Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:43

Keçmiş sovet məkanında inqilabsız demokratik seçki mümkündürmü?


Keçmiş SSRİ və onun əhalisinin xəritəsi
Keçmiş SSRİ və onun əhalisinin xəritəsi
Ukraynada parlament seçkilərində namizəd kimi 40 etnik azərbaycanlı iştirak edib. Bu, yəqin ki, həm yaradılan imkanları, həm də seçkidə iştirak edənlərin seçkinin demokratikliyinə inamını göstərir. Seçkidən sonra da ATƏT Ukraynadakı seçkiləri demokratik və ədalətli adlandırdı. Bu qiyməti də ATƏT nadir hallarda verir

Ukraynadakı son parlament seçkilərindən sonra post-sovet məkanında demokratik seçkilərin keçirilməsində inqilab amilinin nə dərəcədə rol oynadığı indi Azərbaycanda siyasi yöndən fəal çevrələri düşündürən sualdır. Regionda gedən prosesləri izləyən bəzi yerli ekspertlərin rəyinə görə, Ukraynada keçirilən parlament seçkiləri Baltikyanı ölkələri çıxmaqla keçmiş Sovetlər məkanında beynəlxalq standartlara cavab verən ilk seçkidir.


«Hüquq və İnkişaf» İctimai Birliyinin sədri Hafiz Həsənov deyir ki, Ukraynada belə bir demokratik seçkinin keçirilməsində «narıncı inqilab»ın rolu çox böyükdür. Hafiz Həsənovun sözlərinə görə, Viktor Yuşşenko sübut etdi ki, hakimiyyətin iradəsi olarsa, keçmiş Sovetlər məkanında da demokratik seçki keçirmək mümkündür. Onun gəldiyi nəticəyə görə, inqilab olmadan isə Viktor Yuşşenkonun Ukraynada hakimiyyətə gəlməsi çox çətin olacaqdı. Ancaq Hafiz Həsənov deyir ki, inqilab baş verən bütün ölkələrdə seçkilərin demokratik keçiriləcəyini düşünmək də sadəlövhlük olar: "Mən şəxsən əmin deyiləm ki, Qırğızıstanda da keçiriləcək seçkilər demokratik olacaq. Baxmayaraq ki, orada da inqilab baş verib".


Azərbaycanın yaxın tarixinə nəzər yetirəndə də, inqilab amilinin seçki təcrübəsində oynadığı rolu görməmək mümkün deyil. Ancaq həmin təcrübəyə əsasən də demokratik seçkilər üçün inqilabın rolu ilə bağlı birmənalı hökm vermək çətindir.


1992-ci ilin mayında Azərbaycanda baş verən məlum hakimiyyət dəyişikliyindən bir neçə ay sonra prezident seçkiləri keçirildi. Həmin hakimiyyət dəyişikliyindən seçkilərə qədər olan qısa dövr ərzində təkcə mərkəzi yox, həm də yerli hakimiyyət orqanları tamamilə inqilabi qüvvələrin – Xalq Cəbhəsinin əlinə keçmişdi. Prezidentlik uğrunda əsas mübarizə isə Xalq Cəbhəsinin namizədi mərhum Əbülfəz Elçibəylə akademik Nizami Süleymanov arasında gedirdi. Seçki günü ölkənin əksər yerlərində Əbülfəz Elçibəyin qələbəsi elan edilsə də, Xaçmaz rayonu da daxil olmaqla bir neçə bölgədə Nizami Süleymanov üstünlük qazanmışdı.


Həmin vaxt Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı işləyən Müqəddəs Mehdiyev deyir ki, o yerli dairə seçki komissiyasına hər hansı namizədin, o cümlədən də mənsub olduğu təşkilatın sədri Əbülfəz Elçibəyin xeyrinə təzYiqlər göstərməmişdi. Müqəddəs Mehdiyevin sözlərinə görə, Xaçmaz rayonunda Nizami Süleymanovun qələbə çaldığı məlum olduqdan sonra isə o, Xalq Cəbhəsindən olan bəzi dövlət məmurlarının tənqidləri ilə qarşılaşıb: "Bakıda hakimiyyətdə olan bəzi cəbhəçilər deyirdi ki, görünür Xaçmazda hakimiyyət rıçaqları zəif olub ki, orada Əbülfəz Elçibəyin qələbəsini təmin etmək mümkün olmayıb. Siz fikir verin, onlar seçkidə hakimiyyət rıçaqlarının güclü olub-olmamasına əhəmiyyət verirdilər".


Bununla belə, Müqəddəs Mehdiyev deyir ki, məhz o vaxt Azərbaycanda baş verən inqilabi dəyişikliklərdən sonra azad və ədalətli seçkilərə müəyyən qədər də olsa, şərait yaranmışdı. Onun sözlərinə görə, üstəlik Əbülfəz Elçibəyin də əksər dairələrdə qələbə çalmasında seçicilərə verilən bu sərbəstliyin təsiri olmuşdu.


Müqəddəs Mehdiyev deyir ki, seçkilərin demokratik keçirilməsi üçün tək inqilab kifayət deyil. Onun sözlərinə görə, həm qanunvericilik təkmilləşdirilməli, həm xalqın fəallığı artmalı, həm də hakimiyyətin iradəsi olmalıdır. Ancaq bu sadalananların gerçəkləşməsi üçün hansı yolun seçiləcəyi bir qədər mübahisəlidir.


Yeni Azərbaycan partiyasından olan millət vəkili Aydın Mirzəzadə demokratik seçkilərdə inqilab amilini tamamilə yersiz sayır. Onun fikrincə, Azərbaycan inqilab olmadan, təkamül yolu ilə demokratik seçkilər keçirmək istiqamətində məqsədinə yaxınlaşmaqdadır: "Avropa Şurasının nümayəndələri bizə deyirdilər ki, səslərin sayılması prosesi zamanı 47 faiz dairələrdə pozuntu olub. Mən onlara sual etdim: bəs 53 faizində necə? Onlar təsdiq etdilər ki, 53 faiz məntəqələrdə hər şey demokratik olub. Siz fikir verin, 5 il əvvəl heç bu inkişafdan da danışmırdılar".


Ancaq Aydın Mirzəzadə Azərbaycanda təkamül prosesinin nə qədər çəkəcəyini demir. Üstəlik, Azərbaycanda islahatların təkamül yolu ilə getdiyi də bir çoxlarına mübahisəli görünür. Elə seçkilərə verilən qiymət kimi. ATƏT və müxalifət son parlament seçkilərinin bir sıra beynəlxalq standartlara cavab vermədiyini deyir. Hakimiyyət isə hesab edir ki, bu seçkilərlə Azərbaycan demokratiya istiqamətində bir qədər də irəliyə gedib.


XS
SM
MD
LG