Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:56

Prokurorluqda Əli Həsənov və oğlu haqqında ifadələr toplanıb


Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində-20 iyul 2017
Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində-20 iyul 2017

Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətində 20 milyon manata yaxın yeyinti ilə bağlı cinayət işində prezidentin sabiq köməkçisi Əli Həsənov və ailə üzvlərinin də adı hallanır. İş materiallarında özəlliklə Həsənov və oğlunun əleyhinə xeyli ifadələr var. Təsadüfi deyil ki, məhkəmə prosesi başlayan kimi Əli Həsənovun oğlu Şamxal Həsənov və baldızı Gülər Vəliyevanın məhkəmədə dindirilməsi məsələsi qaldırıldı.

11 təqsirləndiriləndən ikisi həbsdədir

Bu cinayət işi üzrə Fondun sabiq icraçı direktoru Vüqar Səfərli və daha 10 nəfər təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb. Onların arasında Bibiheybət qəsəbəsində jurnalistlər üçün binaları inşa etmiş "Portos" MMC-nin rəhbəri, direktoru, həmin binaların keçmiş komendantı, Fondun mühasibi, Bakıdakı bir sıra şadlıq saraylarının icarədarı və inzibatçısı da var. Təqsirləndirilən 11 nəfərdən yalnız ikisi – Vüqar Səfərli və "Portos"un direktoru Nadir Məmmədov həbsdədir.

İddia olunur ki, jurnalistlər üçün evlərin tikintisi, Fondun keçirdiyi bayram tədbirləri, mükafatlandırma mərasimləri zamanı işin həcmi, qiymətlər şişirdilib. Fondun həyata keçirdiyi bir sıra layihələrin icrası üçün tender yoluyla şirkətlər seçilməli olduğu halda, qanunvericiliyin bu tələbinə əməl olunmayıb. Tenderlər formal xarakter daşıyıb, jurnalistlər üçün binaların inşasında tikinti normalarına əməl edilməyib.

Nəzarəti Həsənov həyata keçirib

2014-2020-ci illərdə Fondun aparıcı məsləhətçisi, həmçinin Tender Komissiyasının üzvü olmuş Samir Mustafayev istintaqda – Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilərkən deyib ki, maliyyə məsələlərinə Vüqar Səfərli və baş mühasib Təhminə Yaqubova baxırdı. Amma əsas nəzarəti Əli Həsənov həyata keçirirdi. Onun sözlərinə görə, tender keçirilmirdi, layihələrin hansı şirkətə həvalə olunacağını prezidentin köməkçisi şəxsən özü müəyyənləşdirirdi. Onun qərarından sonra formal şəkildə Tender Komissiyasının üzvləri həmin şirkətin qalib olması barədə sənədləri imzalayırdı.

Mustafayev vurğulayıb ki, jurnalist binalarının tikintisini həyata keçirmiş "Portos" MMC də prezidentin keçmiş köməkçisinə yaxın şirkətdir: "Əli Həsənovun göstərişi ilə binaların tikintisi "Portos"a tapşırılmışdı".

Mustafayevin sözlərinə görə, Fondun bayramlarla əlaqədar restoranlarda təşkil etdiyi ziyafətlərdə qonaqların sayı 250-ni keçməsə də, sənədlərdə 400-450 nəfərin iştirak etdiyi göstərilir və buna uyğun da vəsait ayrılırdı. Adambaşına menyudakı qiymət də şişirdilirdi.

İcarə haqları

Səfərliyə qarşı ittihamlardan biri də Fond üçün əlverişsiz şərtlərlə – daha baha qiymətə ofis icarəyə götürməklə külli miqdarda vəsaitin israf olunmasıyla bağlıdır. İddia olunur ki, Əli Həsənovun oğluna əlavə gəlir vermək məqsədilə Mətbuat prospekti-23L ünvanında yerləşən altımərtəbəli binada ofis götürüb. Bu binanın mülkiyyətçisi Şamxal Həsənovdur. KİV-ə Dövlət Dəstəyi Fondu ilə yanaşı, Beynəlxalq Mətbuat Mərkəzi, "Kaspi" qəzetinin redaksiyası, "Azərmətbuatyayım" ASC, "Kaspi Az" MMC və s. qurumlar da bu binada yerləşir.

