Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:00

Baş nazir hökumətin fəaliyyətini uğurlu sayır, amma rəqəmlər...


Əli Əsədov
Əli Əsədov

Bu gün, martın 15-də Milli Məclisdə 2023-cü il üzrə Azərbaycan hökumətinin fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb.

Baş nazir Əli Əsədov bildirib ki, 2023-cü ildə dövlət büdcəsi xərclərinin 36 faizi və ya 13.1 milyard manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib. Bu isə 2022-ci illə müqayisədə 12.7 faiz çoxdur.

Baş nazirin vurğulamasına görə, 2023-cü ildə minimum əməkhaqqı 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb və 700 min nəfərə şamil olunub.

Onun əlavə etməsinə görə, minimum pensiya məbləği 16.7, orta pensiya 17.3, yaşa görə pensiya isə 16.5 faiz artıb.

Ə.Əsədov inflyasiya məsələsinə də toxunub: "Həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə 8.8 faiz orta illik inflyasiyaya nail olunub...".

Baş nazir deyib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə 32 milyard manatdan çox vəsait tələb olunur: "2021-2023-cü illərin dövlət büdcəsindən bu məqsədlər üçün 12.1 milyard manat ayrılıb... 2024-cü ildə 4 milyard manat məbləğində vəsait ayrılması nəzərdə tutulur".

Müzakirələrdən sonra hesabat səsverməyə qoyularaq qəbul edilib.

Məzahir Əfəndiyev
Məzahir Əfəndiyev

"Hökumətin çox böyük uğurları olub"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev "Turan"a bildirib ki, 2023-cü ilə dair hökumətin hesabatı çox genişdir: "Həmin hesabatla tanış olarkən görürük ki, doğrudan da, 2023-cü ildə Azərbaycanda həyata keçirilmiş çoxvektorlu siyasət nəticəsində hökumətin çox böyük uğurları olub".

Deputatın sözlərinə görə, xüsusi olaraq uğurlar azad edilmiş ərazilərdə proqramların icrası istiqamətində olub: "Eləcə də Azərbaycanda iqtisadiyyatın "ağardılması" istiqamətində aparılan davamlı iş olub".

Rəşad Həsənov
Rəşad Həsənov

"Ölkə üçün çox kiçik rəqəmdir"

İqtisadçı Rəşad Həsənov isə, əksinə, AzadlıqRadiosuna bildirib ki, 2023-cü ilin iqtisadi aspektlərinin qiymətləndirilməsi ötən ilin uğurlu hesab olunmadığını göstərir: "İqtisadiyyat cəmi 1.1 faiz böyüdü ki, bu da Azərbaycan kimi inkişaf etməkdə olan ölkə üçün çox kiçik bir rəqəmdir".

Ekspert inhisarçılıq kimi məsələlərdə də ciddi fundamental dəyişikliyin olmadığını vurğulayır: "Faktiki olaraq oyun qaydaları əvvəlki dövrlərdə olduğu kimi davam edir".

R.Həsənov xatırladır ki, 2023-cü ildə dövlət satınalmaları ilə əlaqədar yeni qanun, Rəqabət Məcəlləsi, mikrosahibkarlarla bağlı qanun layihəsi təsdiq edilib: "Bunları müəyyən mənada hüquqi təkmilləşdirilmə və inkişaf istiqamətində pozitiv addımlar kimi qiymətləndirmək olar. Amma, hələlik, bu dəyişikliklərin iqtisadiyyata hansı formada təsir edəcəyini görmədiyimiz üçün bununla bağlı fikir söyləmək çətindir".

Onun sözlərinə görə, inflyasiya ilə mübarizə istiqamətində qismən nəticə əldə olunub: "2023-cü ildə görülən tədbirlərin, xüsusilə də monetar siyasətdə korrektələrin nəticəsində 2024-cü ilin əvvəlindən inflyasiya tempinin düşməsini görürük".

XS
SM
MD
LG