Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:55

E.Məmmədov: 'Həmin qurbanlar gedib, bunun nəticəsində Azərbaycan müstəqil dövlət olub...'


Etibar Məmmədov
Etibar Məmmədov

“İstintaqı istənilən halda başa çatdırmaq olar. Birinci, araşdırsınlar ki, həmin sənədlər nəyə görə Moskvaya aparılıb... Aparılıbsa belə, o sənədlərin əslini olmasa da, surətini Moskvadan almaq mümkündür. Hələ onu demirəm ki, həmin hadisəni törədən hərbçilərin də, başqa məsul şəxslərin də adları məlumdur. Son illər onların bir çoxu Azərbaycana gəlib-gediblər, onlara nəinki toxunan olmayıb, hətta onların şərəfinə ziyafətlər də verilib”.

20 yanvar hadisələri haqqında fikirlərini AzadlıqRadiosu ilə bölüşən, o günlərin şahidi, iştirakçısı olan keçmiş deputat, Milli İstiqlal Partiyasının keçmiş sədri Etibar Məmmədov belə düşünür.

“Mən hökuməti beynəlxalq məhkəməyə vermək fikrindən uzağam”

– Etibar bəy, 20 yanvar hadisələrindən 28 il ötür, amma hələ də Azərbaycan həmin hadisələrə hüquqi qiymət verməyib. Baş Prokurorluq son illər sadəcə, istintaqın davam etdiyini bildirir. Sizcə, Azərbaycan müstəqil dövlət olaraq indiyədək bu hadisələrə niyə hüquqi qiymət verə, istintaqı başa çatdıra bilmir?

Etibar Məmmədov: «Ordakı hər kəs məni tutmağa gələnlərə, az qala, sübut etməyə çalışırdı ki, “Etibar Məmmədov mənəm”».
Gözlə

No media source currently available

0:00 0:13:32 0:00
Direct-ə keçid

– Təbii ki, buna rəsmi şəkildə hüquqi qiymət verilməlidir. 1992 və 1994-cü illərdə Milli Məclisin qərarı ilə 1990-cı ilin yanvarında olanlara iki dəfə siyasi-hüquqi qiymət verilib. O sənədlərin son hissəsi hər nə qədər mübahisəli olsa belə, ümumilikdə həmin qərarların, qiymətin verilməsi müsbət haldır. Orda hüquq-mühafizə orqanlarına tapşırılıb ki, bu məsələni araşdırıb məsul şəxsləri cinayət məsuliyyətinə cəlb etsinlər. Təəssüf ki, o sənədin qəbulundan 25 ilə yaxın vaxt keçsə də, Azərbaycanın hüquq-mühafizə orqanları həmin işi lazımi səviyyədə yerinə yetirməyiblər. Sonu da görünmür.

Buna da bax: Etibar Məmmədov: 'Bu bayramı bəziləri yadlaşdırmağa çalışır' [video]

– Sizcə, səbəb nədir? Köhnə “böyük qardaş” Rusiyanın zəhmi? Və ya sıravi azərbaycanlının bilmədiyi başqa səbəblər var?

"Bu, təkcə 20 yanvar hadisələrinə aid deyil, Xocalı faciəsinə də, vertolyotun vurulmasına da aiddir,.."

– Guya dövlətlərarası münasibətləri əsas götürürlər. O zaman qərarlar qəbul ediləndə bir çox adamlar, vəzifəli şəxslər həyatdaydılar. Onlarla münasibətləri korlamamaq üçün konyuktura işə düşdü, bir çox adamların adları, yəni həmin hadisələrə görə məsul olanların adları cinayətkarlar siyahısından çıxarıldı. Bu, təkcə 20 yanvar hadisələrinə aid deyil, Xocalı faciəsinə də, vertolyotun vurulmasına da aiddir, həmin faciələrlə bağlı istintaq, araşdırma başa çatdırılmayıb. Cinayətkarların bəziləri həyatda olsalar da, onlar nə axtarılıblar, nə tutulublar, nə də Azərbaycana gətiriliblər. Mənim fikrimcə, Azərbaycan dövlətinin istənilən adamı, dünyanın harasında olur-olsun, bura gətirtməyə yetərincə imkanı var. Təəssüf, müharibə cinayətkarlarına aid bir nümunə də yoxdur ki, kənardan kimisə tutub Azərbaycana gətirsinlər, mühakimə etsinlər. Mən istərdim ki, bizim hüquq-mühafizə orqanları güclərini buna sərf etsinlər. Əlbəttə ki, buna siyasi qərarlar da lazımdır.

