Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:46

Fethullah Gulen Türkiyəni Pensilvaniyadan silkələyir


Fethullah Gulen
Fethullah Gulen
-
Bu dəfə Gulen, Erdogan, Türkiyə mövzusuna “Los Angeles Times” qəzetində Timothy M. Phelps toxunub.

Lakin bu məqalənin bu mövzulu başqa yazılardan fərqli cəhəti ondan ibarətdir ki, müəllif Türkiyə baş naziri ilə onun keçmiş müttəfiqi, hazırda ABŞ-ın Pensilvaniya ştatında könüllü sürgündə olan Fethullah Gulen arasında pozulan münasibətlərin Ankara-Vaşinqton münasibətlərinə təsirini ön plana çəkib.

Timothy M. Phelps yazır ki, hökumətin öz opponentləri üzərinə belə sərt hücumu Erdogan-ın Ağ Evlə bir vaxtlar isti olan münasibətlərini korlayıb.

“Gulen İslam itaətkarlığı ilə sufi mistisizmindən ibarət qeyri-adi qarışıq təriqətə rəhbərlik edir. O həmçinin azad bazarı, demokratiyanı və dini dözümlüyü təbliğ edir.
Onun davamçıları dünya boyunca Hizmet adlanan dini, sosial və milli hərəkat yaradıblar.Onlar bütün dünyada məktəblər, şirkətlər və xeyriyyə şəbəkələrinə, həmçinin ABŞ-da 120 məktəbə və çox sayda qeyri-mənfəət qruplarına nəzarət edirlər” – yazır müəllif.

Məqalədə deyilir ki, Gulen öz davamçıları ilə Türkiyədə daha qüdrətlidir. Onun internetlə yayınlanan moizələrindən ilhamlanan çox sayda insan ölkənin polis və ədliyyə, həmçinin ən böyük qəzetini zəbt edib.

“İndi bu adamların korrupsiya təhqiqatını Erdogan-ın iç çevrəsinə itələməsi siyasi hakimiyyət çarpışmasını alovlandırıb” – yazır Timothy M. Phelps.

Məqalədə deyilir ki, genişmiqyaslı təhqiqat artıq üç nazirin istefası, onlarca həbsə səbəb olub. İqtisadiyyata zərbə dəyib, ölkənin milli valyutasının –lirənin məzənnəsi dollarla müqayisədə bu həftə ən aşağı həddinə çatıb.

“Bir vaxtlar ən yaxın siyasi müttəfiqi kimi Gulen-i bağrına basan Erdogan indi ona qarşı genişlənməkdə olan silsilə əks-hücumlara keçib. Hökumət Hizmet məktəblərini bağlayıb və ruhani liderə loyal olduqları düşünülən 2000-dək polisi işdən qovub” – deyilir məqalədə.

“Los Angeles Times” xatırladır ki, prokurorlar Erdogan-ın oğlu Bilal-a qarşı itthamlar irəli sürmək istəyəndə, hökumət 20 yüksək vəzifəli prokuroru postundan azad edib.
Qəzet yazır ki, Türkiyə hakimiyyəti Gulen- ni və onun hərəkatını “gizli olaraq dövlət içində hesabatsız dövlət qurmaq” cəhdində ittiham edir.

Hizmet hərəkatı bu ittihamları rədd edib.

ANKARA-VAŞİNQTON MÜNASİBƏTLƏRİNƏ ZƏRBƏ

Lakin bununla belə, ABŞ-ın strateji müttəfiqi olan bir ölkədəki böhran Obama administrasiyasını çətin vəziyyətə salıb.

Qəzet yada salır ki, Türkiyə Amerika üçün təkcə nümunəvi İslam demokratiyası yox, həm də İncirlikdəki ABŞ hərbi-hava bazasına ev sahibidir.

Ötən may ayında Ağ Evdə Erdogan-la yanaşı dayanan Obama Türkiyə lideri ilə dostluğundan iftixar hissi keçirdiyini bəyan etmişdi.

KEÇMİŞ ABŞ SƏFİRİ GULEN-İ TƏNQİD EDİR

Məqalədə deyilir ki, Dövlət Departamenti indiyədək vəziyyətin daha da alovlandırılmasından çəkinib.

Departamentin sözçüsü Jen Psaki deyib ki, “biz Türkiyədə davam edən korrupsiya təhqiqatlarını yaxından izləyirik və ABŞ, Türkiyə xalqının ədalət və şəffaflığın yüksək standartlarına cavab verən ədliyyə sisteminə malik olmaq arzularını dəstəkləyir”.

Müəllif yazır ki, 2008-2010-cu illər arasında ABŞ-ın Türkiyədəkisəfiri olmuş James Jeffrey Gulen-in hazırkı qarışıqlıqdakı roluna tənqidi yanaşır.

O deyir ki, Gulen polisə və hərbiyyəyə soxula bilən siyasi hərəkat yaradıb və bu adamlar vasitəsilə öz siyasi məqsədlərinə xidmət edir.

“Bu halda isə hətta korrupsiya ittihamları doğru olsa belə, siyasi motivlidir. Bu isə düzgün sayıla bilməz” – deyib keçmiş səfir.
XS
SM
MD
LG