Bakının Nərimanov rayonu ərazisində yerləşən ofislərdən birinin sahibi Musa Allahverdiyev çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Dindirmə zamanı onun ofisə gələn iki nəfər tərəfindən döyüldüyü məlum olub.
Hadisə fevralın 2-də saat 23:00 radələrində baş verib. Araşdırma nəticəsində məlum olub ki, həmin vaxt ofisə gələn iki nəfərin kimliyi müəyyənləşdirilib və onlar tutulub.
Musa Allahverdiyevin aldığı xəsarətlərin dərəcəsini müəyyənləşdirmək üçün ekspertiza təyin edilib.
AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, saxlanılan iki nəfərdən biri polis rəisinin qardaşıdır.
"Tutulanlardan biri – Samir Qarayevin qardaşı Seymur Qarayev Nizami rayonu, 24-cü polis bölməsinin rəisidir", – mənbə bildirib.
DİN təsdiqləyir
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti də Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən obyektin sahibinin döyüldüyünü, buna görə iki nəfərin saxlandığını təsdiqləyib: "Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə hər iki şəxs - S.Qarayev və H.Məmmədzadə müəyyən olunaraq saxlanılıb. Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir".
Samir Qarayevin polis rəisinin qardaşı olub-olmaması haqda suala isə konkret cavab verilməyib: "Kimliyindən asılı olmayaraq, cinayət törədən heç kimə imtiyaz tanınmır".
Saxlanılan şəxslərin ittihama münasibəti, özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.
24-cü polis bölməsinin rəisi Seymur Qarayev bu vəzifəyə 2020-ci ilin sentyabrında təyin olunub. Bundan öncə o, Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsində baş əməliyyat müvəkkili işləyib.