Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:49

Gizli video çəkən polkovnikə verilən cəzanın artırılması tələb olunur


Görüntülər 2022-ci il avqustun əvvəlində sosial şəbəkələrdə yayılıb.
Görüntülər 2022-ci il avqustun əvvəlində sosial şəbəkələrdə yayılıb.

Fövqəladə Hallar Nazirliyindəki (FHN) kabinetində gizli kamera ilə müxtəlif qadınlarla münasibətlərini lentə almaqda suçlanan polkovnik Zaur Mirzəyevə kəsilmiş 3 il 6 aylıq cəza qarşı tərəfi narazı salıb. Zərərçəkən statusunda tanınan qadınlardan biri - A.M. onun cəzasının ağırlaşdırılmasını tələb edir. O bu məqsədlə apellyasiya şikayəti verib.

Z.Mirzəyev hələ Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunanda həmin qadın ona qarşı 192 min manatlıq mülki iddia da qaldırmışdı. Şikayətçi olduğunu vurğulayan zərərçəkmiş deyirdi ki, gizli lentə alınan görüntülərin sonradan yayılması nəticəsində həyatı darmadağın olub – işini, ailəsini, evini itirib, uşaqları əlindən alınıb. O bu üzdən Z.Mirzəyevdən ona dəymiş maddi və mənəvi ziyana görə təzminat tələb edir. Məhkəmə hökm çıxaran zaman qadının 192 min manatlıq mülki iddiasının cəmi 4 min manatını təmin edib. Zərərçəkən hökmün həmin bölümündən də razı qalmayıb və apellyasiya şikayətində mülki iddiasının tam təmin olunmasını istəyib.

Polkovnik özünü qismən təqsirli bilir, ancaq…

Şəxsi həyatın toxunulmazlığını pozma, pornoqrafik materialları yayma, vəzifə yetkilərini aşma kimi əməllərdə suçlanan Z.Mirzəyev özünü qismən təqsirli bilir. FHN polkovniki iş otağında gizli kamera ilə çəkiliş apardığını təsdiqləsə də, həmin görüntüləri özünün yaymadığını söyləyib. O, gizli çəkiliş aparmasını münasibət qurduğu qadınların sonradan onu şantaja məruz qoyması ehtimalı ilə əsaslandıraraq özünü öncədən sığortalamaq istədiyini bildirib. Kompüterindəki həmin görüntüləri yaymaq niyyəti yoxmuş: "O görüntülərin kimin əlinə keçdiyini, necə yayıldığını da dəqiq bilmirəm...".

Z.Mirzəyev də 3 il 6 aylıq cəza ilə razı deyil. O da apellyasiya şikayəti verib.

Xatırlatma

44-yaşlı Z.Mirzəyev FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olub. Onun haqqında cinayət işində gizli görüntülənən iki qadınla yanaşı, nazirlik də zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, polkovnik hərəkətləri ilə nazirliyin nüfuzuna zərbə vurub.

Sözügedən görüntülər ötən il avqustun əvvəlində sosial şəbəkələrdə yayılıb. Bir neçə gün sonra – avqustun 17-də Z.Mirzəyev həbs olunub.

Cinayət işinin materiallarında iddia edilir ki, Z.Mirzəyev iş otağındakı kompüterinə ayrıca proqramla video və foto çəkiliş üçün gizli kamera quraşdırıb və 2013-cü ildən 2019-cu ilin sonunadək xidməti tabeliyində olan qadınlarla münasibətlərini lentə alıb.

XS
SM
MD
LG