Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 06:04

Blinken Bayramov və Mirzoyanı Vaşinqtonda gözləyir. Mirzoyan hazır olduğunu deyir


Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib. 6 dekabr 2023
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib. 6 dekabr 2023

AzadlıqRadiosunun erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi Luis Bono dekabrın 7-də regional təhlükəsizlik və stabilliklə bağlı məsələləri müzakirə ediblər.

Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Yerevan ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda görüşünə dair təklifinə müsbət cavab verib.

Amerikalı rəsmi Əliyev ilə görüşü 'konstruktiv' adlandırıb

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen dekabrın 6-da Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra X platformasında yazdığı postda bu görüşü "ABŞ-Azərbaycan arasında münasibətlərin gələcəyinə dair ilk konstruktiv söhbət" adlandırıb.

O yazıb ki, "regionda davamlı, ləyaqətli sülhün bərqərar edilməsi tarixi imkanlar açacaq".

+++

Ceyms O'Brayen tvitində Bakıda müsbət və konstruktiv görüşlər keçirdiyini yazıb: "Prezident Əliyevə dediyim kimi, ABŞ Mərkəzi Bankın sədrinin, energetika nazirinin səfərlərini alqışlayır. Dövlət katibi Blinken tezliklə xarici işlər nazirləri Bayramov və Mirzoyanın Vaşinqtonda sülh danışıqlarına ev sahibliyi etməyi səbirsizliklə gözləyir".

ABŞ danışıqların Vaşinqtonda davam etdirilməsinə hazırdır

Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, İlham Əliyev də ölkəsinin regional sülh gündəliyini dəstəklədiyini vurğulayıb. Onun sözlərinə görə, Qarabağ münaqişəsi başa çatandan, Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqları nəzərə alaraq bu prosesə öz töhfəsini verə bilər.

Məlumata görə, Ceyms O'Brayen də, öz növbəsində, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini deyib, danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu diqqətə çatdırıb.

"Görüşdə ikitərəfli münasibətlərin irəli aparılması üçün qarşılıqlı səfərlərin bərpa edilməsi müsbət addım kimi dəyərləndirildi" - məlumatda bildirilir.

O'Brayenin Azərbaycana səfəri nələri dəyişə bilər?

Son aylar ABŞ-Azərbaycan münasibətlərində müəyyən gərginlik müşahidə edilir. Bu gərginlik O'Brayenin noyabrın 15-də Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin dinləmələrində səsləndirdiyi bəzi fikirlərdən sonra daha çox müşahidə edildi. O'Brayen dinləmələrdə demişdi ki, Ermənistanla sülh sazişi imzalanmayana qədər Azərbaycanla münasibətlər əvvəlki kimi olmayacaq. Bundan sonra da Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) noyabrın 20-də Vaşinqtonda Ermənistan xarici işlər naziri ilə keçirilməsi təklif olunan görüşlərdən imtina etdiklərini açıqladı.

ABŞ: "Maraqlarımıza zidd olardı"

O'Brayenin Bakıya səfərini şərh edən Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) "Turan"a bildirib ki, Azərbaycanla əlaqələri davam etdirmək fikrində olmadıqlarını heç vaxt deməyiblər: "Bu, bizim maraqlarımıza zidd olardı. Azərbaycanla bütün diplomatik əlaqələrimizdən imtina etsək, bu, regionda sülh və təhlükəsizliyin maraqlarına zidd olardı".

E.Nəsirov
E.Nəsirov

"ABŞ Cənubi Qafqazda tam möhkəmlənmək istəyir"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan"a deyib ki, fundamental məsələlərdə iki ölkənin mövqeləri üst-üstə düşür, ancaq münasibətlərin anlaşılmaz tərəfləri də var: "Burada bir bəhanə var. Vaşinqton bəhanə edir ki, Azərbaycan Ermənistanın ərazisinə təcavüz edəcək, Zəngəzuru (Ermənistanın Sünik bölgəsi) işğal edəcək. Halbuki qətiyyən Azərbaycanın belə bir niyyəti yoxdur. Azərbaycan prezidenti dəfələrlə qeyd edib ki, biz Zəngəzura dönəcəyik, amma tankda yox, avtomobildə ora gedəcəyik".

