zay olan kəndlilərsə yenə zərərə düşərlər deyə, növbəti toxumsəpmə mövsümündə işə əl qatmağa ehtiyat edirlər.

Saatlı rayon İcra Hakimiyyətindən bildiriblər ki, bir neçə gün əvvəl başçının birinci müavini kəndliləri qəbul edib. Onların şikayətini dinlədikdən sonra problemin qarşısının alınması üçün müvafiq tapşırıqlar verib.

Kənd sakini Cəlal Quliyev deyir ki, başçının birinci müavini onlara ümid dolu vədlər edib:

«Düzdür, başçının birinci müavini bizə söz verdi ki, balıq vətəgəsi kimi istifadə edilən hövzəyə dair sərəncam ləğv ediləcək və hövzə əvvəlki vəziyyətə gətiriləcək. Ancaq iki həftə keçib, hələ ki, bir yenilik görmürük. Tələb edirik ki, bəndləri dağıdıb torpaqlarımızı sulardan xilas etsinlər. Məhsulumuza, ruzimizə qənim kəsilməsinlər».

Saatlının Azadkənd kəndinin sakinləri əsasən heyvandarlıq və əkinçiliklə məşğul olurlar. Əkib-becərdikləri məhsulu əksər hallarda paytaxta gətirib buradakı kolxoz bazarlarında satmaqla dolanırlar.

XS
SM
MD
LG