Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:57

Kürqırağında sakinlər dava döyür


Daşqınlarla bağlı Sabirabadın bir neçə kəndi arasında dava düşüb. Məlumatı AzadlıqRadiosuna Cəngən kənd sakini Mahir Qəhrəmanov verib. O bildirir ki, Sabirabadın su içərisində qalan Həşimxanlı və daha bir neçə kəndinin sakinləri suyu digər tərəfə yönəltmək üçün qonşuluqdakı bəndi dağıtmağa başlayıblar. Həmin bənd isə Muğangəncəli, Cəngən, Çiçəkli və Salmanlı kəndlərini daşqınlardan qoruyur. Ona görə də birincilərin bəndi dağıtmaq istəyi ikinci tərəfin etirazı ilə qarşılanıb.

Adı çəkilən dörd kəndin sakinləri və bir neçə polis bəndin dağıdılmasının qarşısını almağa çalışırlar.

Təhlükəyə məruz qalan dörd kəndin sakinləri yaranmış vəziyyətlə bağlı Daxili İşlər Nazirliyi və digər qurumlara müraciət etdiklərini deyirlər.

Hadisə yerinə Salyan və Biləsuvar polis idarələrinin əməkdaşlarının gəldiyi, qarşıdurmada xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlardan biri Cəngən kənd sakini İntiqam Hüseynov Salyan xəstəxanasına aparılıb.

Bir neçə gün əvvəl Dövlət Dəmiryol İdarəsinin sözçüsü Nadir Əzməmmədov AzadlıqRadiosuna bildirmişdi ki, Salyan rayon mərkəzinin və bir neçə kəndin su altında qalmaması üçün həmin ərazidəki Azadkənd kəndi yaxınlığından keçən dəmiryolu xətti bir neçə yerdən dağıdılıb və suyun istiqaməti Muğan çöllüyünə yönəldilib. Bölgə sakinlərinin dediyinə görə, bu da gərginliyi aradan qaldırmayıb.

Kürqırağı bəzi ərazilərdə də bəndlərin dağılma təhlükəsi yaranıb. İlk daşqınlara məruz qalan Sabirabadın Qaragüney kəndi yenidən təhlükədədir. Kəndin lap yaxınlığındakı bəndin uçma təhlükəsi yaranıb. Sakinlərdən aldığımız məlumata görə, əraziyə texnika cəlb edilib.

Ən kritik vəziyyət isə Saatlı və İmişli rayonları arasındakı Sarısu gölü ətrafındadır.
XS
SM
MD
LG