Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:51

İqtisadçı: 'Hökumət yenidən devalvasiyaya getməmək üçün...'


Dollar
Dollar

Artıq bir müddətdir kommersiya banklarında valyutadəyişmə əməliyyatları zamanı xarici valyuta alan müştərilərin sənəd doldurduqları bildirilir. Həmin sənəddə müştəridən detallı məlumatlar alındığı qeyd edilir.

Banklardan verilən məlumata görə, xarici valyutanın 500-11500 vahidini alan müştəri blank doldurmalıdır və orada öz adını, soyadını, telefon nömrəsini qeyd etməlidir: "11500-dən çox alan müştəri yuxarıda göstərilmiş məlumatlarla yanaşı, konvertasiya olunan vəsaitin mənbəyi və alınan xarici valyutanın təyinatını da göstərməlidir".

Banklardan bildirildiyinə görə, alınan valyutanın məbləği 20000 manatı keçdikdə isə, müştəri Maliyyə Monitorinq Xidmətinin (MMX) nəzarət dairəsinə düşür.

Banklardan əlavə edilib ki, yeni qaydalar Mərkəzi Bankdan gəlib, səbəbi onlara izah olunmayıb.

Bu qaydanın səbəbləri ilə bağlı, hələlik, Mərkəzi Bankla danışmaq mümkün olmayıb.

"Qanunlardan yan keçərək..."

İqtisadçı Azər Mehtiyev isə mövzu ilə bağlı AzadlıqRadiosuna deyib ki, Mərkəzi Bankın belə bir təlimatının olması hələ üzdə deyil. Onun əldə etdiyi məlumata görə, söhbət şifahi göstərişdən gedir.

İqtisadçının sözlərinə görə, bu il martın əvvəlində neftin qiymətinin aşağı düşməsi, əhalinin manat ehtiyatlarını dollara çevirmək səyləri panik vəziyyət yaratmışdı: "Onda neftin qiymətinin aşağı olması, üstəlik, pandemiya (koronavirus) prosesləri manatın məzənnəsinin sabitliyinə təhlükə yaratmışdı. Belə panik durumda valyuta gəlirlərinin azalması devalvasiyaya səbəb ola bilərdi".

A.Mehtiyev
A.Mehtiyev

İqtisadçı deyib ki, o zaman hökumət qanunlardan yan keçərək əhalini dollar almaqdan çəkindirmək üçün təzyiq vasitələrinə əl atıb.

"Təhdid vasitəsidir"

Onun fikrincə, 500 dollardan yuxarı valyuta vəsaiti almağa görə detallı məlumatlar istənilməsi, daha yuxarı məbləğ üçün Maliyyə Monitorinq Xidmətini dövriyyəyə qoşmaq təhdid vasitəsidir.

İqtisadçının vurğulamasına görə, bu onu göstərir ki, hökumət Azərbaycan iqtisadiyyatındakı vəziyyətin ağırlığını görür və maliyyə sabitliyini nəyin bahasına olursa - olsun qorumaq istəyir.

A.Mehtiyev hesab edir ki, hökumət yenidən devalvasiyaya getməmək, valyuta resurslarının tükənməsinin qarşısını almaq üçün əhalini məcburən valyuta almaqdan çəkindirmək istəyir:

"Məmurların gəlir bəyannaməsinin tətbiq olunması tələbi var"

"Bu isə, eyni zamanda, insanların mülkiyyət azadlığına təhdiddir. İnsanlar öz vəsaitlərini istədiyi valyutada saxlamaqda sərbəstdir".

İqtisadçı deyib ki, belə halda insanlardan gəlirlərinin mənbəyini soruşmaq, alınan valyutanın hara xərclənəcəyini öyrənmək istənməsi Konstitusiyaya ziddir: "Ölkədə məmurların gəlir bəyannaməsinin tətbiq olunması tələbi var, amma bunu diqqətdə saxlamırlar. 500 və ya 1000 dollar valyuta almaq istəyən vətəndaşdan gəlir haqqı, bir az da uzağa gedərək hara xərcləyəcəyini soruşurlar. Bu isə insan haqları pozuntusu, biznes mühitinə müdaxilə deməkdir".

"Devalvasiyanın mümkünlüyünə gəlincə,..."

A.Mehtiyev hesab edir ki, bu addımlar devalvasiyanın qarşısını inzibati yolla almağa xidmət edir: "Devalvasiyanın mümkünlüyünə gəlincə, burada neftin qiyməti, yetərli valyuta əldə etmək kimi amillər var. Karantin (Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən karantin elan edilib-red.) tədbirlərinin uzanması gəlirləri azaldır, hökumətin müəyyən təbəqələrə yardım göstərməsini qaçılmaz edir. Bu da hökumətin xərclərini artırır və hər iki halda milli valyutanın zəifləməsinə aparır".

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

Deputat Sabir Rüstəmxanlı isə bu məsələ barəsində bir qədər fərqli düşünür. Onun "Turan" agentliyinə bildirməsinə görə, koronavirus pandemiyası, onun fəsadları iqtisadi əlaqələri zəiflədib, bu da bütün ölkələr kimi, Azərbaycanın da gəlirlərini azaldıb:

"Belə vəziyyətdə xaricə kapital axını da güclənə bilər"

"Ölkənin maliyyə resursları da, ümumi daxili məhsul da (ÜDM), əhalinin alıcılıq qabiliyyəti də aşağı düşüb. Bütün bunlar ölkə üçün problemlər yaradır. Belə vəziyyətdə xaricə kapital axını da güclənə bilər. Ona görə nəzarətin güclənməsinin bu amillərlə bağlı olduğunu düşünürəm".

Deputat, eyni zamanda, Azərbaycanda 10 ildən çoxdur müzakirə olunan vəzifəli şəxslərin gəlir deklarasiyalarının qəbul olunmasını da vacib sayır: "Bu, şəffaflığa, xalq-məmur, xalq-hakimiyyət arasında etimadın güclənməsinə təsir göstərərdi. Amma təəssüf ki, bu, indiyə kimi olmayıb. Bundan sonra da nə zaman ola biləcəyi məlum deyil".

"Devalvasiya gözləmirəm"

Devalvasiya ehtimalına gəlincə, deputat deyib: "Manat inzibati yolla tənzimlənir. Manatın indiki məzənnəsini saxlaması üçün vəsaitlər xərclənir. Yəni, dollar-manat məzənnəsi Azərbaycanda bazara bağlı deyil. İndiyə kimi Azərbaycanda manat inzibati yolla tənzimlənib. O təcrübə davam edir və devalvasiya olmasını gözləmirəm".

Xatırlatma

Azərbaycanda 2015-ci ildə iki devalvasiya (fevral və dekabr aylarında) baş verib. Manat təqribən 2 dəfə dəyər itirib. Manatın kursunda bir müddət dalğalanma olsa da, artıq 3 ildir dəyişiklik yoxdur. 2017-ci ilin yazından 1 dollar 1 manat 70 qəpiyə bərabərdir.

XS
SM
MD
LG