Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:40

TQDK texnikumlara qəbul kampaniyasına start verdi


Texnikumlara abituriyentlərin meyli azalır
Texnikumlara abituriyentlərin meyli azalır

İyulun 17-dən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta-ixtisas məktəblərinə tələbə qəbuluna başlayıb. Orta məktəb məzunları ilə yanaşı, 9 illik orta təhsil bazasına malik olanların da sənəd vermək hüququ var. İxtisas seçərkən abituriyentlərin bir qayda olaraq dövlət və özəl ali məktəblərə üstünlük verdiyi təqdirdə texnikumlara maraq hansı səviyyədədir?


Ekspertlərin fikrincə, ali məktəblərə qəbul imtahanlarının test üsulu ilə aparılması texnikumlara marağın azalmasına səbəb olan amillərdən biridir. Sovet dövründə qəbul prosesi subyektiv səbəblər üzündən çətinləşdirildiyindən xüsusən kasıb təbəqədən olan insanlar texnikum ixtisası almağa yönəlirdi. Test üsulunun tətbiqi isə ali məktəblərə gedən yolu asanlaşdırdığından indi orta məktəb məzunlarının əksəriyyəti sosial statusundan və bilik səviyyəsindən asılı olmayaraq universitet ixtisaslarına üstünlük verirlər. Bir müqayisə aparmaq da yerinə düşər ki, sovet dövründə hansısa orta ixtisas məktəbini bitirən şəxslərə istehsalatın müvafiq sahəlində çalışmaq üçün təyinat verilirdi. Hazırda bu sisteminin də, yəni, istehsalatla texnikum arasında əlaqənin itməsi də bu təhsil ocaqlarına cəmiyyətdə marağın azalmasına gətirib çıxarıb. Bir çox texnikumların profillərinin dəyişdirilməsi, bəzilərinin kollec adlandırılması belə bu məktəblərinin aşağılayan reytinqinə təsir etməyib.


Təhsil Nazirliyinin İcra Aparatının rəhbəri İlham Pirməmmədov da hesab edir ki, kolleclərə sovet dövrüylə müqayisədə az abituriyent maraq göstərir. Halbuki, ölkədə orta-ixtisas məktəblərini bitirmiş mütəxəssislərə böyük ehtiyac var.


Cənab Pirməmmədovun fikrincə, orta məktəblərdə buraxılış imtahanların test üsuluyla verilməsi abituriyentlərin imkanlarını bir daha ortaya qoyacaq və biliyi aşağı olanlar daha ali məktəbə yox, kolleclərdə təhsilə maraq göstərəcəklər. Digər tərəfdən, İlham Pirməmmədov hesab edir ki, kolleci bitirənlərin iş tapa bilməsində problemlər olmasa, bu texnikumların əvvəlki nüfuzunu qaytarar.


TQDK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hikmət Kazımovsa iddia edir ki, texnikumlara abituriyentlərin meyli ildən-ilə artır. Bunu qəbul planı da göstərir. Ötən il qəbul planı 7700-dən bir qədər artıq idisə, bu il artıq 8 mini ötüb.


Azərbaycanda kifayət qədər özəl ali məktəb olmasına baxmayaraq, kollec açmaq istəyən yoxdur. İlham Pirməmmədov bunu kolleclərin rentabelli olmamasıyla izah edir.


Hazırda Azərbaycanda 70-ə yaxın kollec fəaliyyət göstərir. Sovet dövründə isə texnikumların sayı 100-dən çox idi. İlham Pirməmmədov deyir ki, onların bəziləri bağlandı, bir neçəsi birləşdirildi. İndi kolleclərdə tədris edilən ixtisaslar da dövrün tələblərinə uyğunlaşdırılıb. Burda bank işi, maliyyə-kredit, sığorta işi, gömrük və bu kimi müasir peşələrə, hətta xarici dil müəllimi ixtisasına da yiyələnmək olar. Cənab Pirməmmədov deyir ki, kolleclərin maddi-texniki bazası da imkan dairəsində müasirləşdirilib.


XS
SM
MD
LG