Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:52

Keçmiş deputat şahidə: '...Niyə səmimi ola bilmirsiz?'


"Globus Plaza"nın sahibi, keçmiş deputat Dünyamin Xəlilov
"Globus Plaza"nın sahibi, keçmiş deputat Dünyamin Xəlilov

Həbsdə olan keçmiş deputat, Bakıdakı "Globus Plaza"nın sahibi Dünyamin Xəlilov və onunla birlikdə mühakimə olunanların əmlakı qiymətləndiriləcək.

Aprelin 20-də sabiq deputatın məhkəməsində bu haqda qərar çıxarılıb. Prokuror vəsatət verib ki, Dünyamin Xəlilov və digərləri cinayət məsuliyyətinə cəlb olunandan sonra onların üzərinə həbs qoyulmuş əmlakının qiymətləndirilməsi üçün Məhkəmə Əmtəəşünaslıq Ekspertizası təyin olunsun. Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası da vəsatəti təmin edib.

Buna da bax:​ Keçmiş deputatın şahidləri məcburi gətiriləcək

“ONUNLA GÖRÜŞMƏMİŞƏM”

Dünyamin Xəlilov və daha altı nəfər tabeliklərində olan işçilərin adlarına Beynəlxalq Bankdan milyonlarla kredit götürüb qaytarmamaqda və beləliklə, banka böyük məbləğdə ziyan vurmaqda suçlanır. Elə əmlakların üzərinə də həbs dəymiş ziyanın ödənilməsi məqsədilə qoyulub.

Aprelin 20-də keçirilən məhkəmədə Beynəlxalq Bankın rəhbərliyinə daxil olan şəxslərlə Dünyamin Xəlilov arasında mübahisə yaranıb.

Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədr müavini Emil Mustafayev şahid kimi məhkəmədə dindirilərkən deyib ki, o, 2011-ci ildən 2015-ci ilədək bankın Kredit Komitəsinin sədri olub. Dünyamin Xəlilov üçün kreditlərin ayrılmasına da Beynəlxalq Bankın sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin göstərişi ilə yazılı razılıq verib: "Bu kreditlərin ayrılmasında mənim heç bir rolum olmayıb. Dünyamin Xəlilov kreditləri xaricdəki layihələrə yönəldiləcəyini deyirdi. Mütəmadi olaraq banka gəlirdi, ancaq mən onunla görüşməmişəm".

Buna da bax: Beynəlxalq Bankın baş direktoru Cahangir Hacıyevi suçladı

“NİYƏ BUNU DANIRSINIZ?”

Keçmiş deputat onun dediklərinə etiraz edib, doğru danışmadığını bildirib. Dünyamin Xəlilovun sözlərinə görə, o, dəfələrlə şəxsən Emil Mustafayevlə görüşüb: "Mən sizinlə görüşmüşəm. Niyə bunu danırsınız?"

Mustafayev "siz bankda Cahangir Hacıyevdən başqa heç kimlə görüşmürdünüz" deyəndə keçmiş deputat belə cavab verib: "Xeyr, sizinlə də görüşürdüm. Niyə səmimi ola bilmirsiz?"

Beynəlxalq Bankın rəhbərinin müşaviri Akif Əliyev də keçmiş deputatın məhkəməsində yenidən dindirilib. O da deyib ki, Dünyamin Xəlilov üçün, amma onun müəssisələrindəki sıravi işçilərin adlarına verilən kreditlər Cahangir Hacıyevin göstərişi ilə ayrılıb: "Bankın filiallarına sədrin adından göstəriş vermişdim ki, Dünyamin Xəlilovun layihələrinə maliyyə dəstəyi göstərmək lazımdır. Çünki Cahangir Hacıyevin göstərişləri idi".

Buna da bax:​ 'Globus Plaza' sahibinin məhkəməsində etiraflar

HESABINA 1 MİLYON 800 MİN DOLLAR KÖÇÜRÜLÜB

Akif Əliyev 2011-ci ildən 2015-ci ilə qədər bankın baş direktoru işləyib, eyni zamanda, kredit komitəsinin üzvü olub.

"Dünyamin Xəlilovu uzun müddətdir tanıyıram, onun Cahangir Hacıyevlə yaxın əlaqələri vardı. Cahangir Hacıyev Dünyamin Xəlilovu özü bizə təqdim edərək, ona kredit ayrılması barədə göstəriş vermişdi. Dünyamin Xəlilova ayrılan kreditlər heç müzakirə olunmurdu", – Akif Əliyev belə deyib.

Onun sözlərinə görə, Dünyamin Xəlilov Cahangir Hacıyevlə razılaşdıqdan sonra, banka göndərdiyi 30 nəfərin adına 6 milyon manat kredit götürüb. Bundan başqa, 2008-ci ildə Dünyamin Xəlilovun hesabına 1 milyon 800 min dollar kredit köçürülüb.

Buna da bax:​ Həbsdəki keçmiş deputat: 'Pullar xaricdə torpaq sahələrinə xərclənib'

Məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticəsi məlum olana qədər təxirə salınıb.

XATIRLATMA

Dünyamin Xəlilov 2016-cı ilin fevralında həbs olunub və o, CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur. Keçmiş deputatdan fərqli olaraq, onunla birlikdə mühakimə olunan altı nəfər həbsdə deyil. Sumqayıtda fəaliyyət göstərən "İnter Tekstil" ASC-nin İdarə Heyətinin üzvü olan Şakir Musayev də təqsirləndirilənlər arasındadır.

İttihama görə, D. Xəlilov Şakir Musayev və digərləri ilə birləşib, Beynəlxalq Bankdan müxtəlif işçilərin adlarına ümumilikdə 50 milyondan artıq kredit götürüblər. İllər öncə götürülmüş o kreditlər bu günə qədər qaytarılmayıb.

Buna da bax:​ Vəkil: 'Cahangir Hacıyevə ciddi qərəz hiss olunur'

Digər təqsirləndirilən şəxslər məhkəmədə günahsız olduqlarını, işçilərin banka göndərilməsi göstərişini D Xəlilovdan aldıqlarını, keçmiş deputatın onlardan bəzilərinin adına şirkətlər açdığını bildiriblər. Onların sözlərinə görə, "İnter Tekstil"ə də faktiki o, rəhbərlik edib.

D. Xəlilov da ittihamı qəbul etmir. Deyir ki, ayrılmış kreditlər Beynəlxalq Bankla birgə ölkə daxilində və Albaniya, Ukrayna kimi ölkələrdəki layihələrə xərclənib.

Dünyamin Xəlilov bildirib ki, Cahangir Hacıyevi tələbəlik dövründən tanıyır, onunla həm dostluq, həm də işgüzar münasibətləri olub.

Buna da bax:​ Keçmiş deputatın işçiləri onun əleyhinə ifadə verdi

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. O, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi bir neçə maddə üzrə ittiham olunub.

XS
SM
MD
LG