Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:32

Qərb silahı döyüşü Ukraynanın xeyrinə dəyişə bilirmi


Xarkov yaxınlığı
Xarkov yaxınlığı

Rusiya ordusunun problemlərinə baxmayaraq, odlu silahı və əsgər sayı Ukraynadan çoxdur. Yeni silahlar Ukraynanın bütün bu əngəlləri üstələməsinə imkan verəcəkmi?

Britaniya Müdafiə Nazirliyi Rusiya ordusunda bəzi komandirlərin vəzifədən kənarlaşdırdığını bildirir. Bu, Rusiya ordusunun Ukraynada zəif perfomansı ilə bağlı ola bilər.

Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya sərt müqavimətlə üzləşib, şimalda böyük şəhərləri tuta bilmədiyindən qüvvələri şərqi Donbas regionuna yönəldib. Hazırda Ukrayna qüvvələri Xarkova nəzarət edir, Rusiya isə Donbasda qarış-qarış da olsa irəliləyir.

Böyüklük vs. taktika

ABŞ Xüsusi Qüvvələrinin təqaüddə olan polkovniki, Medison Siyasət Forumunun icraçı direktoru Lyam Kollinz AzadlıqRadiosu-nun əməkdaşı Reyd Stendişə müsahibəsində cəbhədə baş verənləri dəyərləndirib.

Kollinz deyir ki, Rusiya hərbi qüvvəsi böyüklüyünə baxmayaraq, zəif təlim görüb, zəif idarə olunur, logistikası pisdir.

“İrimiqyaslı Rusiya qüvvələri taktiki baxımdan məharətli Ukrayna ordusu ilə savaşır. Bu səbəbdən daha böyük Rusiya qüvvəsi müəyyən irəliləyiş edəcək. Amma taktiki səviyyədə ukraynalılar onları həmişə üstələyəcək... Rusiyalılar bəzən irəli gedirlər, amma sonradan daha kiçik qüvvə bunun üstündən xətt çəkir. Ukraynalılar Kiyevdə də belə etdilər, indi Xarkovda da gördüyümüz budur. Donbasda da sonucda bunun baş verəcəyini gözləyirəm, Ukrayna qüvvələri Rusiyanı bəzi mövqelərdən geri oturda biləcəklər”, – hərbçi vurğulayır.

Luqansk tam tutulsa belə...

Müharibə Araşdırmaları İnstitutunun yeni təhlili göstərir ki, Rusiya qüvvələri Ukrayna ordusunu şimaldan İzyum, cənubdan Donetsk şəhəri istiqamətində mühasirəyə almaq planından əl çəkiblər, əvəzində Luqansk vilayətini tutmağa fokuslanıblar. Rusiya buna nail olacaqmı?

Kollinz bu suala cavabında deyir ki, Rusiya əslində heç nəyə nail olmayıb. İlkin mərhələdə böyük məqsədləri olsa da, onların miqyasını getdikcə azaldıb və qələbə kimi təqdim edə biləcəyi irəliləyişə nail olmaq istəyir. Təhlilçinin fikrincə, Moskva hətta Luqanskı bütünlükdə ələ keçirsə belə, sonucda danışıqlar yoluyla həll tapılmalıdır, Ukrayna isə torpağını güzəştə gedən deyil.

“Uzunmüddətli perspektivdə hər iki tərəf üçün davamlı variant çətin görünür, hər iki tərəf müharibəni bitirməkdən ötrü razılaşma əldə etməlidir. Hazırda hər iki ölkə üçün qəbuledilən razılaşma yoxdur”, – Kollinz vurğulayır.

Danışıqlar masasında daha yaxşı mövqe naminə

“Onda belə çıxır, danışıqlar masasında daha yaxşı mövqe əldə edənəcən döyüş davam edəcək?” Kollinz elə müharibənin mahiyyətinin bundan ibarət olduğunu deyir. İstər daxili konflikt olsun, istər vətəndaş müharibəsi, istərsə də dövlətlərarası müharibə, danışıqlarla paralel döyüş o qədər davam edir ki, tərəflərdən biri artıq gücü çatmadığını anlayır.

“Ukraynalılar üçün bu o zaman baş verər ki, döyüş vasitələri azalsın, döyüşmək qabiliyyətləri qalmasın… Onlar üçün bu, güc, qüvvə məsələsidir, inanıram ki, bu gücü itirsələr belə, o zaman partizan müharibəsinə əl atacaqlar.

Rusiya tərəfsə itkilərinin katastrofik həddə çatdığını anlayanda buna gedə bilər. Böyük itkilər verirlər, amma Prezident Vladimir Putin kimi avtoritar liderlər üçün geri çəkilmək çox çətindir…”, – ekspert söyləyir.

Qərbin göndərdiyi silahların Ukraynanın irəliləməsində roluna gəlincə, təhlilçi artilleriya sistemlərinin, hücum dronlarının Xarkovda üstünlük yaratdığını deyir. Kollinzin fikrincə, ABŞ və digər Qərb ölkələri Ukraynanın bu qədər dirəniş göstərəcəyini gözləmirdi, ona görə müharibənin əvvəlində məhdud sayda silah sistemləri göndərirdi. Ukrayna isə özünü çox yaxşı göstərdi, indi bu silahların Rusiyaya veriləcəyi, itəcəyi, yaxud sonucda Rusiyanın əlinə keçəcəyi sarıdan qorxu azalıb.

Daha kiçik ərazilərə konsentrasiya

Rusiya ordusunun problemlərinə baxmayaraq, odlu silahı və əsgər sayı Ukraynadan çoxdur. Yeni silahlar Ukraynanın bütün bu əngəlləri üstələməsinə imkan verərmi? Kollinz bunun Kiyev və Xarkov ətrafında müşahidə olunduğunu, amma rusiyalıların zəif logistika və silah sistemlərinə baxmayaraq yenə irəlilədiyini qeyd edir. Ona görə də sual odur ki, rusiyalılar daha kiçik ərazilərdə möhkəmlənə və həmin uğurları əldə saxlaya bilərlərmi?

“Ukrayna da getdikcə daha kiçik ərazilərə konsentrasiya olur. Taktiki səviyyədə onlar Rusiya qüvvələrindən üstün olduqlarını göstəriblər. Ancaq Rusiyanın tam əldən düşməsi aylar, illər çəkə bilər”, – hərbi ekspert bildirir.

Kollinz Rusiyanın Ukraynada apardığı müharibəni gündəlik məlumatlara əsasən dəyərləndirməməyi məsləhət görür. Çünki müharibə daha uzunmüddətli fazaya keçir. Onun fikrincə, Rusiyanın uğurlarına, yaxud uğursuzluğuna həftəlik, bəzən bir neçə həftəlik baş verənlər əsasında baxmaq lazımdır.

“Moskva yarımmuxtar respublika elan edə, yaxud Ukraynanın ayrı-ayrı hissələrini ilhaq etdiyini deyə bilər. Ancaq bu heç də onların irəliləyiş əldə etməsi anlamına gəlmir. Bu tərtəmiz Rusiya ritorikası olacaq. Vəziyyətin reallıqda necə dəyişdiyinə diqqət edin”, – təhlilçi bildirir.

XS
SM
MD
LG