Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:21

İnsanın koronavirusa müqaviməti düşünüldüyündən daha güclüdür


Koronavirusdan sonra anticismin tapılmaması hələ immunitetin olmaması demək deyil

Dünya boyunca alimlər koronavirusdan sağalmış insanlarda anticismlərin olub-olmamasının immunitetin yaranmasına necə təsir etdiyini öyrənməyə çalışırlar.

Bəzi tədqiqatçılar insanın immun sisteminin daha bir komponenti olan T-şəkilli hüceyrələrə diqqət yetirirlər.

Reuters agentliyinin yazdığına görə son araşdırmalardan məlum olub ki, koronavirusdan sağalmış bəzi insanların testi onlarda anticismlərin olmadığını göstərsə də, onlarda COVID-19-a cavab reaksiyası kimi T şəkilli hüceyrələrin yarandığı üzə çıxıb.

Belə müşahidələrin azlığına görə hələlik qəti bir fikir söyləmək mümkün olmasa da, bəzi alimlər bildirirlər ki, ola bilsin, koronavirus yoluxmasını zəif və yaxud ümumiyyətlə simptomsuz keçirənlərdə cavab reaksiyası kimi T şəkilli hüceyrələr və ya T-limfositlər yaranır.

Öz növbəsində bu o deməkdir ki, COVID-19-a qarşı vaksinlər anticism yaratmaqdan başqa həm də T-hüceyrələrin işə düşməsinə təkan verə bilməlidir.

Kaliforniyadakı La Jolla İnfeksion Xəstəliklər və Vaksin Mərkəzindən doktor Alessandro Sette deyib ki, getdikcə artan müşahidələrə görə virusa yoluxan insanlarda anticism aşkar olunmamasına baxmayaraq, qısamüddətli anticism yaranması və ya T-hüceyrəsi reaksiyası müşahidə olunur.

Virusu “tanıyan” hüceyrələr

Alim deyir ki, virus insan bədəninin ilkin müdafiə xəttini yardıqdan sonra ağ qan hüceyrələri və ya leykositlər də daxil daha mükəmməl ikinci müdafiə xətti ilə üzləşir.

Başqa sözlərlə söhbət virusu tanıyan və onu bloklayan anticismlərdən, amma eyni zamanda həm də T şəkilli leykositlərdən gedir.

Amma ikinci müdafiə xəttində T-şəkilli leykositlər təkcə virusu yox, həm də onun artıq yoluxdurduğu hüceyrələri öldürür.

COVID-19 pandemiyasının 6 aydır ki, davam etməsinə baxmayaraq koronavirusun davamlı immunitet yaradıb-yaratmaması hələlik tam aydın deyil.

Bu isə o deməkdir ki, koronavirusdan sağalmış insanlarda immunitetin yaranmasında T şəkilli hüceyrələr çox mühüm rol oynaya bilər.

İmmunitet anticismsiz də ola bilər

Pensilvaniya Universiteti İmmunologiya İnstitutunun direktoru John Wherry deyir ki, T-şəkilli hüceyrələr çox vaxt viruslu xəstəliklərə qarşı müqavimətdə mühüm rol oynayır.

Bu yaxınlarda fransızların apardığı kiçik bir tədqiqat göstərib ki, COVID-19-a yoluxmuş qohumlarla təmasda olan bir ailənin 8 üzvündən 6-sında yoluxmaya T-hüceyrə reaksiyası yaranıb. Halbuki onlarda anticism aşkar edilməmişdi.

İsveçdə aparılmış başqa bir araşdırma xəstəliyi yüngül simptomlarla və ya simptomsuz keçirmiş insanlarda anticismin olub-olmamasından asılı olmayaraq güclü T hüceyrə reaksiyasının olduğunu göstərib.

Alimlər belə bir nəticəyə gəliblər ki, insan orqanızminin koronavirusa belə ikili reaksiyası əslində daha çox adamın COVID-19-a yoluxmuş olmasının göstəricisidir.

Reuters yazır ki, T şəkilli hüceyrə reaksiyası habelə koronavirusdan sonra daha uzunmüddətli immunitetin yaranmasına ümid verə bilər.

Soyuqdəymənin xeyri

Ən maraqlı məqam isə budur ki, soyuqdəymə və ya zökəm kimi xəstəlikləri yaradan başqa koronaviruslara yoluxmuş insanlarda yaranmış T hüceyrələrin SARS-CoV-2 və ya COVID-19 kimi tanınan yeni növ koronavirusdan müdafiəyə kömək etməsinə dair müşahidələr mövcuddur.

Bu həm də o deməkdir ki, vaxtilə soyuqdəymə keçirmiş insanlarda COVID-19-a qarşı artıq müəyyən müdafiə ola bilər.

Məhz buna görə də doktor Alessandro Sette bu qənaətdədir ki, koronavirusa qarşı yaradılacaq vaksinlər həm anticism, həm də T şəkilli reaksiya yaratmaq qabiliyyətinə malik olmalıdır.

Lakin alimlər deyirlər ki, koronavirusdan immunitet yaranması ilə bağlı məsələ göründüyü qədər də sadə deyil.

Hazırda əksər ölkələr koronavirus testləri zamanı qanda anticismlərin olub-olmadığını araşdırırlar. Halbuki bu anticismlərin hansı müddətdə və nə müddətə yarandığı hələ tam aydın deyil.

İmmunitet gücünün T hüceyrələrlə ölçülməsi bundan da qəliz məsələdir. Çünki bu hüceyrələr limfa düyünlərində və ya aşkar edilməsi çətin olan başqa yerlərdə ola bilər. Üstəlik T hüceyrəsi ilə reaksiya daha çoxşaxəlidir.

Bu səbəbdən də hələlik daha asanı anticimlər barədə məlumatın toplanmasıdır.

XS
SM
MD
LG