Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:22

'"Xalq yazıçısı" adını almaq, Fəxri Xiyabanda dəfn olunmaq'


Yazıçı Rövşən Yerfi.
Yazıçı Rövşən Yerfi.

"Dövrünün həqiqətlərini yazsaydı, əldə etdiklərini yavaş-yavaş itirib özünü kütlənin içində görərdi. Elə bu səbəbdən də ona nə həqiqət gərək deyildi, nə də kütlə. Ona ən son arzusu – “xalq yazıçısı” fəxri adını almaq lazım idi".

Rövşən Yerfi

Xalq yazıçısı

(süjetsiz hekayə)

Məkanın cənnət olsun, Rafiq Tağı!

Uzun illərdi yüksək dərəcəli məmur və deputat Yurdsuz Elli yeni kitabının təqdimatına hazırlaşırdı. Kitabın təqdimatı yaxınlarda açılışı olmuş, son modern üslubda tikilmiş iri ticarət mərkəzinin geniş, izdihamlı salonunda təşkil olunacaqdı. Əlbəttə, ona yaraşmazdı ki, “mən də yazıçıyam” deyən hər yerindən duran cızma-qaraçılara qoşulub yazıçılar idarəsinin kiçik, darısqal salonunda kitabını ictimaiyyətə təqdim etsin. O, doqquz milyonluq xalqın tanınmış adamı, ictimai xadimi, deputatı, yüzlərlə oxucusu olan yazıçısı idi. Bu təqdimatda onun deputat yoldaşları, siyasətçilər, alim adı alanlar, məşhur şəxslər iştirak edəcəkdi. Yeri gəlmişkən tədbirə yüksək cəmiyyət üzvlərinin gəlməsi yeni ticarət mərkəzinin daha çox tanınmasına təkan verəcəkdi.

Ən əsası isə təqdimatdan sonra ticarət mərkəzinin balaca restoranında xüsusi dəvətnamə paylanmış dəvətlilərə müəllif tərəfindən qonaqlıq veriləcəkdi.

Buna da bax: Talançılar diyarı

Çünki, o, başa düşürdü ki, təkcə kitabla təqdimat samballı alınmayacaqdı. Dəvət etdiklərinin böyük əksəriyyəti qonaqlığa görə həvəslə gələcəkdilər, ürəklə kitab alıb, onu bəh-bəhlə tərifləyəcəkdilər. Əks halda vaxtın azlığı-işin çoxluğu kimi bəhanələrlə tədbirə gəlməkdən yayınacaqdılar. O bir qədər xərcə düşsə də, havayı yemək fürsətini qaçırmaq istəməyən binəvalara ürəyində “ay qarınqulular” deyib güləcəkdi. Sonra da özlərini şəstlə ziyalı sayanların oxumağa həvəsləri olmayan kitabın nəfis cildinə baxıb “paçka-paçka” tərif demələrinə qulaq asaraq özünü zamanının “xalq yazıçısı” duyacaqdı...

Qayda-qanunla bu fəxri ad ona çoxdan düşürdü. Axı onun nəyi, hansı cəhəti çatmırdı? Yaşı altmışı ötmüşdü. Nəşr olunan kitablarının sayını unutmuşdu. Bakıdan qeyri Moskvada, İstanbulda kitabını çap etdirmişdi. Artıq “Seçilmiş əsərlər” adı ilə küllüyyatının çapına başlamışdı. Haqqında ən “bərk gedən” tənqidçilər kitablar yazmışdılar. Ötən yubileyində barəsində verilişlər və sənədli film hazırlanmış, iki pyesi tamaşaya qoyulmuş, bir romanına isə bədii film çəkilmişdi. Dəfələrlə mükafatlara layiq görülmüşdü. Qəzetlər, saytlar televiziyalar növbə ilə az qala hər ay ondan müsahibələr alırdılar. Adı dərsliklərə salınmışdı, dövrün ədəbiyyat tarixində yaradıcılığı ilə bağlı ayrıca oçerk yazılmışdı. Qısası, xalq yazıçısı olmaq üçün hər şeyi etmişdi.

O özündən əvvəlki məşhur olan, sonra öləndə unudulan yazıçıların talelərindən ciddi nəticə çıxarmışdı: xalqa, hökumətə arxayın olmamalı, həyatda ikən imkanlarından maksimum istifadə edib özün-özünü bacardığın qədər “əbədiləşdirməlisən”.

Odur ki, əlinə düşən hər vasitədən yararlanmağa çalışırdı. Ədəbi mühitdə ətrafına xeyli tərəfdar yığmışdı. Molla Pənah Vaqif demişkən xeyli “xərmöhrəni dürrə bərabər” etmişdi. Onun himayəsi sayəsində onlarla nasirlər, şairciklər və “şairə” xanımlar yazarlar birliyinə üzv olmuş, yaradıcılıq təqaüdü almışdılar.

Qohumlarından bacısı uşaqlarını, ən ümdəsi isə qızını və oğlanlarını işlə, evlə təmin etmişdi. Qızına işlədiyi institutda eimi dərəcə almışdı. Çox arzulayırdı ki, üç oğlundan biri səfir işləsin, işlədiyi ölkələrdə onun kitablarını çap etdirsin. Amma nə etsin ki, oğlanlarının heç biri səfir olmaq istəmədi, polisliyə, gömrükçülüyə üstünlük verdilər.

