Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:58

Müsavat və ADP-dəki istefalar…


Müşahidəçilərin fikrincə, indi müxalifət düşərgəsinin ən böyük problemi siyasi proseslərdə az fəallıq göstərməsidir
Müşahidəçilərin fikrincə, indi müxalifət düşərgəsinin ən böyük problemi siyasi proseslərdə az fəallıq göstərməsidir

İstər müxalifət partiyalarından gedənlərin, istərsə də fəaliyyətlərini davm etdirənlərin sözlərindən belə çıxır ki, bu düşərgədə müəyyən inamsızlıq hökm sürür. Ona görə də, bəziləri çıxış yolunu partiyaları tərk etməkdə görürlər. Belə xəbərlər ən çox da Müsavat və Azərbaycan Demokrat Partiyası (ADP) ilə bağlı eşidilməkdədir. Hətta avqustun 9-da ADP Ağcabədi rayon şöbəsi adından verilən bəyanatda bütövlükdə bu yerli təşkilatın Azərbaycan Yolu Siyasi hərəkatına keçdiyi bildirilir. ADP-ni son tərk edənlərdən professor Elman Mövsümov deyir ki, onunu bu addımı bütövlükdə müxalifətin gələcəyinə inamsızlıq kimi başa düşülməlidir: «Ümumiyyətlə, indi müxalifət yoxdur. Ona görə çətindir onlarla həyatını bağlamaq. Artıq üfüqdə müxalifətin heç bir perspektivi görünmür…»


ADP rəhbərliyi isə gedənləri qeyri-səmimilikdə günahlandırır. Partiyanın baş katibi Sərdar Cəlaloğlu deyir ki, gedənlərin çoxu müxalifətə şəxsi maraqlarını təmin etmək üçün gəlmişdilər: «Rəsul Quliyev ADP-yə sədr olduqdan sonra, partiyaya öz maraqlarını güdən insanlar da gəldilər. Bu il oktyabrın 16-da Rəsul Quliyev vətənə dönə bilmədikdən sonra bu adamlar, başlayıblar özlərini başqa partiyalara da təklif etməyə…»


Sərdar Cəlaloğlu deyir ki, müxalifətdən gedənlərin çoxu xarici ölkələrə üz tutublar. Onların çoxu heç də müxalifətçilikdən imtina etməyiblər. Sadəcə ailələrini dolandırmaq üçün Azərbaycanı tərk etmək məcburiyyətindədirlər.


Müsavat partiyasını isə sıravi üzvlərlə yanaşı, partiyanın rəhbər strukturlarında çalışan bir sıra funksionerlər də tərk edirlər. Bu günlər Müsavat partiyasından istefa verən, partiya divanının keçmiş üzvü İlham İsmayıl bu addımını partiyada ümumi maraqların təmin edilməməsi ilə izah edib. İlham İsmayılın sözlərinə görə, Müsavat nəticələri ləğv olunmuş 10 dairə üzrə parlamentə keçirilən təkrar seçkilərə getmək və parlamentin işini boykot etmək niyyətindən geri çəkilməklə özünün hakimiyyət iddiasından əl çəkmiş olub. Yəni, hakimiyyətdə kiçik miqyasda təmsil olunmağa razılaşmaqla, bir növ bütövlükdə hakimiyyətə iddiasından əl çəkib. «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, insanların tədricən müxalifət partiyalarını tərk etməsi təbiidir. Çünki müxalifət 13 ildir hakimiyyət iddiasını gerçəkləşdirə bilmir: «Çoxları başa düşür ki, qarşıdan gələn 5-10 ildə də ciddi dəyişiklik olmayacaq. Ona görə də müxalifət partiyalarını tərk etməli olurlar…»


Bir çox müşahidəçilərin fikrincə, indi müxalifət düşərgəsinin ən böyük problemi siyasi proseslərdə az fəallıq göstərməsidir. Əgər ümumi proseslərdə fəallıqlarını artırarsa, müxalifət partiyalarının sıralarını yenidən gücləndirə bilməsi istisna edilmir.


XS
SM
MD
LG