Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:43

Bahar Muradova: “Parlament çoxluğu bizim olacaq”


Azerbaijan -- Vicespeaker of Azerbaijani Parliament Bahar Muradova, Baku, 18Oct2011
Azerbaijan -- Vicespeaker of Azerbaijani Parliament Bahar Muradova, Baku, 18Oct2011

Milli Məclisin vitse-spikeri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Bahar Muradova AzadlıqRadiosuna müsahibə verib. O, parlament seçkilərindən, seçicilərinin gözləntilərindən, yüzlərlə deputatlığa namizədin seçki marafonunu yarımçıq tərk etməsindən danışıb:

- Bizim təbliğat kampaniyamız çox yüksək səviyyədə keçir. Məlumatım var ki, bütün respublikada da təbliğatımız gözəl gedir. Füzulidə keçirilən kampaniya da mənim lap ürəyimcədir. Hamı görüşlərə can atır və hansı problemləri, varsa qaldırırlar. Biz də o problemlərin həllinə, əlbəttə, millət vəkili olacağımız təqdirdə kömək etməyə çalışacağıq.

- Bahar xanım, bu, hansı problemlərdir? Sizin seçicilərinizin problemi nədir?

- Mənim seçicilərim əsasən qaçqın, köçkündür, təmas xəttinə yaxın ərazidə yaşayırlar. Burda əlbəttə ki, təhlükəsizlik məsələləridir, erməni silahlı qüvvələrinin təmas xəttində yaratdığı insidentlərdir. Onlar buna görə narahatdırlar, uşaqları üçün, mal-qara üçün, əkin-biçin üçün narahatdırlar.

Bunlar ümumi problemlərdir, dövlətin diqqətinə çatdırmağımızı istəyirlər. Onsuz da dövlət qurumları bundan xəbərdardır, amma insanlar yenə ilk növbədə bu problemlərindən danışırlar. Ən əsas istəkləri də budur ki, münaqişə həll olunsun, ev-eşiklərinə qayıtsınlar.

- Bu yerdə Bahar Muradova onlara nə cavab verir?

- Bahar Muradova həmişə obyektiv və səmimidir seçiciləriylə. O, problemin səbəbləri, bügünkü durum, Azərbaycan dövlətinin yeritdiyi siyasət, beynəlxalq vəziyyət, o problemin həllinə mane olan obyektiv və subyektiv cəhətlər haqqında öz bildiklərini və mövqeyini bölüşür. Onlar da mənimlə eyni mövqedən çıxış edirlər.

Mən də vurğulamağa çalışıram ki, bu, təkcə bizim dövlətin istəyindən və imkanlarından asılı məsələ deyil. Bu, regional və beynəlxalq durumun nəticəsidir.


Buna da bax: MSK-dan Müsavatın boykot qərarına: "Namizədlər özləri bilərlər"

- Siz seçki kampaniyasının uğurla getdiyini deyirsiniz. Amma yəqin bilirsiz, bu dəfə seçkilərdə yüzlərlə namizəd seçki marafonunu yarımçıq dayandırdı, namizədliyini geri çəkdi. Sonuncular sırasına Müsavat və NİDA da qoşuldu. Onlar ölkədəki siyasi məhbus probleminin həll edilməməsinə, demokratik, ədalətli seçki mühiti olmamasına görə seçkilərə qatılmırlar. Sizcə, bu situasiya alternativsiz seçki şəraiti yaratmırmı, seçkinin demokratikliyini şübhə altına almırmı?

- Mən elə düşünmürəm. Seçki elə prosesdir ki, hər kəs özünü sınaya bilər. Bəziləri görür ki, yolun yarısında imkanları tükəndi, geri çəkilir, bəziləri də sona qədər nəyə qadir olduğunu sınamaq istəyir. Ona görə mən buna normal yanaşıram. Demokratik prosesdir. Kimsə namizədliyini geri götürürsə, deməli, rəqabətə davamlı olmadığını nəzərə alır.

- Ancaq seçkilərdə iştirakdan imtina edən Müsavat və NİDA tükəndiklərini demirlər, siyasi səbəblər göstərirlər.

