Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:25

Bakıdakı avtosalonlarda maşın satışı dayanıb


Mərkəzi Bank
Mərkəzi Bank

-

Fevralın 24-də mətbuatın başlıca mövzusu manatın məzənnəsinin dəyişməsi, bundan sonra baş verənlər haqqındadır.

«MƏRKƏZİ BANKIN QƏRARI QAÇILMAZ İDİ»

«Azərbaycan» yazır: «Təşvişə və ajiotaja ciddi səbəb yoxdur». Məqalə müəllifinin qənaətincə, ilk baxışdan Mərkəzi Bankın son qərarı valyuta bazarında radikal addım sayılsa da, əslində qaçılmaz idi: «Adi bir misal: son günlərədək Azərbaycan manatı dünyanın ən bahalı valyutalarından hesab olunurdu. Bu, bir tərəfdən Azərbaycan vətəndaşı kimi hər birimizdə qürur hissi doğursa da, digər tərəfdən ölkəmizin ixrac potensialını zəiflədirdi. Çox sadə bir səbəbdən. Məsələn, Azərbaycandan 100 manata alınan hər hansı məhsul idxalçıya 125 ABŞ dollarına başa gəlirdi. Onun üstünə digər xərcləri gələndən sonra isə həmin məhsulun qiyməti təxminən 150 dollaracan qalxırdı ki, bu da xarici bazarlarda qiymət sarıdan rəqabətə davam gətirmirdi».

Qəzet daha sonra Mərkəzi Bankın 16 fevral tarixli məlumatından sonra əhalinin sərəncamında olan manatı kütləvi şəkildə dollara çevirməsi faktına toxunur:

«Bu fakt ölkə əhalisinin bir tərəfdən heç də kasıb olmadığını üzə çıxarsa da, digər tərəfdən AMB-nin valyuta ehtiyatını azaldırdı. Valyuta ehtiyatının azalması isə ölkənin beynəlxalq ödəmə qabiliyyətinin zəifləməsi deməkdir ki, buna da yol vermək olmazdı. İndi budur, artıq əhali dollarını manata çevirməyə başlayıb. Deməli, AMB-nin timsalında həyata keçirilən tədbirlər hədəflənən nəticələri verir.

O ki qaldı manatın dollara nisbətdə ucuzlaşmasının daxili istehlak bazarında qiymətlərə təsirinə, onu da kritik hesab etmək olmaz. Əvvəla, hələ Azərbaycanda neft hasilatının və neftin qiymətinin «pik» vaxtında qeyri-neft sektorunun inkişafı istiqamətində maksimum tədbirlər görülmüşdür və həmin tədbirlər günü bu gün də davam edir... Ona görə də əsas ərzaq məhsullarının qiymətlərinin sıçrayışla bahalaşması gözlənilmir. Dolların bahalaşmasını bəhanə edib qiymətləri süni artıranlara qarşı isə hökumətin müvafiq qurumları ciddi mübarizə aparmağa söz verib».

Təyyarə
Təyyarə

Qəzet yazır ki, əhali ilə banklar arasında da elə bir təşviş doğuracaq problem yaşanmayacaq: «Əhalinin banklardakı əmanətlərinin xeyli hissəsinin xarici valyuta, banklardan götürdükləri kreditlərinsə çox hissəsinin manat olması belə bir ehtimalı kifayət qədər azaldır».

XARİCƏ SƏYAHƏT BAHALAŞACAQ

«Azadlıq» qəzeti «Azərbaycanda «manat zəlzələsi»»dən danışır:

«Turizm şirkətlərindən verilən xəbərə görə, təyyarə biletlərinin qiymətində orta hesabla 25-30 faiz artım var. Məsələn, Bakı-İstanbul-Bakı aviareysinə biletin qiyməti manat ucuzlaşmazdan əvvəl 260 manat 98 qəpik idisə, indi həmin biletin qiyməti 342 manat 87 qəpik olub. Bakı-Minsk-Bakı təyyarə reysinə bilet əvvəllər 298 manat idi. İndi isə həmin bilet 392 manat 17 qəpikdir».

Qəzet turizm şirkətlərinin xidməti dayandırdığını, xaricə səyahətin 30%-dək bahalaşacağını, erkən rezervasiyalarda problem yarana biləcəyini də yazır.

Qəzet tikinti materiallarının bahalaşmaya da toxunub. Hətta «Dərnəgül» şosesində yerləşən tikinti materialları bazarının 2 gündür bağlandığını bildirir.

Qəzetin müşahidəsinə görə, avtomobil ehtiyat hissələri təxminən 40% bahalaşıb.

MAŞINLARIN ÜZƏRİNDƏN QİYMƏTLƏR GÖTÜRÜLÜB

«Yeni Müsavat» yazır: «Bakıdakı avtosalonlarda maşın satışı dayanıb».

Qəzetin əməkdaşı «Opel Baku»nun salonunda əksər maşınların üzərindən qiymətlərin götürüldüyünü görüb:

Avtomobil salonu
Avtomobil salonu

«Maşınların üzərindən qiymət götürülməsini «bu, komplentasiya ilə bağlıdır» şəklində izah etdilər: «Qiymətlər barədə isə heç nə deyə bilmərik. Hələlik bu haqda hər hansı məlumatımız yoxdur».

«Nurgün Motors» şirkətinin satış meneceri Yaşar Əlifov isə əməkdaşımıza açıqlamasında satışın dayandırıldığını bildirdi. Onun dediyinə görə, bunun nə vaxta qədər belə davam edəcəyi bilinmir: «Ötən şənbə günündən satışı dayandırmışıq. Sadəcə, bazar günü işləmirik. Artıq iki gündür ki, satış yoxdur. Hazırda bu məsələ ilə bağlı şirkət rəhbərliyində toplantı gedir».

Y.Əlifov dedi ki, salonlardakı bütün maşınların üzərindən qiymətlər götürülüb. İndiyədək salondan kreditlə maşın alanların durumunda isə hər hansı dəyişiklik olmayacaq: «Manatla alıblar, manatla da ödəyəcəklər. Hər hansı kompensasiyadan söhbət gedə bilməz».

«Hyundai Service»də də oraya gələn alıcılara bir qayda olaraq «maşın satışı dayanıb, bir müddət maşın satmırıq» deyildiyinin şahidi olduq. Əksər maşınların üzərindən qiymətlərin götürülməsi də satışın dayandırılması ilə bağlı qərarın olmasından xəbər verirdi».

XS
SM
MD
LG