Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:42

'Azərbaycan iqtisadiyyatı xarici şoklara açıqdır'


Nazirlər Kabinetində qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirə keçirilib. 11 mart 2020
Nazirlər Kabinetində qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirə keçirilib. 11 mart 2020

Martın 11-də Azərbaycan Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirə keçirilib. Həmin müşavirədə baş nazir deyib ki, ölkə iqtisadiyyatı görülmüş tədbirlər nəticəsində 2014-cü ildə başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən indi daha dayanıqlıdır: «...Dünyada baş verən mənfi iqtisadi meyllərə baxmayaraq, iqtisadiyyatımız inkişaf edir, ölkənin maliyyə imkanları genişlənir. Dövlətimizin başçısının vurğuladığı kimi, ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik yastığı mövcuddur...».

Baş nazir sonra da deyib: «Eyni zamanda, bildirmək istəyirəm ki, valyuta bazarına nəzarət gücləndiriləcək, qeyri-qanuni hərəkətlər və yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısı qətiyyətlə alınacaqdır».

«Situasiya 2014-cü il illə müqayisədə nisbətən daha yaxşıdır»

İqtisadçı-ekspert Rəşad Həsənov AzadlıqRadiosuna deyib ki, baş nazirin «daha dayanıqlı» ifadəsini qeyri-müəyyən sayır. Amma hesab edir ki, indiki halda müəyyən mənada situasiya 2014-cü il ilə müqayisədə nisbətən daha yaxşıdır.

R.Həsənov
R.Həsənov

R.Həsənov bəzi rəsmi göstəricilərə əsasən vurğulayıb ki, 2014-cü ildə dövlət büdcəsinin gəlirlərində neftin payı daha yüksək idi. O qeyd edib ki, Dövlət Neft Fondunun öhdəlikləri yerinə yetirməsi üçün 0.78 (2006-ci ildən 2015-ci il fevralın 21-nə kimi 1 ABŞ dolları 0.78 manata bərabər idi) məzənnəsiylə 15 milyard dollar vəsait lazım idi: «Hazırda isə Fondun büdcə qarşısında öhdəlikləri 6 milyard dollara enib».

İqtisadçı əlavə edib ki, o zaman büdcə 22 milyard manat idi, bu da haradasa 28 milyard dollar idi. O deyib ki, indi isə büdcə 27 milyard manatdır və bu, təqribən 16 milyard dollar vəsait deməkdir:


«Bu kimi cəhətləri nəzərə alsaq, 2014-cü il ilə müqayisədə indi vəziyyət nisbətən daha asan idarə olunur. Həm də son 3-4 ildə vətəndaşlar, iş adamları, banklar, müəyyən qədər fəaliyyətini nisbətən dəyişən məzənnəyə alışdırmağa çalışdılar».

«Azərbaycan iqtisadiyyatı yenə də resurs iqtisadiyyatıdır»

İqtisadçıya görə, həmin vaxtdan 5 il ötsə də, iqtisadiyyatın şaxələndirilməsi baş verməyib: «Hazırda Azərbaycan iqtisadiyyatı yenə də resurs iqtisadiyyatıdır. Bunun təsirlərini azaltmaq istiqamətində nəsə baş vermədi. Strateji yol xəritələri, təşviq mexanizmləri hazırlandı, müxtəlif dövlət proqramları icra olundu, amma bunun iqtisadiyyata ciddi transformasiyası olmadı».

Bakıda dollar qıtlığı: vətəndaşlar danışır
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

Ekspert deyib ki, yenə də ixracın 90 faizi neft və qazdan formalaşır:

«Daha çox imitasiya xarakterli davranışlar oldu»

«İslahat adı ilə görülən işlərin real iqtisadiyyata transformasiyası olmadı, son 3 ildə Azərbaycanın beynəlxalq reytinqləri artsa da, xarici investisiyalar durmadan azalır. Əsas problem də odur ki, iqtisadi sektorda islahat adı ilə həyata keçirilən proseslər siyasi islahatlar və institusional dəyişikliklərlə dəstəklənmədi. Daha çox imitasiya xarakterli davranışlar oldu. İndiki halda yenə də Azərbaycan iqtisadiyyatı xarici şoklara kifayət qədər açıqdır».

İqtisadçı baş nazirin valyuta bazarına nəzarətin gücləndiriləcəyi haqqında dediklərinə gəlincə, vurğulayıb ki, burada böyük ehtimalla söhbət ölkədən qeyri-leqal şəkildə çıxarıla biləcək valyutadan gedir: «Çünki Azərbaycan bu yöndə kifayət qədər münbit ölkədir. Azərbaycanda biznesdə təmsil olunan hansısa oliqarx-məmur bir telefon zəngiylə ölkədən kifayət qədər böyük həcmdə valyuta çıxara bilər. Daxili bazarda valyuta çatışmazlığını şərtləndirən və ya valyutaya böyük tələb formalaşdıran amilləri müəyyən qədər neytrallaşdırmağa çalışacaqlar, artıq banklarda valyuta alqı-satqısı sərtləşdirilir».

V.Əhmədov
V.Əhmədov

«Hökumətin özünün ayrıca variantları olmalıdır»

Deputat Vahid Əhmədov isə «Turan» agentliyinə deyib ki, neftin qiyməti, valyutaya nəzarətin gücləndirilməsi və ölkə iqtisadiyyatının dayanıqlılığı barədə baş nazirin fikirləriylə bir qədər razıdır: «Çünki son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafında müəyyən müsbət addımlar atılıb. Bu sektordan daxilolmalar artıb. Amma bununla belə, neftin qiyməti kəskin aşağı düşərsə, ciddi problem yaranarsa, o zaman Azərbaycanın təhlükəsizlik yastığında kifayət qədər vəsaiti var (Azərbaycanın 52 milyard dollar valyuta ehtiyatı olduğu bildirilir-red.) və oradan istifadə edilə bilər. Bu mənada, baş nazirin dediyi fikirlərlə razıyam. Amma bu, uzunmüddətli ola bilməz, çünki burada həm koronavirus, həm neftin qiymətinin sıçrayışla aşağı-yuxarı qalxması kimi amillər var. Odur ki, bunların hamısı nəzərə alınmaqla hökumətin özünün ayrıca variantları olmalıdır».

«Əgər proses uzunmüddətli olarsa...»

Valyuta bazarına nəzarətin gücləndirilməsinə gəlincə, V.Əhmədov bunu vacib addım sayır: «Mənə elə gəlir ki, hələlik, müəyyən qədər gözləməyə ehtiyac var, böyük məbləğdə valyutanı dəyişməyə ehtiyac yoxdur. Bank tərəfindən nəzarət mexanizmi gücləndirilib, amma bunlar hamısı müvəqqəti hallardır. Əgər neftin qiymətiylə bağlı proses uzunmüddətli olarsa, əlbəttə, müəyyən problemlər yarana bilər».

XS
SM
MD
LG