Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:53

Trump Ziya və Anar Məmmədovlara görə sorğu-suala çəkilir


Bakıda Trump otel qülləsi - Washington Post-dan görüntü
Bakıda Trump otel qülləsi - Washington Post-dan görüntü

.

Associated Press agentliyinin müxbiri Jeff Horwitz yazır ki, Donald Trump ABŞ prezidentliyi uğrunda namizəd yarışına daxil olandan 6 ay əvvəl Azərbaycanın paytaxtI Bakıda özünün mülk layihəsini elan etmişdi.

“Onun tərəfdaşı, ABŞ diplomatlarının İran hərbiyyəsi üçün çirkli pulların yuyulmasında iştirak etməkdə şübhəli bildikləri və “korrupsiyada ad çıxarmış” hökumət nazirlərindən biri idi” – yazır müxbir.

Jeff Horwitz qeyd edir ki, “amma indi 18 ay keçmiş və qızı İvanka Trump az qala başa çatmış layihənin reklam videosunun təqdimatını edəndən bir neçə həftə sonra Bakı layihəsi Trump-ın internet saytından yoxa çıxıb”.

İvanka Trump seçki kampaniyasında atasını dinləyir
İvanka Trump seçki kampaniyasında atasını dinləyir

Trump-ın baş müvəkkili Alan Garten Associated Press agentliyinə deyib ki, layihə iqtisadi səbəblərə görə hələlik dayandırılıb.

Məqalədə deyilir ki, Trump yalnız ən yaxşı adamlarla iş gördüyünü dəfələrlə vurğulasa da, belə görünür, o heç də həmişə partnyorları haqqında bütün təfərrüatları öyrənmir.

Bu da qeyd olunur ki, Trump-ın komandasının insanları yoxlamaq qabiliyyəti xüsusilə də indi böyük əhəmiyyət kəsb etməyə başlayır. Beləki o Ağ Evə qədəm qoyarsa, ölkənin təhlükəsizliyi və iqtisadiyyatı sahələri də daxil, mühüm vəzifələrə 3600-dək yeni təyinat elan edəcək.

Ata oğuldan xəbərsizmiş…

Jeff Horwitz yazır ki, Garten Azərbaycan biznesi barədə suala cavab verərkən Trump təşkilatının partnyoru barədə müfəssəl yoxlama aparıldığını, lakin onun atası haqqında iddiaların araşdırılmadığını söyləyib, beləki o bu sövdələşmənin iştirakçısı olmayıb.

Partnyorun atasının İran üçün çirkli pulların yuyulmasında iştirakı barədə ABŞ-ın dipliomatik məktublarında qeyd olunmuş iddialar haqqında sula Garten “mən bu barədə əvvəllər heç nə eşitməmişəm” – deyib.

Anar Məmmədov prezident İlham Əliyevi müşayiət edənlərin arasında
Anar Məmmədov prezident İlham Əliyevi müşayiət edənlərin arasında

Garten daha sonra deyib ki, o, haqqında İran pullarının yuyulmasında iştirakı barədə iddialar səsləndirilən Ziya Məmmədovun öz oğlunun biznesi ilə əlaqəli olmadığına əmin olub.

Jeff Horwitz yazır ki, əslində Trump-ın partnyorunun əsas bizneslərinin atasının nazirliyi ilə bağlı olduğu bəllidir.

AP-nin məqaləsində deyilir ki, Ziya Məmmədov agentliyin telefonda qoyduğu mesajlara və Vaşinqtondakı Azərbaycan səfirliyinə göndərilmiş emaillərə cavab verməyib.

Garten agentliyə bildirib ki, Trump-ın şirkəti hər hansı kontraktları bağlamazdan əvvəl parnyorları barədə kəşfiyyat məlumatları toplayır, habelə İnterpolun, BMT-nin və başqa beynəlxalq təşkilatların order və sanksiyalar siyahılarını yoxlayır.

“Baş alıb gedən məmur korrupsiyası”

Məqalədə deyilir ki, Trump 2013-cü ildə başqa bir biznes partnyorunu niyə əvvəlcədən yoxlamadığı barədə suala həmin adam haqqında ona şifahi məlumat verildiyini bildirmişdi.

"Biz onun haqqında bir neçə adamdan yaxşı şeylər eşitmişdik” – demişdi Trump.

Trump-ın əsas müvəkkili Garten isə bildirib ki, onun rəisinin aparılmış bütün yoxlamalar barədə məlumatlı olmasını gözləmək düzgün deyil.

Müxbir Dövlət Departamentinə istinadən yazır ki, “Azərbaycanda biznes qurmaq istəyən hər bir amerikalı belə bir risklə üzləşir: “baş alıb gedən məmur korrupsiyası”.