Buna da bax:​ Qardaşım Elçibəy haqqında xatirələrim (Kitabı oxu)

"Aparılıbsa belə, o sənədlərin əslini olmasa da, surətini Moskvadan almaq mümkündür"

– Etibar bəy, sizcə, Azərbaycanda başqa bir iqtidar olsaydı, bu hadisələrə görə məsul olanları həbs etdirməyi, istintaqı yekunlaşdırmağı bacarardı, ya o da eyni mövqeni sərgiləyərdi?

– Mən hansı hakimiyyətin nə edə biləcəyi haqda danışmaq istəmirəm. Çünki bundan qabaqkı hakimiyyətlər də sözügedən məsələdə qətiyyət göstərməyiblər. Bu məsələ əsasən daxilə yönəldilməyə çalışılıb. Çox vaxt daxildə düşmən axtarmağa çalışıblar. Və siyasi rəqiblərinə qarşı vasitə kimi istifadə etməyə çalışıblar. Bu da çox utandırıcı haldır.

"Mən həmin məsul adamları xalqın mühakiməsinə verirəm"

– Baş Prokurorluq bir neçə il öncə AzadlıqRadiosu-nun sorğusuna cavab olaraq bildirmişdi ki, 20 yanvar hadisələriylə bağlı 68 cildlik sənəd vaxtilə Moskvaya aparıldığından istintaqı yekunlaşdırmaq mümkün deyil. Sizcə, bu arqument nə qədər inandırıcıdır?

Buna da bax: "Xeyli müxalifətçi Elçibəy haqda bu kitabın çapını istəmirdi"

– İstintaqı istənilən halda başa çatdırmaq olar. Birinci araşdırsınlar ki, həmin sənədlər nəyə görə Moskvaya aparılıb. Onların aparılmasına görə kim məsuliyyət daşıyırsa, onu cəzalandırsınlar. Biz də bilək ki, Azərbaycan üçün vacib bir məsələdə kim məsuliyyətsizlik göstərib, kim cinayət edib və buna görə cəzasını alıb, yoxsa “o sənədlər burdan aparılıb, gətirilməyib” kimi ümumi sözlərlə danışmaq doğru deyil. Aparılıbsa belə, o sənədlərin əslini olmasa da, surətini Moskvadan almaq mümkündür. Hələ onu demirəm ki, həmin hadisəni törədən hərbçilərin də, başqa məsul şəxslərin də adları məlumdur. Son illər onların bir çoxu Azərbaycana gəlib-gediblər, onlara nəinki toxunan olmayıb, hətta onların şərəfinə ziyafətlər də verilib.

"O zaman yeni anadan olmuş uşaqlar indi artıq valideyndirlər, uşaqları məktəbə gedir"

– O hadisələr zamanı həbs edilən, onlarla insanın ölümünə şahid olan Etibar Məmmədov bu hadisələrə görə məsul şəxslərin şərəfinə Azərbaycanda ziyafət verilməsini kənardan hansı hisslərlə izləyir?

