Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:48

Türkiyə seçkilərində Ərdoğan və müxalifətin vədləri


Seçki plakatları
Seçki plakatları

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftəsonu keçiriləcək seçkilərdə bugünə qədərki ən çətin siyasi mübarizəsiylə üzləşəcəyi gözlənir. Müxalifət onun iyirmi illik iqtidarına son qoymaq və siyasətini dəyişmək üçün özünü həmişəkindən daha şanslı hiss edir.

Mayın 14-nə təyin edilən prezident və parlament seçkiləri, daha sonra mayın 28-də mümkün ikinci tur, təkcə Türkiyəni kimin idarə edəcəyini deyil, həm də onun necə idarə olunacağını, iqtisadiyyatının istiqamətini və xarici siyasətinin formasını müəyyən edəcək.

Müasir Türkiyənin ən uzunmüddətli lideri olan Ərdoğan dindarlığı və aşağı faiz dərəcələrini dəstəkləməklə yanaşı, həm Türkiyənin regionda nüfuzunu artırıb, həm də bu NATO üzvünün Qərblə əlaqələri zəiflədib.

Seçkilər Türkiyənin cənub-şərqində 50 mindən çox insanın ölümünə səbəb olan zəlzələlərdən üç ay sonra keçirilir.

Ərdoğanın əsas rəqibi, altı müxalifət partiyasından ibarət blokun vahid namizəd kimi dəstəklədiyi Cümhuriyyət (Respublika) Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğludur.

Mustafa Kamal Atatürkün müasir Türkiyə Cümhuriyyətini qurmasından bu yana ən güclü lider olan Ərdoğan və AK Parti, Türkiyəni Atatürkün dünyəvi siyasətindən uzaqlaşdırıb.

Ərdoğan eyni zamanda hakimiyyəti, Ankaranın kənarındakı 1000 otaqlı sarayda yerləşən icraçı prezidentliyi ətrafında mərkəzləşdirib, Türkiyənin iqtisadiyyatı, təhlükəsizliyi, daxili və xarici məsələləri ilə bağlı siyasəti müəyyənləşdirir.

Ərdoğana tənqidlər

Ərdoğanı tənqid edənlər hökumətin müxalifəti susdurduğunu, hüquqları pozduğunu və məhkəmə sistemini öz nəzarətinə aldığını deyirlər. Rəsmilər bu ittihamı rədd edərək deyirlər ki, o, vətəndaşları təhlükəsizliyə hədələrdən qoruyur. Bu zaman 2016-cı ildə çevriliş cəhdini yada salırlar.

İqtisadçılar deyirlər ki, Ərdoğanın faiz dərəcələrinin salınması ilə bağlı çağırışları, ötən il inflyasiyanın 85%-ə yüksəlməsinə səbəb olub. Bu da son 24 ilin ən yüksək göstəricisidir. Lirə son on ildə dollar qarşısında dəyərinin onda biri qədər ucuzlaşıb.

Ərdoğanın hakimiyyəti dövründə Türkiyə, Yaxın Şərqdə və onun hüdudlarından kənarda hərbi gücünü artırıb. Suriyaya dörd hücum, İraqda kürdlərə qarşı əks-hücum keçirib. Liviya və Azərbaycana isə hərbi dəstək göndərib.

Türkiyə Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və İsrail ilə bir sıra diplomatik münaqişələrə girdi, Şərqi Aralıq dənizindəki dəniz sərhədləri ilə bağlı Yunanıstan və Kiprlə fikir ayrılıqları yaşadı. İki il öncə isə istiqaməti dəyişib bəzi rəqibləri ilə yaxınlaşmağa çalışdı.

Ərdoğanın Rusiya hava hücumundan müdafiə sistemlərini alması ABŞ-ın silah sənayesinin Ankaraya sanksiya tətbiq etməsinə səbəb oldu. Onun Rusiya prezidenti Vladimir Putinə yaxınlığı tənqidçiləri, Türkiyənin NATO-ya sadiqliyini sorğulamağa vadar etdi. Ankaranın İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətlərinə etiraz etməsi də gərginliyi artırıb.

Bununla belə, Türkiyə eyni zamanda Ukraynanın buğda ixracı ilə bağlı sövdələşmədə vasitəçilik edib və Ərdoğanın Ukrayna müharibəsini bitirmək yönündə potensial rolunu önə çəkib.

Müxalifət nə vəd edir?

İki əsas müxalifət partiyası, sekyularist CHP və mərkəz-sağçı, millətçi İYİ Partiyası dörd kiçik partiya ilə ittifaq qurub, Ərdoğanın imza atdığı bir çox siyasəti tərsinə çevirəcək platforma yaradıb.

Onlar mərkəzi bankın müstəqilliyini bərpa edəcəklərini, Ərdoğanın qeyri-ənənəvi iqtisadi siyasətinin əksinə gedəcəklərini vəd ediblər. Ərdoğanın prezident üsul-idarəsini ləğv edib, parlament sistemi ilə əvəz edəcəklərini və suriyalı qaçqınları geri göndərəcəklərini də bildiriblər.

Müxalifət həmçinin ABŞ da daxil olmaqla Qərb müttəfiqləri ilə münasibətləri yaxşılaşdırmağı, Türkiyəni Rusiyadan raket əleyhinə müdafiə sistemləri aldıqdan sonra çıxarıldığı F-35 qırıcı təyyarə proqramına qaytarmağı hədəfləyir.

Analitiklər hesab edirlər ki, müxalifətin vəd etdiyi siyasət xarici sərmayələri stimullaşdıra bilər.

Ərdoğan Suriya prezidenti Bəşər Əsədi devirməyə yönəlik uğursuz cəhdləri dəstəkləyib. Eyni zamanda Türkiyədə iqtisadi çətinliklərin yaşandığı bir vaxtda 3,6 milyon suriyalı qaçqını qəbul edib. Onlar ölkədə getdikcə arzuolunmaz münasibətlə üzləşiblər.

Müxalifətin dediyi Ərdoğanın bəzi qaçqınları Suriyaya qaytarmaq planlarının əks-sədası kimi səslənir. Ancaq onların heç biri bunu təhlükəsiz şəkildə necə gerçəkləşdirəcəyini açıqlamayıb.

Rəy sorğuları

Son rəy sorğuları Kılıçdaroğlunun Ərdoğanı qabaqladığını göstərir. Təhlilçilər deyirlər ki, müxalifətin üzə çıxardığı vahid sima onun şansını artırır. Amma Ərdoğanın seçilmək şansı qalır və seçkilər ikinci tura gedə bilər.

6 fevral zəlsələsindən sonra ilkin sorğular göstərdi ki, Ərdoğan hökuməti təbii fəlakətə ləng reaksiya göstərməsi ittihamlarına baxmayaraq, yenə də dəstəyini böyük ölçüdə qoruyub saxlaya bilib.

Müxalifətin seçicilərin 15%-ni təşkil edən kürd seçicilər arasında necə dəstək qazanacağı əsas məsələ olaraq qalır.

Kürd yönümlü Xalqların Demokratik Partiyası (HDP) ana müxalifət ittifaqının bir hissəsi deyil, amma son illərdə üzvlərinə qarşı repressiyalardan dolayı qətiyyətlə Ərdoğana qarşı çıxıb.

XS
SM
MD
LG