- Biz illərdir bu səbəblərin dəyişmədiyini görürük. Bir qayda olaraq onların boykot, və ya yarışı yarımçıq tərk etmələrinin səbəbi eynidir. Mən hələ onların gecikdiklərini düşünürəm. Çünki onlar əvvəldən boykot etmək niyyətindəydilər. Nəyə görəsə qoşuldular.

Görünür, düşündülər ki, bu da bir taktiki gedişdir, bununla nəyəsə nail olmaq mümkündür. Hər halda, gücsüzlüklərini etiraf etdilər. Sona qədər getmək yaxşı olardı.

Buna da bax: ATƏT Azərbaycana müşahidəçi göndərməyəcək

- Seçkilərin nəticələrini bəri başdan şübhə altına alanlar var. Artıq bir sıra beynəlxalq qurumlar, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bu seçkiləri izləməkdən imtina etdi. Bəzi müxalif qüvvələri seçkiyə qatılmır. Sizcə, bu halda növbəti parlamentin azad, ədalətli, şəffaf seçkilər əsasında formalaşdığını demək mümkün olacaqmı?

- Mən qətiyyən o barədə düşünmürəm. Biz Azərbaycan qanunları ilə seçki keçiririk. Azərbaycan vətəndaşları öz aktiv və passiv hüquqlarını reallaşdırırlar. İlk növbədə bu seçki bizə, Azərbaycan vətəndaşlarına lazımdır. Kimlərsə bizim başqalarının rəyini nəzərə alaraq bu prosesi yarıda qoyacağımıza ümid etməsin. Kimlərsə buna görə alqış almaq istəyirdisə, onlar addımını atdı.

Bu seçki yüksək səviyyədə, şəffaf, demokratik keçiriləcək və yeni parlament formalaşacaq.

O ki qaldı, ATƏT-in seçkiləri izləməkdən imtinasına, kim bilməsə də, mən yaxşı bilirəm ki, bu təşkilat nə qədər başqa dairələrin istəyindən və təsirindən asılı qərar qəbul edir.

Bir də, Azərbaycanda seçkiləri 40 mindən yuxarı yerli, yüzlərlə beynəlxalq müşahidəçi izləyəcək. Kimlərinsə imtinası bu seçkinin nəticələrini kölgə altına ala bilməz.

- YAP əksəriyyətin səsini almağa ümid edirmi yenə də?

- Biz hər zaman olduğu kimi çoxluğa iddialıyıq. Hər dəfə seçkilərdə parlamentdə imkanlarımızı artırmağa çalışırıq. Bu dəfə də kampaniyamız ona yönəlib və hədəfimiz odur ki, parlament çoxluğu bizə məxsus olsun. Birmənalı deyə bilərəm ki, parlament çoxluğu bizə məxsus olacaq, ancaq sayını seçicilərin mövqeyi müəyyən edəcək.

Biz başladığımız işi, planlarımızı başa çatdırmaq, hələ uzun illər xalqa xidmət etmək istəyirik və buna bütün imkanımız var. Bu gücü də özümüzdə hiss edirik. Bizimlə rəqabətə davam gətirəcək siyasi qüvvələrin meydanda olmadığını bildiyimiz üçün siyasi missiyamızı davam etdirəcəyik.

Buna da bax: Parlament seçkiləri ilə bağlı virtual səsvermə

- Siyasi rəqabət demiş, bu dəfə hakim partiya üzvləri bir-biriylərə rəqabətə girib bəzi dairələrdə. Məsələn, musiqiçi Elza Seyidcahan YAP-ın rəsmi namizədinə meydan oxuyur. Siz buna necə baxırsınız?

- Olsun. Biz üzvlərimizə tövsiyə edirik ki, partiyanın vahid, rəsmi namizədinə problem yaratmasınlar. Kimsə bunu nəzər almırsa, yarışa qoşulursa, qoşulsun. Seçicilərin də əksəriyyəti, Yeni Azərbaycan Partiyasının üzvləri daha çox rəsmi namizədin kampaniyasına dəstək verirlər.

Sözsüz ki, o insanın kampaniyasına onu sevənlər dəstək verəcəklər. Bunu qadağan edə bilmərik ki. Hər halda, böyük gücün qarşısında bəzi hallarda sənət də geri çəkilməli olur.

XS
SM
MD
LG