Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:39

Tikinti bazarı “ölür”


►Tikinti mövsümü sayılan payız aylarında bazarda satış yoxdur

“Baxın, bu aylar – sentyabr-oktyabr tikinti mövsümüdür. Bir də mart-aprel tikinti ayları sayılır. İndi bir-iki saat baxın, görün bura neçə alıcı gələcək. Gündə ikisi-üçü olanda papağımızı göyə atırıq. Söhbət ev tikən, əməlli-başlı təmir üçün alınan materiallardan gedir. Yoxsa, kimsə gəlib 2-3 “lopatkalıq” qum alırsa, bunu heç satış saymırıq. Belə alıcılar evinin, hamamının ora-burasını yamayanlardır. Bu, bazarın ölməsi deməkdir”.

Satıcı Feyzi Kərimov deyir ki, alıcılığın aşağı düşməsinə fevraldan bu yana qiymətlərin artması da təsir edib:

“Ancaq bu sahədə 15 il külüng çalan adam kimi deyim ki, heç ibelə vəziyyətimiz olmamışdı. Televizorda danışırlar ki, iqtisadi inkişafdır. Mən iqtisadçı olmasam da, bu işlərin içindəyəm. Baxıram ki, geriləmə var. Bir ara, çox uzaq yox, 3-4 il əvvəl buralar qaynayırdı. Şəhərdə əməlli tikinti vardı, satış yüksək idi. İndi mal alan yoxdur ki, gedib təzə materail gətirəsən”. (Ardı aşağıda)

Tikinti materialları bazarında ən çox satılan qumun qiyməti kiçik kisələrdə 40 qəpik, sementin 30 kq-lıq kisəsi 6 manat, "şpaklyovka" 4 manat 50 qəpik-5 manat 50 qəpik, içi boş qırmızı kərpicin 1 ədədi 20 qəpik, alçıpan 10 manat, taxtanın 1 kvadratmetri 10-15 manatdr.

Buna da bax: Jurnalistə cəza kəsən hakimin qaranlıq işləri

Alıcı üçün qiymət həmişə bahadır

Alıcılar deyir ki, adətən tikinti mövsümü ərzində qiymətlər qalxır, mövsüm başa çatanda düşür:

“Bizə görə qiymətlər həmişə bahadır. Fevraldan bu yana da çox artıb. Adam bilmir heç əlindəkini tiksin, yoxsa, dayandırsın. Tikməsən də olmur. Neçə illərdir kirayədə yaşayıram. 10 ildir kiçik bir torpaq alıb üçğözlü ev qaraltmışam. Bu il düz 10 il olacaq, hələ qurtarmıram”. (Ardı aşağıda)

Şövqü Babayev deyir, 30 yaşında ailə quranda Sulutəpə qəsəbəsində torpaq alıb daş töküb. Bu illər ərzində yığdığı pulu elə o tikintiyə sərf edib:

“Evsizliyə görə ailə qurmurdum ki, ev olsun, evlənim. Nəsə, torpağı aldım, evləndim. Kirayədə yaşayıram. Olub ki, öz işimdən başqa axşam “taksovatlıq” da eləmişəm ki, bircə o evi qurtarım. Qurtarmaq bilmir. Hələ yaxşı ki, evi gözləməyib ailə qurdum. Uşaqlarımın birinin 8, o birinin 6 yaşı var. Bu il ailə qurmağımın 10 ili, özümün də 40 yaşım olur. 10 ildir daş, sement, qum alan adam kimi deyə bilərəm ki, həmişə qiymət artırdı. Ancaq son 2-3 ildə 20-30 faiz artım fərqi görürəm. Manatın düşməsindən sonra isə hardasa 10 faiz qiymətlər artıb. Alıcı da neynəsin, fikirləşir ki, bundan əhəmiyyətli şeylər var”.

Buna da bax: Bakı Avtovağzalında çatlar əmələ gəlib- [video]

Tikinti materialları bazarında idxal azalır

Ekspertlərin fikrincə, son devalvasiya, neftin qiymətinin ucuzlaşması da tikinti bazarına təsir edib.

Əmlak bazarı üzrə ekspert Ramil Osmanlı deyir ki, bu iki sahə bir-biri ilə bağlıdır. Mənzil bazarındakı dinamika, baş verənlər tikinti materialları bazarına da təsir edir:

“İndi Azərbaycanın gəlirləri aşağı düşüb. Eyni zamanda daşınmaz əmlak bazarına qoyulan investisiyaların həcmi xeyli dərəcədə azalıb. Bu, tikinti sektoruna mənfi təsir göstərir. Belə vəziyyət təbii olaraq tikinti materialları bazarında tələbi xeyli dərəcədə aşağı salır. Belə olan halda, bu bazarda mənfiyə doğru dəyişiklilər baş verir. İndi vəizyyət belədir ki, istər tikinti materialları bazarında, istərsə də əmlak bazarında dinamikanın aşağı düşməsi ümumi makroiqtisadi göstəricilərin azalmasından irəli gəlir. Əmlak bazarında acınacaqlı vəziyyət var. Tikinti materialları bazarında da proseslər buna uyğungedir. Alıcılıq aşağıdır, idxal azalır”. (Ardı aşağıda)

Ekspertlərin sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu il tikinti mövsümü çox qısa və sönük keçir. Əlində pulu olan da tikintiyə başlamır. Qeyri-müəyyənliyin aradan qalxmasını gözləyir.

Buna da bax: Şey... zad... milli dəyər...

Tikintidə işlər zəifləyib, onlarla bina yarımçıq qalıb

Elə ustalar da bu mövsümdən yana-yana danışırlar. Bənna Mikayıl Kərimov əvvəlki gəlirləri ilə indiki gəliri arasında xeyli fərq olduğunu söyləyir:

“Əvvəl elə olurdu ki, heç boş vaxtım olmurdu. Bu tikinti qurtarırdı, o birinə keçirdim. 2-3 il əvvəl şəhərin hər tərəfində tikinti gedirdi. Rayonlardan tikintidə işləməyə nə qədər fəhlələr gəlirdi. İndi elə deyil. Tikinti demək olar ki, ancaq hökumətə yaxın şirkətlərin sahələrində gedir”.

İndi şəhərin ayrı-ayrı yerlərində yarımçıq qalmış çoxlu binalar görmək olur. Yalnız Ağ Şəhərdəki tikinti meydançasında iri tonnajlı yük maşınlarının, fəhlələrin səsini eşitmək olur. Burda işləyən fəhlələrdən biri Ağ Şəhərdə tikintinin əvvəlki kimi getmədiyini deyir:

“Bir neçə ay olar ki, burda da iş zəifləyib. Düzdür, yenə də işsiz qalmış fəhlələrin son ümid yeri burdakı tikililərdir. Yəqin düzələr. Buraları da təhvil vermək lazımdır. Bizdə material həmişə olub, yadıma gəlmir ki, nə vaxtsa işi dayandıraq. Həm də prezident də bura tez-tez gəlir. Bir-iki ilə buraların hamısı təhvil verilməlidir”.

“Turan” informasiya agentliyinin bazarların təhlili şöbəsinin monitorinqinə görə, fevralda tikinti materailları bazarında bahalaşma 3 faiz, martda isə orta hesabla 11, 3 fazi olub.

Mütəxəssislərin sözlərincə, qiymətlərin sabit qalması və hətta azalması tikinti bazarında fəallığın düşməsinə işarə edir. Bu da əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır.

XS
SM
MD
LG