Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:26

Britaniya kəşfiyyatı: Rusiyanın hücum üçün əsgəri çatışmır


Kiyev vilayətinin Dmitrovka qəsəbəsində atılmış hərbi geyim
Kiyev vilayətinin Dmitrovka qəsəbəsində atılmış hərbi geyim

Rusiyada ayrı-ayrı hərbi hissə və birləşmələrdəki əsgərlərin Ukrayna cəbhəsinə getməkdən boyun qaçırması geniş yayılmağa başlayıb

Rusiya Ukraynaya qarşı müharibədə ciddi şəxsi heyət çatışmazlığı ilə üzləşib və buna görə də qüvvələrini Donbas və işğal olunmuş Xerson arasında parçalamalı olur.

Britaniya kəşfiyyatının 19 iyul tarixli məlumatında deyilir ki, canlı qüvvə çatışmazlığı Rusiya qüvvələrinin Ukraynada irəliləyişinə mane olur:

"Tam heyətlə müdaxilədən əvvəl bu birləşmələr 150 min nəfər təşkil edirdi. Son həftələrdə isə Rusiya qüvvələri ayrı-ayrı sektorlarda 100 nəfərlik rotalar şəklində hücum etməyə çalışır”.

Kəşfiyyat brifinqində bu da qeyd olunur ki, Rusiya var gücü ilə müdaxilənin əvvəllərində olduğu kimi effektli hücum qüdrətini saxlamağa can atır, amma indi bu, ən kəskin problemə çevrilib:

"Ciddi şəxsi heyət çatışmazlığından başqa Rusiyanın hərbi strateqləri dilemma ilə üzləşiblər: Ehtiyat qüvvələri Donbasa göndərmək, yoxsa cənub-qərbdəki Xerson istiqamətində Ukrayna qüvvələrinin əks-həmlələrindən müdafiə olunmaq?”.

Britaniya kəşfiyyatının məlumatında deyilir ki, Rusiya bütün Donbas vilayətinin zəbt olunmasını siyasi məqsəd elan edib, amma indiki vəziyyətdə uzun fasilə olmadan bunu həyata keçirmək çətin olacaq.

Bundan əvvəl xəbər verilirdi ki, Rusiya ön cəbhədəki mövqelərini möhkəmlətmək və canlı itkilərin yerini doldurmaq üçün “Wagner” özəl hərbi şirkətinin muzdlularından istifadə edir.

Bu arada Rusiyada ayrı-ayrı hərbi hissə və birləşmələrdəki əsgərlərin Ukrayna cəbhəsinə getməkdən boyun qaçırması geniş yayılmağa başlayıb.

Həm də bu proseslərə daha çox milli azlıqların yaşadığı regionlarda rast gəlindiyi deyilir.

Müşahidəçilər bildirirdilər ki, Rusiya Ukrayna cəbhəsinə çox sayda etnik azlıq nümayəndələrini göndərməyə çalışır.

“Dövlət sirri”

Xəbər verilir ki, Xakasiyadan olan 9 Milli Qvardiya üzvü Ukraynaya getməkdən imtina etdiyinə görə xidmətdən qovulub.

Onlar Milli Qvardiyaya bərpa olunmaq üçün Xakasiya Respublikasının Ali Məhkəməsinə müraciət ediblər.

Bu da xəbər verilir ki, milli qvardiyaçıların məhkəmə prosesi “dövlət sirri” olduğuna görə qapalı keçirilir.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Xakasiya qvardiyaçılarının Ukrayanya getməkdən imtina etməsi barədə xəbəri ilk yayan “Novıy fokus” saytının baş redaktoru Mixail Avanasyev hazırda Abakan şəhərindəki təcridxanada saxlanır.

O “Rusiya ordusu barədə saxta xəbərlər yaymaqda” ittiham olunur.

Başqa bir xəbərdə deyilir ki, Dağıstanın Buynaksk şəhərində dislokasiya olunan 136-cı motoatıcı briqadanın 300 hərbi qulluqçusu Ukraynaya müdaxilədən bir ay sonra döyüşməkdən imtina edərək bu ölkənin ərazisini tərk edib.

Onların bir qismi Buynaksk şəhərinə qayıdaraq müqavilələrinin ləğvi üçün müraciət edib.

Bu da deyilir ki, onlardan bəziləri qohumlarının təkidi və yerli hakimiyyətin təzyiqi ilə hospitalda müalicədən sonra Ukraynaya qayıdıblar.

Silah və geyim vermədən döyüşə göndərmək

İnsan haqları müdafiəçiləri deyirlər ki, onlardan bəzilərinə hərbi geyim və lazımi silah və avadanlıq verilməmişdi.

Bir neçə əsgər Dağıstana əl və ayaqlarını don vurduqdan sonra qayıdıb.

Buynakskda qayıdan əsgərləri fərari kimi qarşılayıblar.

Hazırda Ukrayna müharibəsindən özbaşına qayıdanların işi ilə prokurorluq məşğul olur.

Rusiyanın cənubundakı bəzi bölgələrdə də hərbçilərin müharibədə iştirakdan kütləvi boyun qaçırması qeydə alınıb.

Kabarda-Balkariya və Şimali Osetiyadan olan Milli Qvardiya üzvləri də müharibədə iştirakdan imtina etdiklərinə görə xidmətlərindən azad olunublar.

Onların da xidmətə bərpa olunmaq üçün məhkəməyə müraciət etdikləri deyilir.

Hazırda Kabarada-Balkariyada 140, Cənubi Osetiyada isə 40 belə məhkəmə işi var.

Kubandakı XTMD-nin Plastun əməliyyat qrupunun Ukraynaya getməkdən imtina edən 12 döyüşçüsü də xidmətdən qovulub.

Onlar bildiriblər ki, bağladıqları müqaviləyə əsasən hərbi xidməti Rusiya ərazisində keçməlidirlər.

AzadlıqRadiosu aprel ayında xəbər vermişdi ki, Gürcüstandan qopmuş separatçı Cənubi Osetiyadan olan 312 hərbçi Ukrayna müharibəsində iştirakdan imtina edib.

XS
SM
MD
LG