Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:54

Prezident: 'Azərbaycan Avropa Şurasını tərk etsə...'


İlham Əliyev
İlham Əliyev

«Burada Azərbaycanın Avropa Şurasından çıxmaq məsələsinə toxunuldu. Siz bizim KİV-ləri yaxşı tanıyırsınız, çünki hər hansı bir azərbaycanlı rəsminin belə bir fikir bildirməsi ilə bağlı məndə məlumat yoxdur. Lakin media azaddır və istədiyini yaza bilər».

Dövlət başçısı İlham Əliyev bunu oktyabrın 4-ü Avropa Birliyi Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündəki yekun nitqində bildirib.

AVROPA ŞURASI BARƏDƏ MÜSBƏT OLMAYAN RƏY

İ.Əliyev deyib ki, hökumət ictimaiyyətin əhval-ruhiyyəsinə reaksiya verir. Avropa Şurası ilə bağlı ictimai rəy o qədər də müsbət deyil:

«Bunun bir neçə səbəbi var. Birincisi, bu təşkilata üzv olarkən bizim gözləntimiz ondan ibarət idi ki, o, bizə Dağlıq Qarabağ münaqişəsinin həllində yardım edəcək. Lakin Avropa Şurası bu işdə uğursuz oldu, bu iş baş tutmadı və baş tutmayacaq da».

***Buna da bax-S.Seyidov: 'Azərbaycan Avropa Şurasından çıxarılsa, dünya dağılmayacaq'

Dövlət başçısı deyib ki, üstəlik, Ermənistan Avropa Şurası Parlament Assambleyasında (AŞPA) himayə olunur. Azərbaycan isə hər zaman hücumlara məruz qalır.

AZƏRBAYCANA HÜCUMLAR

Prezident vurğulayıb ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana yeni hücum təşkil edirlər. Azərbaycanı üzvlükdən məhrum etmək və sanksiya tətbiqi ilə hədələyirlər:

«Təbii ki, bizim siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər. Birincisi, onlar üzv ölkələrlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 10 mindən artıq qərarının icrasını təmin etsinlər. Ondan sonra Azərbaycanın üzvlükdən çıxarılmasından və ya sanksiyalardan bəhs edə bilərlər».

***Buna da bax-Avropa Şurasının baş katibi Azərbaycandan hücumlara məruz qaldığını yazır

«AVROPA MƏHKƏMƏİNİN 10 MİN QƏRARI İCRA EDİLSİN...»

Dövlət başçısı deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin 10 min qərarı icra edilmir:

«Beləliklə də, Azərbaycana qarşı məqsədyönlü hücum məyusluq yaradır və «bizim o təşkilatda nə işimiz var kimi» fikirlər meydana gəlir. Belə fikirlərin üstünlük təşkil etməməsi üçün biz konstruktiv qaydada çalışmalıyıq».

«AVROPA ŞURASINI TƏRK ETSƏK BELƏ...»

Prezident deyib ki, Azərbaycan Avropa Şurasını tərk etsə belə, heç kəs buna əhəmiyyət verməyəcək, həyatımızda heç nə dəyişməyəcək:

Buna da bax - Avropa Şurasının rəhbəri Azərbaycan barədə 'ən son addım'ın atılmasını istəyir

«Biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq. Biz bunları hazırda Azərbaycana qarşı həyata keçirilən əsassız hücumun mərkəzində dayanan Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi inkişaf etdirmək məqsədilə edirik».

XATIRLATMA

Bu günlərdə Avropa Şurasının baş katibi Thorbjørn Jagland Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına rəğmən, REAL Hərəkatının lideri İlqar Məmmədovun azadlığa buraxılmasına toxunub. O buna görə Azərbaycana qarşı «misli görünməmiş» hüquqi hərəkət edilməsinə çağırıb.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Ancaq o, hələ də azadlığa buraxılmayıb.

AB Şurasını narahat edən məsələlər...

«İcazə verin narahatlıq doğuran bəzi məsələləri qeyd edim».

Bunu oktyabrın 4-də Avropa Birliyi Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Walter Stevens prezident İlham Əliyevlə görüşlərində deyib

W.Stevens-in çıxışı president.az saytında yer alıb.

O vurğulayıb ki, söhbət ölkədə ifadə, toplaşmaq azadlığından gedir:

«Müəyyən şəxslərin azadlıqdan məhrum olunması ilə bağlı bəzi məlum işlər var. Bilirəm ki, siz penitensiar sistemin humanistləşdirilməsi sahəsində də bir çox işlər görürsünüz. Ümid edirəm ki, təklifləriniz də parlamentdə razılaşdırılacaq və qəbul olunacaq. Fikrimcə, bunu Avropa Şurasının üzvü kimi göstərmək vacibdir. Həmçinin nəzərə alsaq ki, bu cür məsələlərin həlli ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı da var. Həmin addım bizə də yardımçı ola bilərdi. Çünki biz münasibətlərimizin genişləndirilməsində, vətəndaş cəmiyyəti ilə işləməyimizdə və ikitərəfli əlaqələrimizin inkişaf etdirilməsində çox maraqlıyıq».

Avropa Birliyi Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti oktyabrın 3-də Azərbaycana gəlib. Onlar prezident İlham Əliyev və bir sıra rəsmi şəxslərlə görüşüblər.

Görüşdə siyasi, iqtisadı, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın Avropa qurumları ilə münasibətlərinə toxunulduğu bildirilir.

XS
SM
MD
LG