Cinayət işinin materiallarında yazılıb ki, o ərazidə ofis kirayələmək üçün 1 kvadratmetrə görə 12 manat nəzərdə tutulub. Amma Fond icarə müqaviləsini hər kvadratmetrə görə 18 manatdan bağlayıb. "Azərmətbuatyayım" və "Kaspi Az"ın Səfərliyə yaxın olduğu vurğulanır. Bu üç ofisə görə hər ay 21 min 834 manat icarə haqqı ödənilib.

Bundan əlavə, Prezident yanında Bilik Fondu 2019-cu ildə ləğv edilsə də, Fond üçün həmin binadan götürülən 419 kvadratmetrlik ofisə görə bundan sonra da 8 ay icarə haqqı ödənilib.

Bank hesablarına, əmlaklara həbs qoyulub

Səfərli digər təqsirləndirilən şəxslərin köməyi ilə 18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, cinayət yoluyla əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin vəsatəti əsasında Binəqədi rayon Məhkəməsinin qərarıyla "Rabitəbank"da Səfərlinin özü və oğlunun adına olan 850 min manat vəsaitin üzərinə həbs qoyulub. Sabiq icraçı direktorun hesabında 300 min, oğlu Seymur Səfərlinin isə 550 min manat vəsait var. Bundan başqa, Səfərlinin "Mercedes Benz ML 350", "Wolksvagen Tuareg" və "Toyota" markalı üç avtomobilinin, Bakıda və bölgələrdə yerləşən, özünün və ailə üzvlərinin adına olan evlər, torpaq sahələri və mağazasının üzərinə həbs qoyulub.

Təqsirləndirilən şəxslər məhkəmədə ittihama münasibət bildirərkən deyiblər ki, özlərini təqsirli saymırlar. Onlar ittihamda yazılanları qəbul etmirlər. Növbəti məhkəmə iclasında dindirmələr başlayacaq.

Həsənov saxlanması haqda xəbərləri təkzib edib

Bu cinayət işi üzrə istintaq davam etdiyi dövrdə Həsənovun da məsuliyyətə cəlb olunacağı haqda məlumatlar yayılmışdı. İddia olunurdu ki, prokurorluq Türkiyədə onun müalicə aldığı xəstəxana ilə əlaqə saxlayıb, Həsənovun sağlıq durumunun təyyarəyə minməsinə imkan vermədiyi bildirilib.

Prezidentin keçmiş köməkçisi haqqında yayılan məlumatları təkzib etmişdi.

"Məlumat verirəm ki, mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi, mənimlə maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri haqqımda yayılan məlumatların heç bir əsası yoxdur. Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə, 10-15 günə Azərbaycana qayıdacağam", – Həsənov 2020-ci ilin sentyabrında belə açıqlama yaymışdı.

Xatırlatma

Əli Həsənov 1995-ci ildən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edib. 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunub. 2019-ci ilin noyabrında o, vəzifəsindən azad edilib, onun rəhbərlik etdiyi şöbə də ləğv olunub.

Vüqar Səfərli 2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaranandan 2020-ci ilə qədər bu qurumun icraçı direktoru vəzifəsində çalışıb. Onun vəzifədən uzaqlaşdırılması və ardınca həbs olunmasından sonra dövlət başçısı Fondun ləğv olunması, onun bazasında Medianın İnkişafı Agentliyinin yaradılması haqda 12 yanvar 2021-ci ildə fərman imzalayıb.

Medianın İnkişafı Agentliyi Səfərli və digərləri haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb.

XS
SM
MD
LG