Deputatın sözlərinə görə, münasibətlərin gərginləşməsinin səbəbi isə ondadır ki, ABŞ indiki vəziyyəti özü üçün münbit hesab edir və Cənubi Qafqazda tam möhkəmlənmək istəyir: "Bu baxımından Ermənistanın yürütdüyü siyasət onu tam qane edir, Gürcüstan da prinsip etibarilə qərbyönlü siyasət həyata keçirir. Amma Azərbaycanın müxtəlif güc mərkəzləri ilə bərabər, müstəqil siyasət yeritməsi ABŞ-ı qane etmir. Cənubi Qafqazda tam möhkəmlənmək üçün gərək Azərbaycan da, Ermənistan və Gürcüstan kimi, amerikapərəst siyasət həyata keçirə".

E.Nəsirov xatırladır ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və belə bir niyyəti yoxdur: "Biz Vaşinqtonla yaxınıqsa, bu, Moskvanın əleyhinə deyil, Moskva ilə yaxınıqsa, Vaşinqtonu hədəfə almırıq. Siyasətimiz bundan ibarətdir və bu, təhlükəsizliyimizin təminatıdır".

A.Qasımlı
A.Qasımlı

"İlk növbədə prezidentin nəzərinə çatdıracaqlar ki..."

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı AzadlıqRadiosuna bildirib ki, hazırda əsas prioritet sülh sazişindən daha çox münaqişənin yenidən çıxmamasıdır: "İlk növbədə prezident İlham Əliyevin nəzərinə bu fikri çatdıracaqlar ki, ABŞ Ermənistan-Azərbaycan sərhədində hər hansı bir toqquşmadan kənarda qalmayacaq".

Ekspertin fikrincə, ikinci prioritet sülh müqaviləsinin imzalanmasıdır: "İnsan haqları və demokratiyanı isə hazırda prioritetlər siyahısında mən görmürəm. Amma qeyd etdiyim məsələlərdə problem olacaqsa, insan haqları və demokratiyanı prioritet edəcəklər".

A.Qasımlı hesab edir ki, O'Brayenin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərə ciddi müsbət təsir göstərməyəcək: "Sadəcə ola bilsin ki, münasibətlərdə olan gərginliyi bir az yumşaltdı. Unutmayaq ki, Rusiya faktoru var. İndi O'Brayen gəlib və gedəcək, bundan sonra isə Rusiyadan adamlar gəlib gedəcəklər. Azərbaycan hökuməti ilə Kreml arasında daim kommunikasiya var, üst-üstə düşən maraqlar var. Ona görə də ABŞ-Azərbaycan arasında gərginlik azalsa da, bu, müvəqqəti xarakter daşıyacaq".

Ə.Oruclu
Ə.Oruclu

"Təzyiq etməyə çalışırlar"

Siyasi şərhçi Ərəstun Oruclu isə düşünür ki, ABŞ-Azərbaycan arasında yaranmış soyuqluğun əsas səbəbi Azərbaycan-Ermənistan münaqişəsi və sülh müqaviləsi məsələsi deyil: "Amerikalılar hesab edir ki, Azərbaycan Rusiya və Türkiyə ilə birgə regional layihələrə qoşulub, bu səbəbdən də təzyiq etməyə çalışırlar".

Politoloq qeyd edib ki, son vaxtlar Rusiyadan çox israrla "3+3" (Azərbaycan, Ermənistan, Gürcüstan + İran, Türkiyə, Rusiya) formatı təbliğ olunur: "Azərbaycan isə çox ehtiyatlı mövqe tutub. Bir tərəfdən bu danışıqlarda iştirak edir, digər tərəfdən isə Türkiyə ilə "Türk Yolu" üzərində işləyir. Başqa tərəfdən də İran ərazisindən yol çəkilişi ilə bağlı danışıqlar aparır. Belə görünür ki, Azərbaycan manevr etməyə çalışır ki, bu situasiyada tərəf tutmasın".

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

XS
SM
MD
LG