Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:15

İran və Türkmənistan Rusiyadan etibarlıdırmı?


«Nabucco» layihəsi
«Nabucco» layihəsi
«Financial Times»

AZƏRBAYCAN RUSİYANIN ƏLİNƏ OYNAYA BİLƏR

Doğrudur, iyunun 13-də 5 ölkənin «Nabucco» qaz kəməri layihəsi ilə bağlı imzaladığı sazişi «buludları yarıb Avropanın enerji siyasətinə işıq salan zəif şüa» adlandırmaq olar. Amma Avropanın enerji təhlükəsizliyi hələ də ciddi problemlərlə üz-üzədir.

Bilinmir ki, «Nabucco»ya vurulacaq qazı kim verəcək – İran, İraq, Türkmənistanı risksiz mənbə adlandırmaq çətindir. Azərbaycan isə Avropanın maraqlarının əleyhinə gedə, «Nabucco»nun rəqibi olan «Cənub axını» layihəsinə qaz axtaran Rusiyanın əlinə oynaya bilər.

Düzdür, əgər reallaşarsa, «Nabucco» Avropanın Rusiyadan asılılığını azalda bilər. İndi Avropa istifadə etdiyi qazın yarısını Rusiyadan alır və Moskva qaz təchizatını siyasi məqsədlər üçün istifadə etməyə hazırdır. Amma İran və Türkmənistandan asılı olmaq çətin ki, bundan yaxşı sayıla.

Keçən qış Şərqi Avropa ölkələri Rusiyadan gələn qaz kəsilərkən soyuq qış reallıqları üz-üzə qaldılar. Bir də belə halların baş verməməsi üçün Avropanın qaz paylama sistemi vahid, əlaqəli hala gətirilməlidir ki, qaz kəsilməsi halında ölkələr bir-birini sığortalaya bilsinlər.

«International Herald Tribune»

MERKEL ENERJİDƏN DANIŞANDA HEÇ «NABUCCO»NUN ADINI DA ÇƏKMƏDİ

Qəzet Almaniyanın Avropanın enerji təhlükəsizliyi ilə bağlı məsələdə yürütdüyü ikili siyasətdən yazır. O mənada ki, Almaniya bir tərəfdən Rusiyadan yan keçən «Nabucco» layihəsinə dəstək verən kimi görünür, amma o biri tərəfdən Rusiyadan birbaşa kəmər layihəsi – «Şimal axını» vasitəsilə qaz almağa çalışır.

Bu ilin fevralında Münxendəki beynəlxalq enerji təhlükəsizliyi toplantısında Almaniya kansleri Merkel enerjidən danışanda heç «Nabucco»nun adını da çəkmədi.

«Nabucco» kəmərinə dair sazişin imzalanması, 13 iyul 2009
Aprel ayında, Amerika rəsmilərinə görə, Almaniya (Fransa ilə birlikdə) Rusiyaya münasibətdə «konfrantasiyaya gedən tərəf kimi görünməsinlər» deyə NATO-nun Brüsseldəki sammitinin bəyannaməsində heç «enerji» və «təhlükəsizlik» sözlərini yanaşı işlətməyiblər.

Bir Amerika rəsmisi deyib ki, ona bu mövqeyi belə izah ediblər ki, «Rusiyadan enerji məsələsində asılı olmaq həm də o deməkdir ki, Rusiya Qərbdən nağd pul məsələsində asılıdır».

Avropa Komissiyası «Qazprom»u inhisarçı kimi məhkəməyə vermək müzakirələrini dəstəklədiyi bir vaxtda Almaniya buna qarşı çıxıb.
Amerika isə ad çəkmədən Almaniyanın ikili oyununa etirazlarını bildirir.
Amerikanın Dövlət katibi Hillari Klinton deyib ki, Rusiya OPEC-ə oxşar qaz karteli yaratmağa çalışır: «Bu, bizim təhlükəsizliyimizə böyük təhlükədir. Biz özümüzün ziyanına olaraq bu təhlükəni görmürük».

«Washington Post»

ANKARADA BAĞLANAN SAZİŞ MEDVEDEVİN TSXİNVALİYƏ SƏFƏRİNDƏN DAHA SƏMƏRƏLİ BİR ADDIMDIR

Amerika prezidenti Obama Moskvada olarkən Rusiyanı öz qonşularına münasibətdə «19 əsr metodları»ndan istifadə etməməyə çağırsa da, üstündən bir həftə keçməmiş Rusiya prezidenti Medvedevin sorağı Gürcüstanın separatçı bölgəsi olan Cənubi Osetiyadan gəldi.

Onun bu səfəri göstərdi ki, Moskva öz qonşularını vassala çevirmək planlarından əl çəkmək fikrində deyil.

Dmitri Medvedev Tsixinvalidə, 13 iyul 2009
Bu baxımdan iyulun 13-də 5 ölkənin Ankarada Rusiyadan yan keçən qaz kəməri layihəsi ilə bağlı saziş imzalaması, Rusiyadan qaz asılılığını azaltmaq üçün ilk addımı atması çox yerinə düşür.

Rusiyanın onun vassalına çevrilmək istəməyən Ukraynaya qarşı qaz kəmərlərindən bir «siyasi alət» kimi istifadə etməsi Avropa ölkələrinə də dərs oldu.

Moskva ilə əlavə qaz təchizatı haqda danışıqlar aparan Avstriya və Macarıstan öz enerji təhlükəsizliklərinin Rusiyadan yan keçən kəmərlə bağlılığını dərk etdilər.

«Nabucco» ilə bağlı illüziyalara qapılmağa dəyməz. Əgər reallaşarsa, o, 2014-cü ildən sonra Avropanın istifadə etdiyi qazın 10 faizini verə bilər. Azərbaycan, İraq, Suriya, İraq, Misir, Türkmənistan layihəyə maraq göstərsələr də, rəsmi olaraq kəməri qazla təchiz etmək razılığı verməyiblər.

Amma bütün bunlara baxmayaraq, Ankarada bağlanan saziş Medvedevin Tsxinvaliyə səfərindən daha səmərəli bir addımdır.
XS
SM
MD
LG