Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:03

Ekspert: «Rüfət Aslanlı dediklərimi təsdiqlədi»


Rüfət Aslanlı
Rüfət Aslanlı

-

Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı ANS-ə müsahibəsində banka borcu olanların ödəmə problemlərindən söz açıb. R.Aslanlı borcun gəlirlərə uyğunluğuna diqqət çəkib: «Artıq bəllidir ki, 55 manat insanın yaşamasına yetərli deyil və pensiyası borca görə tutulan şəxsin həyatı kollaps səviyyəsinə gəlib çata bilər». Daha sonra borc yükünün gəlirlərə nisbətinin daha gerçəyəuyğun müəyyənləşdirilməsinə gərək duyulduğunu vurğulayan R.Aslanlı belə deyib:

«İnsanın borcları müqabilində ödədiyi haqların onun aylıq gəlirlərinə nisbəti təxminən 50 faizin altında olmalıdır... Bu haqlar ödənildikdən sonra borc alanın sərəncamında qalan vəsait onun minimal aylıq yaşayışını təmin etməlidir».

Aylar öncə bu məsələyə bank məsələləri eksperti Əkrəm Həsənov da ayrıca diqqət çəkmiş və bildirmişdi ki, borclunun və himayəsində olan şəxslərin qanunla müəyyən edilən yaşayış minimumu toxunulmazdır:

«BUNU MƏN DEMİRƏM, QANUN DEYİR»

«Buna görə də yaşayış minimumundan aşağı rəsmi gəlirləri olan şəxslər borclarını ödəməyə bilər! Yaşayış minimumundan yuxarı rəsmi gəliri olan şəxslərsə yalnız həmin fərq həddində borc ödəməlidir! Və buna görə heç kəs borcluya heç nə edə bilməz. Çünki məhkəmə və icraçılar borclu vətəndaşdan bankın xeyrinə yalnız yaşayış minimumundan yüksək gəliri tuta bilər. Bunu mən demirəm, qanun deyir».

Bu il yaşayış minimumu artırılıb. İndi ölkədə minimum yaşayışa 136 manat gərəkdir. Əmək qabiliyyətli əhaliyə - 146 manat, pensiyaçılara - 115 manat, uşaqlara - 117 manat məbləğində yaşayış minimumu müəyyənləşdirilib.

Əkrəm Həsənov
Əkrəm Həsənov

ƏMƏKHAQQININ YARISI HANSI HALDA TUTULA BİLƏR?

R.Aslanlının açıqlamasında «borc müqabilində ödədiyi haqların onun aylıq gəlirlərinə nisbəti təxminən 50 faizin altında olmalıdır» fikri diqqət çəkir və «İcra haqqında» qanunun 65-ci maddəsini yada salır. Həmin maddəyə əsasən, borclunun əməkhaqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizi aşa bilməz. Sual doğur: Bu tələbin yaşayış minimumuna da dəxli varmı?

Həmin sualı cavablayan Ə.Həsənov belə deyir: «Yaşayış minimumu haqqında» qanunun 2-ci maddəsinə əsasən, yaşayış minimumundan «fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında» istifadə olunur.Qanunvericilikdə «icbari ödəniş»in tərifi yoxdur. Deməli, vətəndaşdan məhkəmə və ya icraçının qərarı əsasında məcburi tutulan hər hansı məbləğ icbari ödənişdir. Əks mövqe varsa, hüquqi akta istinadən əsaslandırılmalıdır. İcbari ödənişi yalnız dövlət orqanı tuta bilər. Bizim halda bu - məhkəmə və ya icraçıdır. Sözügedən qanun da əsas verir ki, vətəndaş yaşayış minimumundan həmin icbari ödənişə cəlb edilməyən həddin əsaslandırılmasında yararlansın. Bu hüquqi arqumentə əsasən, borclular haqqını tələb edə bilər. Əks tərəfin (bankların) hüquqi arqumenti yoxdur bu məsələdə».

«İNDİ PREZİDENT VƏ PARLAMENT DEYİRSƏ Kİ...»

Ekspert deyir ki, insanın aylıq zərurətini təmin edən məbləğə toxunmaq olmaz: «İnsan həmin məbləğlə təmin edilmirsə, acından ölməlidir? Yaşayış minimumu statistik göstərici deyil, qanunun tələbidir! Qanunun tələbininsə hüquqi nəticəsi olmalıdır. Əks halda, bu, qanun deyil, bəyanatdır. Milli Məclis qanun qəbul edib, prezident onu imzalayıb. İndi prezident və parlament deyirsə ki, vətəndaşa ayda, ən azı, bu qədər pul lazımdır, bankların xoşuna gəlsin deyə, biz əksinimi deyək?».

XS
SM
MD
LG