Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:49

Bakı Rusiyaya cavab verdi [yenilənib]


Azərbaycan Xarici işlər nazirliyində brifinq. 5 iyul 2017
Azərbaycan Xarici işlər nazirliyində brifinq. 5 iyul 2017

“Rusiyanın bu məsələdə həddən ziyadə fəallıq göstərməsini izah etmək çətindir”

“Rusiyanın Xarici işlər Nazirliyinin təkrarən erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmasi məsələsinə diplomatik etikadan kənar formada münasibət bildirməsi çox təəccüblü və başa düşülən deyil”.

Azərbaycanın Xarici İşlər Nazirliyinin Rusiya XİN-ə ünvanladığı cavab bəyanatında belə deyilir. Rusiya tərəf artıq ikinci gündür erməni əsilli rusiyalıların Azərbaycana buraxılmaması ilə bağlı bəyanat verir, Bakıdan izahat tələb edir.

Buna da bax:​ Ramiz Mehdiyev: 'Artıq proseslər dözülməz həddə çatıb'

Nazirlik hesab edir ki, Rusiya tərəfinin göstərdiyi “qeyri-dost münasibət” iki dövlət arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun deyil və bu məsələ diplomatik əlaqələrin qurulduğu 25 ildə heç vaxt gündəmə gəlməyib.

“İndiki zamanda Rusiya tərəfinin bu məsələdə həddən ziyadə fəallıq göstərməsini izah etmək çətindir”, - bəyanatda vurğulanır.

Azərbaycan Rusiya vətəndaşlarının ərazisinə girməsi üçün şərait yaradıb

XİN bildirir ki, Azərbaycan tərəf məlumatlandırma və xəbərdarlıq rejimi əsasında erməni əsilli Rusiya vətəndaşlarının ölkə ərazisinə girməsinə şərait yaradıb, hər hansı bir problem yoxdur. İndiyədək yüzlərlə erməni əsilli Rusiya və başqa ölkələrin vətəndaşlarının ön xəbərdarlıqla Azərbaycana girdiyi deyilir.

Buna da bax: Rusiya Azərbaycan və Ermənistanı sabitliyə çağırır (Video)

Bəyanatda iyulun 4-də Ermənistan silahlı qüvvələrinin iki mülki vətəndaşın öldürdüyü də yada salınır. “Xüsusən də belə bir həssas dönəmdə Rusiyanın bu məsələyə bu cür diqqət yetirməsi ciddi sualların yaranmasına səbəb olur”, - XİN bildirir.

Nazirlik ata-anasının qəbrini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Azərbaycan əsilli Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyinə Rusiyanın “biganəlik göstərməsinə” isə təəssüfləndiyini söyləyir.

* * *

Politoloq Elxan Şahinoğlu Rusiya Xarici İşlər Nazirliyinin erməni əsilli rusiyalılarla bağlı bəyanatlarının arxasında aydın mesajların yatdığını düşünür.

Buna da bax:​ R.Mirqədirov: 'Elə bil, yeni genişmiqyaslı toqquşmaya hazırlıq gedir'

“Bu ölkənin Xarici İşlər Nazirliyi Azərbaycana qarşı məlum açıqlamasını bir gün sonra da yaya bilərdi. Moskvanın bu bəyanatının erməni işğalçılarının Füzulidə törətdiyi qətliamla eyni gündə yayılması iki məqamdan xəbər verir. Birincisi, Rusiya Qarabağ məsələsində əvvəlkitək müttəfiqi Ermənistanı dəstəklədiyini ifadə edir. İkincisi isə mülki insanlarımızın qətlini görməməzlikdən gəlir”, - politoloq deyir.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

Buna da bax: Moskva erməni əsilli vətəndaşlarının Azərbaycana buraxılmamasına etiraz edir

E.Şahinoğlu hesab edir ki, Rusiya-Azərbaycan münasibətlərində sualların sayı getdikcə çoxalmaqdadır: “Rəsmi Bakı Rusiyanı qıcıqlandırmaq istəmir. Buna baxmayaraq, Rusiyanın Ermənistana artan dəstəyi faktdır. Ona görə də Bakı bəzən cavab vermək məcburiyyətində qalır. Moskva Azərbaycanın dünyadakı ən böyük diaspor təşkilatının qeydiyyatını ləğv edirsə, Bakı buna seyrçi qala bilməz. Və ya Azərbaycan qanunlarını pozan bloqqer Alexander Lapshin-ə Bakıda məhkəmə qurulması Rusiyadakı mərkəzlərin xoşuna gəlmir. Ancaq Rusiyanın xoşuna gəlmir deyə, Bakı məhkəmə başa çatmadan onu sərbəst buraxmayacaq. Bu da münasibətlərə istər-istəməz mənfi təsir göstərir”.

Politoloqun sözlərinə görə, Rusiya Azərbaycanın onun yanında olmasını istəyir, ancaq bu mümkün olan iş deyil. Onun sözlərinə görə, nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır və Moskva işğalçıya dəstək verir, Azərbaycan Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qura bilməyəcək.

Hökumət Rusiya vətəndaşlarının Azərbaycana gəlməsi ilə bağlı siyasətinə yenidən baxmalıdır.

Buna da bax:​ Rusiya yeni sanksiyalara cavab verdi

Bununla belə, Elxan Şahinoğlu Azərbaycanın müvafiq qurumlarının Rusiya vətəndaşlarının ölkəyə buraxılmaması məsələsində diqqətli olmağı məsləhət görür: “Milliyyətindən asılı olmayaraq Rusiya vətəndaşlarının Azərbaycana gəlişlərinə qadağa qoymaq bizim problemlərimizi artıra bilər. Ermənilərə məhdudiyyət qoysaq, bundan Moskva Bakıya qarşı təzyiq kimi istifadə edəcək. Moskvaya belə bəhanə vermək düzgün deyil. Həm də ki, əgər Azərbaycanda rəsmi səviyyədə tolerantlıq və multikulturalizm siyasəti həyata keçirilirsə, erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasından düşmənlərimiz təbliğat müharibəsində bizə qarşı istifadə edəcəklər”.

Politoloq hesab edir ki, hökumət bu siyasətinə yenidən baxmalı, korrektələr etməlidir.

“Onsuz da rəsmi Bakının elan etdiyi rəqəmlərə görə Azərbaycanda ən azı 20 min erməni yaşayır”, - Elxan Şahinoğlu bildirib.

Buna da bax:​ Erməni qüvvələri Alxanlını atəşə tutub, 2 kənd sakini həlak olub [Video]

XATIRLATMA

Rusiya Xarici İşlər Nazirliyi iyulun 5-də Azərbaycandan bu ölkəyə gələn erməni soyadlı vətəndaşlarına qarşı “ayrı-seçkiliyə” son qoymağı tələb etmişdi.

Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiyanın bəyanatını şərh etmiş, “Azərbaycanla Rusiya arasında vətəndaşların vizasız gediş-gəlişi və strateji tərəfdaşlığa dair saziş imzalanıb. Azərbaycan multikultural ənənələri ilə fəxr edir. Bu, dünya üçün nümunədir. Amma təəssüf ki, Azərbaycan erməni işğalından əziyyət çəkir” demişdi.

Rusiya XİN iyulun 6-da eyni məzmunlu bəyanatı daha sərt tonda təkrarlayıb. Həmin bəyanatda nazirlik Bakının mövzu ilə bağlı izahatlarını qəbul etməyərək, onları «anlaşılmaz və qeyri-kafi» adlandırır və yaranmış vəziyyətdən nəticə çıxaracağını bildirir.

XS
SM
MD
LG