Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:36

Şarl Mişel İlham Əliyevin bəyanatlarından narazı qalıb?


Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel (sağda) və prezident İlham Əliyev. Brüssel 22 may
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel (sağda) və prezident İlham Əliyev. Brüssel 22 may

Avropa İttifaqı Şurasının prezidenti əhalilərin sülhə hazırlanmasına ehtiyacın olduğunu və “bu məsələdə ictimai ritorikanın oynadığı ali rolu” vurğulayıb

Mayın 31-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistanla bağlı bəyanatı açıqlanıb.

Bəyanatda deyilir ki, Mişel Cənubi Qafqazdakı bütün xalqların təhlükəsiz, sabit, dinc və firavan şəraitdə yaşamasına imkan yaradılması üçün Avropa İttifaqının hər iki ölkə ilə əməkdaşlığının dərinləşdirilməsinə tərəfdar olduğunu bildirib.

Bəyanatda habelə iki ölkə arasında delimitasiya kommisiyalarının mayın 24-də keçirilmiş görüşü “tarixi” adlandırılıb və alqışlanıb.

Prezident Mişelin bəyanatında deyilir ki, “Ermənistan və Azərbaycan arasında münasibətlərin davamlı normallaşdırılması üçün gələcək sülh müqaviləsi ətrafındakı müzakirələr davam etdirilməli və münaqişənin kökündə duran səbəblər” də daxil bütün məsələlər həllini tapmalıdır.

“Prezident Mişelin rəyinə görə bütün maraqlı tərəflər davamlı və ədalətli sülh üçün şəraitin yaradılması məqsədilə Birinci Qarabağ Müharibəsinə və eləcə də 2020-ci ildə hərbi əməliyyatların bərpasına aparan bütün əsas problemləri həll etməlidirlər”.

Həssas terminologiya

Bəyanatda daha sonra qeyd olunur ki, istənilən münaqişə sonrasında işlədilən terminologiya xüsusilə həssaslıq təşkil edir.

Bu xüsusilə vurğulanır ki, prezident Mişelin liderlərin 22 may görüşünün nəticələri ilə bağlı bəyanatı “istənilən müzakirələrin hansısa əvvəlcədən müəyyən edilmiş nəticəsinə rəğbət kimi interpretasiya olunmamalıdır”:

“Ən əhəmiyyətli olanı bütün məsələlərin hərtərəfli müzakirəsidir və bura bütün əhalilərin hüquq və təhlükəsizliyi də daxildir”.

Bəyanatda deyilir ki, mayın 22-də Brüsseldə regionun açılımı üçün qarşılıqlı əlaqə məsələsi xüsusilə müzakirə olunub:

“Bu kontekstdə hər iki tərəf gələcək nəqliyyat infrastrukturu ilə bağlı heç bir eksterritorial iddialarının olmamasını təsdiqləyib. Bunun əksinin spekulyasiya edilməsi təəssüf doğurur”.

Mişel bəyanatın sonunda əhalilərin sülhə hazırlanmasına ehtiyacın olduğunu və “bu məsələdə ictimai ritorikanın oynadığı ali rolu” vurğulayıb.

İlham Əliyevin “Zəngəzur dəhlizi” bəyanatları

Şarl Mişelin bu bəyanatı ilə əlaqədar AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, Azərbaycan prezidenti İlham Əliyev ötən həftə bəyanat vermişdi.

Bu bəyanatda deyilirdi ki, Ermənistan münasibətlərin normallaşdırılması üçün Azərbaycanın gündəliyi ilə razılaşıb və bu gündəlikdə Dağlıq Qarabağın statusundan söhbət getmir.

Azatutyun xatırladır ki, İlham Əliyev Avropa İttifaqı Şurasının başçısı Şarl Mişelin 22 may görüşünün nəticələri ilə bağlı bəyanatına istinad edərək “Zəngəzur dəhlizindən” də danışmışdı.

Erməni tərəfi bildirir ki, Mişel “eksterritorial iddialar” deyərkən məhz “Zəngəzur dəhlizi” terminini nəzərdə tutub. Bununla belə onun bəyanatında konkret olaraq “Zəngəzur dəhlizi” ilə bağlı heç nə deyilmir.

Azatutyunun yazdığına görə rəsmi Yerevan Əliyevin bu kimi bəyanatlarına etiraz etmiş və onu “mövcud formatlarda müzakirələri” pozmamağa çağırmışdı.

Xəbərdə deyilir ki, İlham Əliyev öz bəyanatlarında Dağlıq Qarabağ münaqişəsinin artıq mövcud olmadığını, ATƏT-in Minsk qrupu həmsədrlərinin işinin bitdiyini bildirmişdi.

XS
SM
MD
LG