Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:00

ABŞ dövlət katibi İlham Əliyevlə danışıb


Noyabrın 16-da Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib

Noyabrın 16-da Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ABŞ dövlət katibi bu il noyabrın 7-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə növbəti danışıqlarının keçirildiyini və onların iki ölkə arasında münasibətlərin normallaşma prosesinə töhfə vermək əzmində olduğunu vurğulayıb.

Prezident İlham Əliyev isə qeyd edib ki, bu istiqamətdə göstərilən səylərə, aparılan danışıqlara baxmayaraq, Ermənistan rəhbərliyinin son günlərdə səsləndirdiyi ziddiyyətli bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərir:

“Telefon danışığı əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə növbəti görüşün keçirilməsi və etimad quruculuğu tədbirlərinə dair fikir mübadiləsi aparılıb.”

Yeni dəhliz ilk erməni kəndində böyük mübahisəyə səbəb olub
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

Dövlət Departamentinin məlumatı

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da sözü gedən telefon danışığı barədə məlumat verib.

Dövlət Departamentinin rəsmi saytında dərc edilmiş məlumatda deyilir ki, dövlət katibi Azərbaycan prezidenti ilə söhbətində Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh müzakirələrinin növbəti addımlarından söz açıb.

Entoni Blinken sülh prosesinə Birləşmiş Ştatların tam dəstəyini ifadə edib və tərəfləri Vaşinqtonda razılaşdırıldığı kimi gələcək danışıqların vaxt cədvəlini müəyyən etməyə çağırıb.

Dövlət katibi habelə İlham Əliyevi atəşkəsin saxlanmasına, sülhə meydan açılması üçün Ermənistanla etimadyaratma səylərini davam etdirməklə təxribatların məhdudlaşdırılmasına çağırıb.

Vaşinqton görüşü

9 gün öncə, noyabrın 7-də ABŞ-da Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşmüşdü.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də həll edilməli olan bir sıra məsələlər olduğunu qeyd ediblər:

"Hər iki tərəf Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada, oktyabrın 31-də isə Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəlikləri bir daha təsdiq ediblər".

'14 il İranın çörəyini yemişəm' - Biləsuvardan reportaj
Gözlə

No media source currently available

0:00 0:07:19 0:00

Soçi və Praqa görüşləri

Bundan öncə, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçirilmişdi.

Görüşdən sonra Rusiya prezidenti Vladimir Putin demişdi ki, görüş çox faydalı olub. Lakin vurğulayıb ki, razılaşdırılmayan məsələlər də olub.

Bununla belə, tərəflər üçtərəfli görüşün yekunları ilə bağlı bəyanat qəbul ediblər. Bəyanatda Rusiya sülhməramlı kontingentinin Qarabağda təhlükəsizliyin təmin olunmasına mühüm töhfəsi qeyd edilib.

Əslində ötən ilin dekabrından başlayaraq iki ölkə arasında sülh danışıqları Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə aparılırdı.

Azərbaycanla Ermənistan liderlərinin həmin formatda sonuncu görüşü də oktyabrın 6-da Aİ Şurasının prezidenti və Fransa dövlət başçısının iştirakı ilə Praqada gerçəkləşmişdi.

Həmin görüşdən sonra Ermənistan Azərbaycanla sərhədə mülki Aİ missiyası göndərilməsinə razılıq vermişdi.

Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi həll edilib, onun statusu heç vaxt müzakirə mövzusu ola bilməz.

Ermənistan tərəfi isə fərqli mövqe nümayiş etdirir.

Ermənistan baş naziri Nikol Paşinyan isə bu yaxınlarda deyib ki, əgər Qarabağ məsələsi həll olunubsa, yerli ermənilər bunu niyə hiss etmirlər:

“Dağlıq Qarabağın erməniləri niyə məsələnin həll olunduğunu hiss etmirlər? Niyə Azərbaycan qoşunları Dağlıq Qarabağın ətrafında mövqelər qurub?..”

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG