Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:24

Rusiyada etnik azlıqlar azalırmı


Tuvadan etnik qrup olan Huun-Huur-Tu
Tuvadan etnik qrup olan Huun-Huur-Tu

Rusiya hökuməti ötən il 2021-ci il üçün siyahıyaalmanın rəsmi nəticələrini dərc edib. Nəticələrdə ölkənin qeyri-rus etnik azlıqlarının sayında ciddi azalmanın olduğu nəzərə çarpıb. Ölkənin ən böyük etnik azlığı olan tatarların sayı birdən-birə 600 min nəfərə yaxın azalıb. Mari xalqının sayı 22,6% aşağı düşüb. Çuvaş əhalinin sayı 25%, udmurtlarınsa sayı 30% azalıb.

Eyni zamanda hər hansı etnik kimlik bildirmək istəməyənlərin sayı 16,5 milyon nəfərə çatıb. Bu cür rəqəmlər bir çox demoqraf və digər mütəxəssisləri, o cümlədən ölkənin etnik azlıq icmalarını təmsil edən fəalları bu prosesi və Kremlin niyyətlərini sorğulamağa vadar edib.

142 milyondan 144 milyona

"Etnik kimliklərini göstərmək istəməyən adamların sayı ciddi şəkildə artıb. Bu, artmaqda olan ksenofobiyanın nəticəsidir. İnsanlar gələcəkdə hansı nəticələrin ola biləcəyini anlayırlar və hər ehtimala qarşı heç bir şey demirlər”, – rusiyalı sosioloq İqor Yakovenko deyir.

Siyahıyaalmanın keçirilməsi əvvəlcə 2020-ci ilin payızına, daha öncəki siyahıyaalmadan 10 il sonraya təyin edilmişdi. Ancaq COVID-19 pandemiyasına görə onu 1 il təxirə salaraq 2021-ci il oktyabrın ortasından noyabrın ortasınadək keçirdilər. İlkin nəticələr 2022-cilin sentyabrında dərc edilib. Tamamlanmış, yekun nəticələrsə dekabrda çıxıb. Rusiyanın 2014-cü ildə qanunsuz işğal etdiyi Ukraynanın Krım bölgəsi də siyahıyaalmaya daxil edilib.

Ölkə əhalisinin ümumi sayı 144,7 milyon, Krımla birlidə 147,2 milyon nəfər göstərilib. 2010-cu il siyahıyaalmasının nəticələrinə görə, bu say 142,8 milyon idi.

56-57 milyon nəfər

Rusiyanın dövlət statistika qurumu olan “Rosstat”ın sədr müavini Pavel Smelov 2021-ci ilin noyabrında, siyahıyaalmanın bitməsinə bir neçə gün qalmış, əhalinin “99%-dən çoxunun” sorğuda iştirak etdiyini iddia edib.

Ancaq qeyri-hökumət təhlilçiləri deyirlər ki, real iştirak səviyyəsi bundan qat-qat az olub və istifadə olunan metodlar nəticələri etibarsızlaşdırır. “Levada-Tsentr” müstəqil sorğu agentliyinin keçirdiyi sorğunun nəticələrinə görə, rusiyalıların 42%-i siyahıyaalmada ümumiyyətlə iştirak etmədiyini deyib. Moskvada bu rəqəm 73%-ədək yüksəlib.

"Bu o deməkdir ki, 56-57 milyon insan siyahıyaalmada iştirak etməyib”, – 2020-ci ilin iyulunda hökumətin koronavirusdan ölüm sayları barədə verdiyi məlumatları sorğuladığı üçün “Rosstat”dakı işindən çıxarılan demoqraf Aleksey Rakşa söyləyir.

Etnik rusların sayı da azalıb

Rəsmi nəticələrə görə, hətta özlərini etnik rus kimi təqdim edənlərin sayı belə 2010-cu ildəki 111 milyon nəfərdən 105,6 milyon nəfərə enib.

Siyahıyaalma əməkdaşları AzadlıqRadiosuna müsahibələrində əksər məlumatların qondarma olduğunu təsdiqləyiblər.

"Bizi məlumatları saxtalaşdırmağa məcbur edirlər və anladığım qədər, Sankt-Peterburqda bu, geniş miqyasda baş verir, çünki iştirak faizləri çox aşağıdır. Bu məni çox narahat edir. Çünki bizi region administrasiyasının əmri ilə qanunsuz işlər görməyə məcbur edirlər. Bir sosioloq kimi bilirəm ki, bu cür məlumatın dəyəri sıfırdır”, – adının çəkilməməsini xahiş edən bir sorğu işçisi 2021-ci ilin noyabrında AzadlıqRadiosunun “Sever.Realii” xidmətinə deyib.

