Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:34

Baydenin qələbəsi rəsmən təsdiqlənir, Barr istefa verir


Co Bayden
Co Bayden

Baş prokuror istefa verir

Seçici Kollegiyası Co Baydenin qələbəsini rəsmi qaydada təsdiqləyən gün ABŞ-ın Baş Prokuroru Uilyam Barr istefa verib. Prezident Donald Trampın seçkidə saxtakarlıqla bağlı əsassız iddialarından dolayı onların arasında gərginlik vardı.

Tramp dekabrın 14-də Ağ evdə Barrla görüşəndən sonra Twitter-də onun istefa xəbərini açıqlayıb. O, Barrın istefa məktubunu da dərc edib, onunla “çox gözəl görüş” keçirdiyini deyib. Prezidentin sadiq müttəfiqlərindən olan Barrın son iş günü dekabrın 23-dür.

Tramp narazı qalmışdı

Prezident baş prokurorla münasibətinin çox yaxşı olduğunu deyib, onun “bayramı ailəsi ilə keçirmək üçün Miladdan öncə vəzifədən gedəcəyini” yazıb.

Bu ayın əvvəlində Barr Ədliyyə Departamentinin seçkidə irimiqyaslı saxtakarlıq aşkarlamadığını bildirməsi Trampı qəzəbləndirmişdi. Departamentin Co Baydeninin oğlu Hanter ilə bağlı seçkiöncəsi təhqiqat başlatmaması da Trampı narazı salmışdı.

Barr istefa məktubunda yazıb ki, Trampa departamentin “2020-ci il seçkisində seçici saxtakarlığı iddialarının icmalını və bu iddiaların araşdırılmasının davam edəcəyi” haqda bilgiləndirib.

Tramp bildirib ki, Baş prokurorun müavini Ceff Rozen baş prokurorun səlahiyyətlərini icra edəcək. Yanvarın 20-də Baydenin andiçmə mərasimi keçirilənədək o vəzifədə qalacaq.

“Səhifəni çevirməyin vaxtıdır”

Bayden isə qələbəsi təsdiqlənəndən sonra xalqa müraciətində Seçici Kollegiyasının təsdiqlədiyi 306-232 səs fərqinin Trampın 2016-cı ildəki qələbəsi ilə eyni olduğunu deyib. O zaman respublikaçılar bunu “böyük qələbə” adlandırmışdılar. Bayden Trampı və müttəfiqlərini nəticələri qəbul etməməklə “xalqın iradəsinə” meydan oxuduğuna görə tənqid edib.

O, Texas ştatında qaldırılmış, Baydenin bir neçə başqa ştatda qələbəsinin ləğvini istəyən məhkəmə iddiasını “indiyədək görmədiyimiz aşırı mövqe” adlandırıb.

Ali Məhkəmə dekabrın 11-də məhkəmə iddiasını rədd etməsəydi, “20 milyon amerikalının səsi silinmiş olacaqdı”, – Bayden deyib.

“Amerikanın ruhu uğrunda bu savaşda demokratiya üstün gəldi. Biz, xalq səs verdik. İnstitutlarımıza inam qüvvədə qaldı. Seçkilərinin bütövlüyünə toxunulmadı. Və indi səhifəni çevirməyin vaxtıdır. Birləşməyin. Sağalmağın”, – o vurğulayıb.

***

ABŞ-ın Seçici Kollegiyası Co Baydenin ABŞ prezident seçkisində qələbəsini rəsmi qaydada təsdiqləyib.

Kaliforniya ştatı üzrə 55 kollegiya səsinin hesablanmasının ardınca Bayden ona qələbə üçün lazım olan 270 səsə sahiblənib.

Dekabrın 14-də ştatlar üzrə səsvermə başa çatdıqdan sonra Baydenin ümumilikdə 306 kollegiya səsini qazanacağı gözlənilir.

İndiki prezident Donald Trampın 232 səsi var.

Seçki Kollegiyasının səsverməsi adi vaxtlarda formal xarakter daşısa da, 2020-ci il seçkisinin proseduru diqqət mərkəzində olub.

Donald Tramp seçki pozuntuları ilə bağlı 40-dək məhkəmə iddiasını uduzsa da, prezident seçkisində məğlubiyyətini qəbul etmir.

O Ali Məhkəməyə verdiyi iki şikayəti də uduzub.

İndi Seçki Kollegiyası səsverməsinin nəticəsi Vaşinqtona göndəriləcək və Konqresin 6 yanvarda keçiriləcək birgə sessiyasında elan olunacaq.

Bu sessiyaya vitse-prezident Mayk Pens sədrlik etməlidir.

XS
SM
MD
LG