Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:58

'İstintaqda məndən Əli Həsənov haqqında soruşurdular'


Vüqar Səfərli və Əli Həsənov
Vüqar Səfərli və Əli Həsənov

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fonduna 11 il rəhbərlik etmiş, hazırda həbsdə olan Vüqar Səfərli və ailə üzvlərinin bir sıra daşınar və daşınmaz əmlaklarının üzərinə həbs qoyulub. "Rabitəbank"da Səfərli ailəsinə məxsus 850 min manatın da üzərində həbs var. Bu vəsaitin 300 mini sabiq Fond rəhbərinin, 550 mini isə oğlu Seymurun hesabındadır.

Təxminən 20 milyonluq yeyinti, israfetmə və s. əməllərdə suçlanan Səfərli sentyabrın 21-də öz məhkəməsində prokurorun bank hesabındakı vəsaitlər haqda suallarını cavablandırıb. O deyib ki, həmin vəsaitlərin cinayət yoluyla – mənimsəmə nəticəsində əldə olunması haqda iddialar yanlışdır.

"Dollarla yenidən banka yatırdım"

"2015-ci ildə ölkədə devalvasiya olan ərəfədə bankda vəsaitim vardı. Dollar bahalaşmamışdan əvvəl manatla olan əmanətimi çıxarıb dollara çevirdim. Nəticədə devalvasiyadan sonra mən xeyli pul qazanmış oldum. Dollarla yenidən banka yatırdım. Amma dollar əmanətləri ilə faiz aşağı idi. Ona görə bir müddət sonra manat sabitləşəndə çıxarıb həmin vəsaiti manat çevirdim, yenidən banka qoydum", – KİV-ə Dəstək Fondunun keçmiş icraçı direktoru belə deyib.

Səfərli vurğulayıb ki, hazırda ona ittiham verilən məsələlərin hamısından - prezidentin keçmiş köməkçisi Əli Həsənovun ailəsinə məxsus binada hər kvadratmetri 18 manatdan icarəyə ofis götürülməsi, KİV-lərə maliyyə ayrılması və s. məsələlərdən Maliyyə Nazirliyinin, Fondun Müşahidə Şurasının üzvlərinin xəbəri olub. İndi suçlandığı məsələlərlə əlaqədar 11 il ərzində heç bir qurumdan irad bildirilmədiyini deyən sabiq icraçı direktorun sözlərinə görə, başqalarının qərar verdiyi işlərə görə də onun təqsirləndirilməsi ədalətsizdir: "Vəsaitlərə Müşahidə Şurası nəzarət edirdi. Vəsaitin ödənilməsini də Maliyyə Nazirliyi həyata keçirirdi. Maliyyə Nazirliyi smeta xərclərimizi həmişə normal qiymətləndirib, heç vaxt deməyib ki, icra haqqı bahadır. Bizim əlavə xərclərimiz də olurdu. Məsələn, yazı müsabiqələrində diplomların hazırlanması, ulu öndərin məzarı önünə aparılan əklillərin alınması və s.".

"Nə pul görürdüm, nə material..."

Səfərli vurğulayıb ki, əslində, ofisin şəraiti də, icarə qiyməti də normal olub. Sadəcə, həmin əmlak Əli Həsənovun ailəsinə məxsus olduğuna görə indi bu məsələni problemə çeviriblər: "Müstəntiq özü mənə dedi ki, bilirsiniz də o bina kimindir, ona görə problem yaranıb".

Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində media nümayəndələri üçün binaların tikintisi zamanı milyonlarla vəsaitin yeyintisi haqda sualları cavablandıran Səfərli bildirib ki, onun tikinti prosesinə müdaxilə imkanı olmayıb. Onun sözlərinə görə, yalnız işlər başa çatandan sonra gedib baxırdı. Çünki tikintiyə nəzarət səlahiyyəti faktiki başqa adamlarda olub: "Mən tikintiyə, istəsəm də, nəzarət edə bilməzdim. Çünki nəzarət edənlər vardı. Mən nə pul görürdüm, nə material...".

"Mən Əli müəllimi tanımamışam"

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaranandan sonra uzun illər bu qurumun baş mühasibi olmuş Təhminə Yaqubova da bu qurumun fəaliyyəti zamanı yeyinti hallarına görə təqsirləndirilir. Amma o, özünü təqsirli bilmir. Məhkəmədə də deyib ki, onun işi Maliyyə Nazirliyi smetanı təsdiqləyəndən sonra onun əsasında çalışmaq, ödəniş tapşırıqlarını yerinə yetirmək olub. İşlədiyi müddətdə heç kim də ona irad tutmayıb.

Yaqubova deyir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindiriləndə ona Əli Həsənov haqda suallar veriblər: "İstintaqda məndən Əli Həsənov barədə soruşurdular. Mən Əli müəllimi tanımamışam, uzaqdan görmüşəm. Mən işimi icra edib, əməkhaqqımı almışam. Müşahidə Şurası qərarlar verirdi, biz də yerinə yetirirdik. Bizə əlbirlik ittihamı veriblər, amma mən buradakı təqsirləndirilən şəxslərin əksəriyyətini tanımamışam".

Xatırlatma

Vüqar Səfərli 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaranandan 2020-ci ilə qədər bu qurumun icraçı direktoru vəzifəsində çalışıb. 2021-ci ilin yanvarında həbs olunan Səfərli və daha 10 nəfərin işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Ona qarşı CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələrlə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Səfərli də daxil olmaqla, məhkəmə önünə çıxarılanların heç biri özünü təqsirli bilmir.

2021-ci ilin yanvarında prezident KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun ləğv olunması, onun bazasında Medianın İnkişafı Agentliyinin yaradılması haqda fərman imzalayıb.

Medianın İnkişafı Agentliyi Səfərli və digərləri haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb.

XS
SM
MD
LG