Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:50

«Brayza çox yaxşı namizəddir»


ABŞ Dövlət katibinin keçmiş müavini David J.Kramer
ABŞ Dövlət katibinin keçmiş müavini David J.Kramer
ABŞ Dövlət katibinin keçmiş müavini David J.Kramerin bloq yazısı

«Axırıncı yazımda dövlət katibi Hilari Klintonun iyulun əvvəlində Polşaya və Gürcüstana səfərini alqışlamışdım. Ancaq onun Bakıda dayanmasından narahatlığımı da bildirmişdim. Həftələr keçməyinə baxmayaraq, bu narahatlıq qalır. O cümlədən də Azərbaycanın tutduğu istiqamət sarıdan. İşləri pisləşdirən həm də Birləşmiş Ştatların bir ildən çox Azərbaycanda səfirinin olmamasıdır. Səfirliyə namizəd Senatın Xarici Əlaqələr Komitəsindən keçməyib.

KLİNTONUN DÜZGÜN OLMAYAN CAVABLARI

Klinton Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında suallara düzgün cavablar vermədi. Ölkədə insan haqlarına dair suala cavabında Klinton Azərbaycandan son 18 ildə baş verən irəliləyişi, cəhdləri təriflədi. Görüşlərində həbsdə olan iki gənc bloqqerin məsələsini də qaldırdığını dedi.

Jurnalist Eynulla Fətullayevə 3-cü hökmün Klintonun səfərindən dərhal sonra kəsilməsi ABŞ dövlət katibinə əsl hörmətsizlik idi.
Söz azadlığını, müstəqil medianı inkişaf etdirən hansı cəhdlərdən söhbət gedir? Təəssüf, Azərbaycanda bunlardan heç biri baş verməyib. Klintonun bloqqerlərin məsələsini qaldırmağı yaxşıdır, ancaq onun Bakıdan çıxmasından 24 saat sonra məhkəmə həbsdə olan başqa bir jurnalist Eynulla Fətullayevi narkotik saxlama ittihamıyla üçüncü dəfə həbs cəzası kəsdi. Bu hökmün Klintonun səfərindən dərhal sonra kəsilməsi ABŞ dövlət katibinə əsl hörmətsizlik idi. Bir neçə həftə sonra isə məhkəmə Adnan Hacızadənin həbsdən buraxılması iddiasını rədd elədi, çünki o, günahını etiraf eləmədi.

VƏZİYYƏT GETDİKCƏ PİSLƏŞİR


İyulun sonlarında Bakı ətrafında iki jurnalistə hücum olub. İyulun 31-də polis müxalifətin aksiyasını dağıdıb, 100-ə yaxın nümayişçini həbs edib. Bu payız parlament seçkiləri keçiriləcək, siyasi vəziyyət getdikcə daha da pisləşir. Görünür Azərbaycan hakimiyyəti enerji resursları və təhlükəsizlik sahəsində işlərinə arxayınlaşıb istədiyini edir.

AZƏRBAYCANA QARŞI PRİNSİPİAL OLMAQ LAZIMDIR

2003-cü ildə atası öləndən sonra hakimiyyəti miras alan İlham Əliyev bu apreldə Prezident Obamanın nüvə samitinə dəvət olunmadı. Ancaq bu yaxınlarda ABŞ Əliyevə yüksək səviyyədə diqqət göstərməyə başladı. Əvvəlcə Müdafiə naziri Robert Qeyts gəldi, Obamanın dostyana məktubunu gətirdi, sonra Klinton səfər etdi. Birləşmiş Ştatlar Azərbaycana münasibətdə daha prinsipial mövqe tutmalıdır. Dağlıq Qarabağ münaqişəsi də bu ehtiyacı vurğulayır.
Bakıda səfirin olmağı bu niyyətə kömək edərdi. Metyu Brayzanın bu posta namizədliyi bəzi qrupların, həmçinin Amerika Erməniləri Milli Komitəsinin narazılığına səbəb oldu. Maraqlı tərəflər istənilən namizəd barədə narahatlıq bildirə bilərlər. Brayzanın Senatorlarla görüşdə testdən keçdiyi görünür. Baxmayaraq ki, senator Barbara Bokser onun namizədliyinin təsdiqini yubatmağı xahiş edib.

BRAYZAYA QARŞI ƏN GÜCLÜ ARQUMENT

Brayza mənim dostum və keçmiş həmkarımdır. Biz birlikdə Dövlət Departamentində Avropa və Avrasiya bürosunda işləmişik, sonra mən demokratiya, insan haqları və əmək bürosuna keçdim. Brayza çox bacarıqlı diplomatdır, regionu çox yaxşı tanıyır.

Elə Brayzaya qarşı arqumentlərdən biri onun regiondakı oyunçuları çox yaxşı tanımasıdır. Ancaq təcrübəmə əsasən deyə bilərəm ki, bu tanışlıq onu Amerika maraqlarını müdafiə eləməkdən çəkindirməyib, o cümlədən demokratiya və insan haqları sahəsində. 2008-ci ildə insan haqlarının müdafiəsi üçün Bakıya iki dəfə səfər edəndə Brayza mənim və o vaxtkı səfir Ənn Dersin cəhdlərini ancaq dəstəklədi və gücləndirdi. O, media azadlığı, iki bloqqerin həbsi, jurnalistlərin müdafiəsi məsələlərini qaldırdı. Müxalifət və mülki cəmiyyət təmsilçiləri ilə görüşlər təşkil etdi. Həmçinin Gürcüstan prezidenti Saakaşvili fövqəladə vəziyyət elan edib İmedi televiziyasını bağlayanda, onun bərpasında əsas rol oynadı.

Birləşmiş Ştatlara Bakıda səfir çox lazımdır. Mən Brayza ilə tanışlığıma əsasən deyə bilərəm ki, o, bu rolun öhdəsindən əla gələr».

Tərcümə etdi: Arifə Kazımova
XS
SM
MD
LG