Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:54

Ukrayna böhranına səbəb olan Dariya – Qərb mediası


(Soldan) Vladimir Putin, Viktor Medvedçuk və Belarusu idarə edən Alyaksandr Lukaşenka, 2019-cu il
(Soldan) Vladimir Putin, Viktor Medvedçuk və Belarusu idarə edən Alyaksandr Lukaşenka, 2019-cu il

Medvedçuk böhrandan öncəki bir il ərzində Putinin Moskva yaxınlığındakı rezidensiyasında bir neçə dəfə olub

Bəzən böyük müharibələr kiçik incikliklərdən başlanır. Hersoq öldürülür. Papa qəzəblənir və sairə. “Time” dərgisində Simon Şuster Ukrayna böhranının arxasında duran bir inciklikdən yazır.

Söhbət Rusiya Prezidenti Vladimir Putinin ukraynalı dostu Viktor Medvedçukdan gedir. Onun qızı Dariya 2004-cü ildə anadan olub və valideynləri onda hələ Rusiyada təzə hakimiyyətə gəlmiş Putinin qızcığazı xaç suyuna çəkməsini istəyib. Medvedçukla Putinin birgə biznesləri də varmış. “20 ildən çoxdur münasibətimiz var”, – o özü ötən yaz Kiyevdə müəllifə müsahibəsində deyirdi.

Dosta təzyiq

Medvedçukun siyasi partiyası Ukrayna parlamentində ən böyük müxalif qüvvədir, milyonlarla tərəfdarı var. Amma son bir ildə partiya sıxışdırılıb, Medvedçuk ötən mayda vətənə xəyanət ittihamıyla Kiyevdə ev dustağı edilib. Ötən ay isə Birləşmiş Ştatlar onu və müttəfiqlərini Rusiya ordusunun köməyilə çevriliş planlaşdırmaqda suçlayıb.

Müəllif yazır ki, Ukrayna Qərbə meylləndikcə, Putin bu ölkəyə Medvedçuk və onun siyasi partiyası vasitəsilə təsir göstərməyə çalışırdı. “Ona görə də dostuna təzyiqlərdən sonra Rusiyanın Qərblə hərbi qarşıdurmanı gücləndirməsi təəccüb doğurmamalıdır”, – müəllif yazır.

Məqalədə deyilir ki, ABŞ-da Co Baydenin andiçməsindən bir neçə gün sonra, ötən ilin fevralında Amerikanın Kiyevdəki müttəfiqləri Medvedçukla sərt davranmağa başladılar. Hökumət onun telekanallarının efirini almaqla Rusiyanı bu ölkədə propaqandadan məhrum etdi. Daha sonra Medvedçuk ailəsinin aktivləri müsadirə olundu. Onlardan ən vacibi Rusiyadan neftini Avropaya daşıyan, Medvedçuk və ailəsinə sərvət qazandıran kəmər idi. Onun siyasi partiyası da beləcə maliyyələşirdi.

Fevraldan başlanan böhran

Elə ötən ilin fevralından Rusiyanın Müdafiə Nazirliyi Ukrayna ilə sərhədə “irimiqyaslı təlimlər” üçün 3 min paraşütçü yerləşdirdiyini açıqladı. Hazırda isə Rusiyanın sərhədə yığdığı qoşun sayı 100 mindən çoxdur. Cavabında ABŞ və müttəfiqləri Ukraynaya təyyarələrlə silahlar, NATO alyansının şərq cinahına isə minlərlə əsgər göndərib.

Müəllif Ukrayna böhranının köklərinin diqqətdən kənar qaldığını yazır. Medvedçuk ev dustağı ediləndə Rusiya lideri əlaltılarına hücumu “siyasi mıkanın aşkar təmizlənməsi” adlandırırır, bunun Ukraynanı “Rusiyanın antitezisinə, bir növ anti-Rusiyaya” çevirəcəyini deyirdi.

Medvedçuk böhrandan öncəki bir il ərzində Putinin Moskva yaxınlığındakı rezidensiyasında bir neçə dəfə olub. O zaman Putin pandemiya qaydaları ilə təcrid olunmuşdu, yalnız baş müşavirləri ilə görüşürdü.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edərək ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O zaman Medvedçukun da ABŞ-ın sanksiya siyahısında başda gəlirdi.

Putinin vədi

Volodimir Zelenskinin qalib gəldiyi 2019-cu il seçkisində isə Medvedçukun fraksiyası ikinci yerə çıxıb. “Milyonlarla vətəndaş bizə səs verib. Putin onları qorumağa boyun olub”, – Medvedçuk müəllifə müsahibəsində deyibmiş.

Ona məxsus telekanalların məqsədi yeni hökuməti zəiflətmək idi. Şəbəkələr hökumətin COVID-19 pandemiyası ilə mübarizəsini, Qərbdən vaksin ala bilməməsini tənqid edirdilər. Rusiya 2020-ci ilin avqustunda öz vaksinini buraxanda Medvedçuk, həyat yoldaşı və qızı Dariya onu ilk vurduranlardan olub. O, Rusiya ilə vaksin razılaşması əldə etsə də, hökumət bu təklifi rədd edib.

Ukraynada ölü sayı artdıqca isə seçicilər Zelenskidən üz döndərməyə başladılar. 2020-ci ilin payızında ona dəstək reytinqi 40 faizdən aşağı düşmüşdü, bir il öncə 70% idi. Dekabrda keçirilən sorğuda Medvedçukun partiyası önə çıxmışdı.

Bu partiyanın telekanallarından narahat olan Zelenski ötən fevralda onların efirini almaq qərarına gəlir. “Bu həm də beynəlxalq korrupsiya ilə mübarizəni xarici siyasətinin sütunu seçmiş Bayden administrasiyasına yaxşı hədiyyə idi”, – məqalədə deyilir.

Hazırda ev dustaqlığında olan Medvedçukun partiyasının reytinqi də düşür. Qızı Dariyanın da Kiyevdə olduğu, özəl mühafizə ilə qorunduğu bildirilir.

XS
SM
MD
LG