“Bu pulun böyük hissəsi neft və qaz sənayesindən gəlir, lakin Dövlət Departamenti hesab edir ki, bu ölkə terror maliyyəçilərinin, İran sanksiyalarından yayınanların və Əfqanıstan narkobaronlarının marşrutu sayılır” – deyilir AP-nin məqaləsində.

Müxbir yazır ki, Trump-ın Bakı partnyoru, nəqliyyat nazirinin oğlu Anar Məmmədov da Associated Press tərəfindən onun sosial media və email ünvanlarına göndərilən sorğulara cavab verməyib.

Garten isə bildirir ki, Trump şirkəti Anar Məmmədova dair bütün lazımı məlumatları öyrənib və onun atası bu layihədə heç bir rol oynamayıb.

Söhbət dədədən gedir

Jeff Horwitz yazır ki, Azərbaycan üzrə ekspertlər Trump-ın və ya başqa birisnin bunu bilməməsindən möhkəm təəccübləniblər.

AP müxbiri qeyd edir ki, diplomatlar və QHT-lər Anar Məmmədova atasının biznes maraqlarının icraçısı kimi baxırlar. Məqalədə deyilir ki, Anarın biznesi atasının nazirliyindən müntəzəm dəstək və dövlət sifarişləri alır.

"Bunlar özbaşına öz bizneslərində olan adamlar deyillər – burda da söhbət dədədən gedir, - deyib ABŞ-ın 1990-cı illərdə Bakıda səfiri olmuş Richard Kauzlarich” – yazır müxbir.

Azərbaycandakı keçmiş ABŞ səfiri Richard D Kauzlarich
Azərbaycandakı keçmiş ABŞ səfiri Richard D Kauzlarich

Jeff Horwitz xatırladır ki, Anar Məmmədov bir neçə müsahibələrində 2000-ci ildə təsis etdiyi Garant Holding şirkətinin xələfi olan firmanın nəqliyyat, tikinti, bank işi, telekommunikasiya və sənaye sahələrində qolları olduğunu bildirib.

Müxbir yazır ki, o vaxtlar Anarın 19 yaşı olmalı idi. Anar Məmmədov sonralar biznesə 2005-ci ildə başladığını deyib, halbuki onun bir çox filial ofisləri bu tarixdən əvvəl fəaliyyətdə idi.

“Gənc Məmmədov öz biznes imperiyasını sadəcə qəzet paylayan kuryer kimi çalışmaqla qurmayıb” – deyib ki, ABŞ-ın Azərbaycandakı daha bir keçmiş səfiri Matt Bryza” – yazır müxbir.

AP-nin məqaləsində qeyd olunur ki, ABŞ-ın 2009-cu ildə sızmış diplomatik yazışmalarında Ziya Məmmədov hətta Azərbaycan kimi bir yer üçün də “son dərəcə korrupsiyalı şəxs” adlandırılıb.

Bu diplomatik yazışmalarda bildirilirdi ki, magistral yollardan birinin tikintisi üçün dövlət sifarişi Ziya Məmmədovun yaxın iştirakı ilə İran İnqilab Keşikçiləri Qvardiyasının keçmiş hərbçisi Kamal Darvishi-yə həvalə olunub.

Qeyd edək ki, iyunun 4-də yayılmış bu məqaləyə hələlik nə nazir Ziya Məmmədov, nə də onun oğlu Anar Məmmədovun təmsilçilərindən hər hansı reaksiya verilməyib.

Prezidentlik toxunulmazlığı olmayacaq

Jeff Horwitz yazır ki, Bakıdakı otel layihəsi başa çatmasa da, Trump-a əhəmiyyətli məbləğdə ödəniş edilib.

Məqalədə deyilir ki, Trump-ın prezidentliyə namizədlik kampaniyasının açıqladığı bəyannamədə onun heç açılmayan otelin menecment xidmətləri üçün 2,5-2,8 milyon dollar qazandığı bildirilib.

Associated Press agentliyinin məqaləsində Trump-ın Azərbaycandan başqa yerlərdə də şübhəli bizneslərindən söhbət gedir.

Ötən həftə Nyu York şəhərinin baş prokuroru Eric Schneiderman mediaya bildirmişdi ki, Donald Trump-ın “Trump Universiteti” ilə əlaqədar təhqiqat işi aparılır.

Prokurorun fikrincə, Donald Trump “adı var, özü yox universitetdən” fırıldaq yolu ilə 5 milyon dollar qazanıb.

Eric Schneiderman deyib ki, Trump-la bağlı daha iki dələduzluq işi də təhqiqatdadır.

Baş prokurorun sözlərinə görə, bu işlər məhkəməyə çatanda Donald Trump artıq Ağ Evə sahiblənmiş ola bilər, lakin ABŞ prezidentliyi “mülki dələduzluq işlərində” toxunulmazlıq vermir.

XS
SM
MD
LG