– Milli azadlıq hərəkatında əziyyət də olur, itkilər də, həbs də, elə bu cür məsuliyyətsizliklər də. Bu, əlbəttə, təəssüf doğuran hissəsidir. Ancaq şərəf, fərəh doğuran hissəsi odur ki, həmin hərəkat əbəs olmadı, Azərbaycan müstəqil dövlətə çevrildi. Düzdür, müstəqil dövlətə çevrilsə də, hamı bu dövləti, dövlət strukturlarını, dövlət siyasətini istədiyi şəkildə görə bilmədiyi üçün bəzən narazılıqlar da edir. Bu da, ikinci mərhələnin vəzifələridir. Belə məsuliyyətsiz insanların olmasına isə normal baxıram. Mən belə insanların məsuliyyətə cəlb olunmamasına normal baxa bilmirəm. Hətta xarici səfərlərin birində Litvanın müstəqillik qazandığı ilk illərdə rəhbər şəxslərdən biri olmuş Vitautas Landsbergis ilə söhbət edəndə o mənə bir şey dedi. Dedi ki, sizin hökumət 20 yanvarda Azərbaycan xalqına qarşı törədilən cinayəti lazımi şəkildə beynəlxalq müstəvidə qaldırmadığına görə, sənin hüquqlarını qorumadığına görə öz hökumətini vətəndaş kimi məhkəməyə vermək haqqın var. Ancaq mən hökuməti beynəlxalq məhkəməyə vermək fikrindən uzağam. Mən həmin məsul adamları xalqın mühakiməsinə verirəm. Onlar üzərlərinə düşən vəzifələri yerinə yetirmirlər, xalqın taleyi, tariximiz üçün çox vacib olan məsələni araşdırılmasını başa çatdırmayıblar, məsuliyyət daşıyanların cəzalandırılmasına çalışmayıblar.

– “Xalqın mühakiməsi”nə necə vermək olar? Bir də, 28 il öncəki xalqla indiki xalq arasında fərq varmı? Bu xalq 28 il öncə olduğu kimi, yenə 20 yanvar haqda, indisi, gələcəyi ilə bağlı düşünürmü, suallar verirmi?

Buna da bax: Etibar Məmmədov: 'Məmur kapitalizmi yaranıb'

– Əlbəttə, fərq var. Bir nəsil dəyişib. O zaman yeni anadan olmuş uşaqlar indi artıq valideyndirlər, uşaqları məktəbə gedir. Təəssüf ki, bizim tarix dərsliklərində milli azadlıq hərəkatına epizodik, bir-iki cümləylə yer verilib. Uşaqlar da həmin dövrdə baş verənləri valideynlərin dilindən eşidirlər. Təəssüf ki, son illər keçirilən sorğularda məlum olur ki, uşaqlarımızın, gənclərimizin çoxu həmin məlumatlardan məhrumdurlar, nə baş verdiyini, onun əhəmiyyətini dərk etmirlər. Bunu aradan qaldırmaq lazımdır. Gənclərdə vətənpərvərlik ruhunu qaldırmaq üçün o dövrdə olanları, gənclərimizin bu prosesdəki rolunu indiki nəslə çatdırmalıyıq. Çünki məhz milli azadlıq hərəkat dövründə gənclərimizin böyük hissəsi özünü qurban verib, 15 minə yaxın şəhidimiz var. Onların əksəriyyəti könüllülər olub, məcburi əsgərliyə aparılmayıb, böyük hissəsi ali təhsilli olub, cəmiyyətin qaymağıydılar. İndiki gənclərə çatdırmalıyıq ki, onların bu gün rahat, müstəqil dövlətdə yaşaması üçün qurban gedən insanlar var, onlar həmişə yadda olmalıdırlar.

– Şahid olduğumuz bir əhvalatı bölüşək sizinlə. Bugünlərdə 8 yaşında bir qız valideynlərinə deyir ki, mən 20 yanvarın yaxınlaşmasını istəmirəm, “həmin gün ancaq kədərli musiqi səslənir, insanların necə öldüyü göstərilir” və s. Valideynləri başa salmağa çalışır ki, bu matəm günü olmaqla yanaşı, həm də fəxarət günüdür, amma uşaq bunu anlamaq istəmir.