Hətta sağ ikən keçmiş əlyazmalarını, sənədlərini də dövlət arxivinə verib kartotekada özünə yer açdırmışdı. Adətən məşhurlar üçün bunu dünyasını dəyişəndə edirdilər. Özü var ikən niyə də etməsin? Özündən sonrakılara elə də etibarı yox idi. Kim onun xatirəsini özü qədər qiymətləndirəcəkdi? Görə-görə gəlmişdi vəzifədən çıxan kimi, ya da ölən kimi tamam unudulanları.

Buna da bax: "Cibə, evə narkotik atmaqla həbs etmək mənəvi iflasdan xəbər verir"

İstəyirdi ki, oğlanları və qızı kimi nəvələrinə də faydası dəyənədək unudulmasın. Ondan sonra unudulsa belə sərfəsinə deyildi, “qurdla qiyamətə qalmayacaqdı ki”..

Əlyazmalarını arxivə daşıyarkən xəlvəti orda işləyən qızların pıçıldaşmasını eşitmişdi:

-Xeyir ola, ölməmiş əlyazmalarını gətirib?

-Yəqin evində darısqallıqdır, evini gərəksiz kağız-kuğuzdan təmizləyir..

Qazandığı ədəbi “nailiyyətlərinə” görə paxıllığını çəkənlər də çox idi. Ən çox da yaşıdları və özündən yaşlı yazıçılar. Cavan yazarları öyrədib onların dili ilə hədyanlar yağdırırdılar. Daha ikisi mütəmadi köşə yazılarında onu kitabları qarışıq yıxıb sürüyürdülər. Əslində belə yazılar ona şöhrət gətirirdi, onu daim gündəmdə saxlayırdı. O cavan köşə yazarlarının məqsədi ədəbiyyata xidmət yox, onu söyməklə imzalarını tanıtmaq idi. Əmin idi ki, günlərin birində tanındıqdan sonra heç nə olmayıbmış kimi barışığa gələcəkdilər. Cavanlığında özünü göstərmək üçün özü də bu yoldan istifadə etmişdi.

Hələ ki yazırdılar: “Yurdsuz Elli cild-cild kitablar yazsa da kütlənin sevgisini qazana bilmədi, kütlə onun əsərlərini oxumur”.

Təzə xəbər deyildi, kütlənin onu oxumadığını bilirdi. Buna görə ürəyində kütləyə qarşı gizli nifrəti də vardı. Amma nifrətini heç vaxt hiss etdirməzdi. Dilinə gətirsəydi sevimli xalqı ondan inciyə bilərdi, düşmənlərinə tənə girəvəsi verərdi. Bəs o zaman necə xalqın yazıçısı olardı?.. “Niyə sizi hamı oxumur” sualı veriləndə, “mənim əsərlərim kütlə üçün deyil, hazırlıqlı oxucular üçündür” cavabını verərdi. Ürəyində isə “oxumurlar, cəhənnəmə oxusunlar”, - düşünərdi. Ona kütlə gərək deyildi. Məmur piramidasının yuxarı dairəsinin diqqəti ona kifayət idi.

Kütlənin onu sevməməsinin səbəbini anlayırdı: bu onların istədiyi həqiqəti yazmamasından irəli gəlirdi. İstəsə belə, əsərlərində həqiqəti geniş yaza bilməzdi, istənilən problemdə xalqın özünü günahkar sayıb mövzunun ötəri qırağından keçərdi. Ən çox xarici ölkələrdən, tarixi şəxsiyyətlərdən, ya da detektiv-filan yazardı.

Dövrünün həqiqətlərini yazsaydı, əldə etdiklərini yavaş-yavaş itirib özünü kütlənin içində görərdi. Elə bu səbəbdən də ona nə həqiqət gərək deyildi, nə də kütlə. Ona ən son arzusu – “xalq yazıçısı” fəxri adını almaq lazım idi.

“Xalq yazıçısı” adını alarsa qəbrinin Fəxri Xiyabanda olacağına doxsan faiz ümid edə bilərdi...

* * *

Yeni kitabın təqdimat tədbiri böyük qələbəliklə keçdi. Təqdimat günü onlarla qəzetlər, saytlar onun təbəssüm dolu fotosunu yayımladılar. Telekanalların axşam xəbərlərində təqdimatdan reportajlar verildi.

Ticarət mərkəzi ilə razılığa əsasən təqdimatın keçirildiyi salonun icarə haqqı əvəzinə tədbir zamanı alınan kitabların səhifələri arasına mərkəzdə satılan müxtəlif çeşidli malların güzəşt kuponları, hədiyyələr vəd edən reklam bukletləri qoyulacaqdı. Kitab alan oxucular mərkəz tərəfindən kiçik hədiyyələr, və bahalı mallara endirimlər əldə edəcəkdilər.

“Həm qiraət, həm ticarət” adlanan bu qeyri-adi tədbirdən xəbər tutan xalq ticarət mərkəzində anşlaq yaratmışdı.

Buna da bax: 'Evində yatmaq istəyirsənsə, ayda 100 gətir'

Kitab təqdimatına gələnlər aldıqları hədiyyələrdən, əldə etdikləri endirimlərdən razı qalmışdılar. Ticarət mərkəzi də kitabın bu sayaq təbliğatından xeyli razı idi.

Rəsmi hissədən sonra restoranda verilən qonaqlıq “qarınqulu ziyalılara” da ləzzət etmişdi. Deputat, ictimai xadim Yurdsuz Elli də tədbirin sonunda məmnun görünürdü, bir neçə saat ərzində yüzlərlə kitabı satılmışdı.

Demək onun kitabını alanlar hələ vardı. O, adi, sıradan bir yazıçı yox, fəxri ada layiq “xalq yazıçısı” idi...

04.2017

XS
SM
MD
LG