Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:45

Britaniya kəşfiyyatının yeni başçısı türkcə ‘səlis’ danışır


Richard Moore
Richard Moore

Britaniya xarici kəşfiyyatının yeni başçısı hazırda Xarici İşlər Nazirıliyində yüksək vəzifə tutan Richard Moore olacaq.

Rəsmi adı Məxfi Kəşfiyyat Xidməti (Secret Intelligence Service - SIS) və qısaldılmış adı MI6 olan bu qurum həm də hərbi kəşfiyyat orqanı kimi tanınır.

BBC yazır ki, hazırda XİN-in siyasət məsələləri departamentinin başçısı olan Moore əvvəllər Britaniyanın Türkiyədəki səfiri kimi fəaliyyət göstərib.

O yeni vəzifəsində ser Alex Younger-i əvəz edəcək.

Richard Moore-u baş nazirin göstərişi ilə bu vəzifəyə təyin edən xarici işlər naziri Dominic Raab deyib ki, diplomat “fəaliyyətləri geniş ictimaiyyətə məlum olmayan, amma Birləşmiş Krallığın təhlükəsizliyi və firavanlığı üçün çarpışan qadın və kişilərə rəhbərlik edəcək”.

MI6 Britaniyanın xaricində kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olur.

Xaricdə doğulub

Yeri gəlmişkən, cənab Moore xaricdə - Liviyada doğulub. Rəsmi bioqrafiyasında Richard Moore-un doğum tarixi göstərilməyib.

Məlum olan budur ki, o MI6-da 1987-ci ildən işə başlayıb və karyera pillələri ilə yüksələrək təşkilatın direktorlarından biri olub.

O eyni zamanda hökumətin milli təhlükəsizlik müşavirinin müavini idi.

BBC xəbər verir ki, Richard Moore məxfi xidmətdə olduğu bir vaxtda həm də diplomatik fəaliyyətlə məşğul olub.

O Vyetnamda, Türkiyədə, Pakistan və Malayziyada səfir postlarını tutub.

Moore 2000-ci illərdə XİN-in mərkəzi aparatında məsul vəzifələrdə çalışıb.

Türkcə tvit yazır

Richard Moore 2014-cü ildən 2017-ci ilədək Birləşmiş Krallığın Türkiyə Respublikasındakı səfiri olub.

O türkcə səlis danışır və hətta bu dildə tvit yazır.

Moore Britaniyanın siyasi və bürokratik elitasının əksər nümayəndələri kimi Oksford Universitetini bakalavr dərəcəsi ilə bitirib.

O MI6-ya rəhbər təyin edilməsi barədə xəbəri sevinclə qarşılayıb və “öz xidmətinə qayıtmasından” məmnun olduğunu deyib:

"SIS Britaniya xalqının təhlükəsizliyinin qorunmasında və Birləşmiş Krallığın maraqlarının yürüdülməsində həyati və mühüm rola malikdir”.

MI6-nın keçmiş başçısı Alex Younger bildirir ki, “Richard yüksək peşəkarlığı olan kəşfiyyatçıdır”.

XS
SM
MD
LG