"Ağlamaqla, ufuldamaqla, o şəkildə günahkar axtarmaqla nəticə əldə edə bilmərik"

– Məncə, burda başlıca qüsur valideynlərdə yox, təlim-tərbiyə müəssisələrindədir. Bizim Təhsil Nazirliyindədir, Mədəniyyət və Turizm Nazirliyindədir, kütləvi informasiya vasitələrindədir. Biz bu yerdə “həm də” sözünü kənara qoymalıyıq, yəni “həm də qürur günümüzdür” yox, “qürur günümüzdür” deməliyik. Amma birinci növbədə qırğını göstərib, ardınca ağlaşma verəndə əlbəttə, uşaqların fikri başqa yerə yönlənir. Bu, qürur günü olmalıdır, böyük bir imperiyaya qarşı mübarizə aparılıb. Həmin qurbanlar gedib, bunun nəticəsində Azərbaycan müstəqil dövlət olub. Uşaqlara bunu izah etmək lazımdır ki, fəxr etsinlər. Yəni ağlamaqla, ufuldamaqla, o şəkildə günahkar axtarmaqla nəticə əldə edə bilmərik. Başlıca vəzifəmiz bu gün dövləti gənclərə sevdirməkdir. “Hakimiyyətdə başqasıdırsa, bu, mənim dövlətim deyil” düşüncəsindən uzaq durmaq lazımdır. Dövləti kimsə müvəqqəti idarə edir, xoşun gəlmirsə, çalış o, idarəçilikdən uzaqlaşsın, başqası gəlsin. Ancaq dövlət hamımızındır, millətindir, bu dövlətin tarixini bilmək lazımdır ki, gələcəkdə bunlar təkrarlanmasın.

Buna da bax: Keçmiş siyasətçilərin referendum haqda fikirləri üst-üstə düşmədi

«Hər kəs sübut etməyə çalışırdı ki, 'Etibar Məmmədov mənəm'»

– İki il öncə demişdiniz ki, 20 yanvar hadisələri təkrarlana bilər. Həmin fikirdə qalırsınızmı? Bu, nə qədər realdır?

– Rusiya bunu gizlətmir. Rusiyanın rəsmi şəxsləri bunu bəzən üstüörtülü çatdırırlar, rəsmilərin fikirlərini açıqca çatdıran qeyri-rəsmi şəxslər isə SSRİ-nin bərpasından, Rusiyanın nüfuz dairəsindən, imperiya ərazilərindən danışırlar, Azərbaycan ərazisini Rusiyanın itirilmiş ərazisi sayırlar. Onlar bəhanə axtarırlar ki, bu torpaqları geri qaytarsınlar. Burda da onların qayıtmasını ürəkdən istəyənlər var. Hakimiyyətin yuxarı dairələrində oturublar. “Beşinci kolon” fəaliyyətə başlaya bilər, özü də çox güclüdür. Yaddan çıxarmaq olmaz ki, müstəqillik əldə etsək də, müstəqilliyə olan təhlükələri tam aradan qaldırmamışıq. Nə qədər ki, Rusiyanın hakim dairələrində imperiya təfəkkürü var, biz bunu unutmamlıyıq, təhlükəyə hazır olmalıyıq.

– Sonda 20 yanvarla bağlı heç vaxt unutmadığınız bir xatirəni bölüşərdiniz.

– Hər şey saatbasaat yadımdadır. Ancaq o dövrlə bağlı hər zaman xatırladığım bir şey var. Moskvada gecə məni həbs etməkdən ötrü Azərbaycan nümayəndəliyinə hücum edəndə ordakı insanların göstərdiyi fədakarlıq ilk növbədə yadıma düşür. Ordakı hər kəs məni tutmağa gələnlərə, az qala, sübut etməyə çalışırdı ki, “Etibar Məmmədov mənəm”. Sonra məni həbs edəndə gördüm ki, orda məndən başqa 7-8 nəfəri tutub gətiriblər, hansılar ki vaxt qazandırmaqdan ötrü demişdilər: “Biz Etibar Məmmədovuq”.

Buna da bax:

Mirzə Xəzərin Yusif Səmədoğlu ilə müsahibəsi. 20 yanvar 1990-cı il
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

XS
SM
MD
LG