Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:20

«Gör o uşağın anası nələr çəkir…»


Azərbaycanda əlil uşaqların sayı 2008-ci ildə isə 55 min 88 nəfərə çatıb
Azərbaycanda əlil uşaqların sayı 2008-ci ildə isə 55 min 88 nəfərə çatıb
«ƏLİL UŞAĞI EVDƏ OTURDA-OTURDA, O DA, ÖZÜM DƏ PSİXOLOJİ ZƏRBƏLƏR ALIRDIQ»

...Xavər Əliyevanın qızı Səbinə əlildir. O deyir ki, əvvəllər qızını adamlardan gizlədirmiş, onun həmyaşıdlarıyla ünsiyyət qurmasından çəkinirmiş. Görəndə ki, bu çəkingənlik həm özündə, həm də uşaqda əlavə psixoloji problemlər yaradır, qızını cəmiyyət arasına tez-tez çıxarmağa başlayıb:

«Mən indi ondan utanmıram. Əksinə, bu cür uşaqların başqalarıyla daha çox ünsiyyət qurmasına çalışmaq lazımdır. Onlar bütün günü evdə oturmalı deyillər, çıxıb gəzməli, hava qəbul eləməlidirlər. Əvvəl o qorxub çəkinirdi, indi isə evdə olanda darıxır. İndi qızımda çox irəliləyiş hiss edirəm. Adamlara daha çox qaynayıb-qarışmaq istəyir».

X.Əliyeva deyir ki, ancaq yenə də əvvəl olduğu kimi qızını əlil arabasıyla şəhərdə gəzdirəndə əlil arabaları üçün yolların olmamasından, adamların yad baxışlarından əziyyət çəkir.

ƏLİL UŞAQLARIN 90 FAİZİ KÜÇƏYƏ ÇIXMAĞA UTANIR

Azərbaycandakı bütün əlil uşaqlar Səbinə kimi ünsiyyətcil deyil. Onların çoxu evdən bayıra çıxmır. «Qönçə» Əlil Uşaqların Müdafiəsi Komitəsinin rəhbəri Həyat Güləhmədova deyir ki, bu uşaqları cəmiyyətə çıxarmaq istəyən fəal valideyn qrupları yaratmaq lazımdır:

«Əlil uşaqlar üçün bərpa mərkəzlərinin, valideyn klublarının sayını çoxaltmağa çalışırıq. Hər mərkəzdə heç olmasa 50 uşaq olsa, mərkəzlərin sayı da artsa, bütün uşaqlar əhatə oluna bilər. Hər uşağa fərdi yanaşmaq lazımdır».

«Birliyə Doğru» Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin rəhbəri Zərifə Quliyeva isə əlil uşaqlara dövlət yardımının cüzi olmasından narahatdır. O deyir ki, 30-40 manatla bu uşaqlara lazım olan qayğını vermək olmaz. Üstəlik, cəmiyyətin münasibəti də əlil uşaqlara mənfidir:

«Günün birində təşkilatımızın üzvü olan Hüseyn adlı əlil bir uşaqla əlil arabasında gəzməyə çıxdım. Bilərəkdən taksiyə minmədim. Yollarda, metroda çox çətinliklərlə üzləşdik. Vaqona girəndə isə adamların baxışları məni dəhşətə gətirdi. Yazığı gələnlər də vardı, «bu vəziyyətdə uşağı bayıra niyə çıxardırsan, qoy evdə otursun» deyib məzəmmət edənlər də. Həmin vaxt çox sıxıldım. Gör o uşağın anası nələr çəkir…»

DAD YARIMÇIQ ƏLİNDƏN

Mütəxəssislər deyirlər ki, əlil uşaqların problemlərinə ilk növbədə hökumət, sonrasa cəmiyyət yardım göstərməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Azad Tağızadə deyir ki, 18 yaşına qədər əlil uşaqlara 35-50 manat təqaüd verilir. Şöbə müdiri internatda olan əlil uşaqların ailələrə qaytarılması planını dövlətin qayğısı kimi qeyd edir:

«Artıq bu proqram qəbul olunub, nazirliklərə tapşırıqlar verilib. Neçə nazirliyin birgə işçi qrupları var. Həm də gələcək üçün əlil uşaqlar olan ailələrdə şəraiti dəyişdirmək, əlavə müavinətlər vermək də nəzərdə tutulur».

Konkret vaxta gəldikdə isə, nazirliyin əməkdaşı bunun yaxın vaxtlarda reallaşacağını deyir.

Bakı Şəhər İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə şöbəsindən verilə məlumata görə, 2007-ci ildə Azərbaycanda əlil uşaqların sayı 55 min 66 nəfər olub, 2008-ci ildə isə 55 min 88 nəfərə çatıb. Azərbaycanda təhsil almaq imkanı olan 20 min əlil uşaqdan isə yalnız 5 min nəfəri məktəbə gedə bilir.
XS
SM
MD
LG