Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:04

Xaricə 100 dollarlıq mal satana, azı, 3 dollar da dövlət verəcək


İllüstrasiya
İllüstrasiya

►İxracatçılara pul ödənəcək, amma gömrüyün əliəyri işçilərinə də “qazanc” yolu açılır

Prezident İlham Əliyev “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Sənəd 2020-ci ilin sonunadək dövrdə dövlətin neftdənkənar məhsul ixrac edənləri maddi həvəsləndirməsini nəzərdə tutur. İxracatçılar dövlət büdcəsindən əlavə pul alacaqlar.

“İxrac təşviqi”

Bu ödəmə “ixrac təşviqi” adlanır və məhsulların növündən, istehsal prosesində istifadə olunan yerli komponent və ölkə ərazisində yaradılan qeyri-neft məhsulu dəyərinin xüsusi çəkisinə görə dəyişəcək. Onun miqdarı da bilinir: ödəmə, ən azı, malın gömrük bəyannaməsində göstərilən dəyərinin 3 faizi qədər olacaq.

Nazirlər Kabineti ixrac təşviqinin ödənmə qaydasını və onun şamil olunduğu malların siyahısını, malın növünə görə ixrac təşviqinə tətbiq ediləcək əmsalları bir ay içində təsdiqləməlidir.

“Azərbaycan kimi ölkələrdə...”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov indiki iqtisadi durumda ixracatçıların maddi həvəsləndirilməsini müsbət qiymətləndirir. O, AzadlıqRadiosuna deyib ki, fərqli tərzdə olsa da, bir çox ölkədə ixracata dövlət dəstəyi verilir:

“Azərbaycanda qeyri-neft məhsullarının məhdud ixracatı onun ölkə xaricində rəqabət qabiliyyətinin aşağı, maya dəyərininsə yüksək olması ilə bağlıdır. İxracatçılara müəyyən subsidiyaların verilməsi bu məsələdə həlledici amillərdn biri ola bilər”.

Ekspert belə güzəştlərin müsbət və mümkün mənfi nəticələrindən də söz açır. Onun fikrincə, bu, yaxın illərdə ixracatın xeyli artmasına, kiçik və orta sahibkarlığın inkişafına və kənd təsərrüfatında məşğulluğun yüksəlməsinə gətirib çıxaracaq:

“Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan kimi ölkələrdə güzəştlərin müəyyənləşdirilməsi məmur-sahibkar münasibətlərində subyektivliyə və korrupsiya risklərinə yol açır”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Asan qazanc götürmək imkanı varsa...”

R. Həsənov, buna misal olaraq Türkiyədə qeydə alınmış faktlara diqqət çəkib. Orada gömrük əməkdaşları ilə cinayət əlaqəsinə girən “ixracatçılar” boş yük maşınlarını sərhəddən o taya keçirir, əvəzində dövlətdən aldığı milyonlarla pulu mənimsəyirdilər.

Ekspert başqa bir məqama – Azərbaycanda şikayətlərin ünvana vaxtında çatmamasına da toxunur:

“Mal ixracatından asan qazanc götürmək imkanı varsa, “arxasız” sahibkarlara süni əngəllər yaradıla bilər. Nəticədə, gömrük orqanının qanunsuz hərəkətindən şikayətə baxılınca, iş işdən keçər”.

Ötən il, elektrik enerjisi də daxil, 1 milyard 605 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Devalvasiya “ixracatı stimullaşdıracaq” olay kimi təqdim edilsə də, neftdənkənar mallların ölkədən kənara satışı artmaq əvəzinə, 149 milyon dollar azalıb.

Buna da bax...

"Bakı manevr edir"
Gözlə
Embed

No media source currently available

0:00 0:11:41 0:00

XS
SM
MD
LG