“Sualların 50 faizə qədərinin real cavabları var idi”

Həştərxanda işləyən başqa bir siyahıyaalma işçisi də oxşar hekayə danışıb.

"Mənə verilən siyahılarda sualların 50 faizə qədərinin real cavabları var idi. Yerdə qalanını isə real sorğular deyil, qeydiyyat siyahıları əsasında doldurmuşdular. Etnik kimlik haqda heç bir məlumat yox idi, bunu özümüz tapmalı idik. Bu bölməni boş buraxdım, buna görə də siyahımın yarıdan çoxunda etnik kimlik haqda qrafa boş qaldı. Başqa bir əməkdaşın fərqli üsula əl atdığını gördüm – o, etnik kimlikləri soyadlarına baxaraq təyin edirdi”, – anonimlik şərtilə danışan həmin işçi söyləyir.

Bu dəlillər və siyahıyaalmanın özünün nəticələri mütəxəssisləri 2021-ci il siyahıyaalmasına müraciət etməkdən çəkindirir.

"Bu siyahıyaalmanın nəticələrinə çox güvənmirəm. Onları təkcə tatar ziyalılarının nümayəndələri və digər etnik respublikalardakı fəallar deyil, elm ictimaiyyətinin üzvləri də sorğulayıb”, – Ottavadakı Karlton Universitetinin qonaq professoru, sosioloq Quzel Yusupova deyir.

“Tanıdığım adamların heç birinin evinə gəlməyiblər”

Sosioloq Yakovenko “totalitar və faşist rejimlərdə” sorğunun qeyri-mümkün olduğunu vurğulayıb.

"İnsanlar onların şəxsi məkanını pozan və şəxsi suallar verən istənilən sorğuçunu hökumətin, yaxud təhlükəsizlik qüvvələrinin adamı kimi qəbul edirlər. Sosioloqlar deyirlər ki, insanların 90%-ə qədəri suallara cavab verməkdən imtina edir. Siyahıyaalmaya gəlincə isə, çoxları cavab vermək istəməyiblər, digərləri isə həqiqəti təhrif edən cavablar veriblər”, – o vurğulayır.

Tatar tarixçi və etnoqraf Damir İsxakov deyir ki, "aparıcı demoqraflar bu statistik materialın dəyərsiz olduğunu etiraf ediblər”: “Onlar hətta Kazanda belə insanların evlərinə getməyiblər. Bunu özüm görmüşəm. Tanıdığım adamların heç birinin evinə gəlməyiblər”.

Etnik separatizm qorxusu

Sosioloq Yusupova qeyd edir ki, Vladimir Putinin hökumət sistemi "etnik separatizm qorxusuna əsaslanır”: “Bu, repressiv hökumət və onun legitimləşdirilməsinin əsasını təşkil edir”. Yusupova Putinin 1999-cu ildə hakimiyyətə gəlişinin İkinci Çeçen müharibəsi ilə bağlı ksenofobiya dalğasından təsirləndiyini deyir.

"Bu bizim müxtəlifliyə baxışımızda mühüm rol oynayan amildir. Ölkəmizdə müxtəliflik təhlükə ilə – miqrantlar və narkotik qaçaqmalçıları ilə, müsəlmanlar terrorçuluqla assosiasiya olunur, etnik fəallar Rusiyanı dağıtmaq istəyir və s.", – o bildirir.

Dövlət təbliğatı illərlə vətənpərvərlik və birliyi qabartmaqla məşğul olub. 2020-ci ildə qəbul edilən konstitusiya düzəlişləri rusların kimliyini ölkənin “dövləti quran” milləti kimi göstərib və rus dilinin üstünlüyünü təsbit edib.

"Düşünürəm ki, hazırda Rusiya Federasiyasının siyasəti əksər xalqların rusların arasında assimilyasiyasını stimullaşdırmaq məqsədi daşıyır”, – deyən Rakşa əlavə edib ki, çeçenlər və Şimali Qafqazın digər etnik qrupları istisna təsiri bağışlayır. "Ancaq bu siyahıyaalma o qədər aşağı keyfiyyətdədir ki, bu prosesi dəqiq dəyərləndirmək mümkün deyil”, – Yusupova vurğulayır.

XS
SM
MD
LG