Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:24

Elza Seyidcahan: «Dayımı mənə görə işdən çıxardılar»


Elza Seyidcahan
Elza Seyidcahan

-

«Olimpiya çempionları yetişdirən, əməkdar məşqçi, dayım Vahid Məmmədovu mənə görə işdən çıxardılar».

Bəstəkar, müğənni, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyini vermiş Elza Seyidcahan AzadlıqRadiosuna belə deyir. Deputatlığa namizəd iddia edir ki, seçkilərdə qələbəni o qazansa da, saxtakarlıq nəticəsində qutudan hakim partiyanın namizədi Tahir Süleymanovun adını çıxarıblar. Elza Seyidcahan baş verənlərlə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Gözlə
Embed

No media source currently available

0:00 0:06:58 0:00
Direct-ə keçid

– Təbliğat-təşviqat kampaniyası dövründə bizə təzyiqlərlə, seçki günü baş verən saxtakarlıqlarla bağlı müraciət etmişəm. Seçki qərargahımın rəhbərinə, mənimlə yanaşı işləyənlərə, müşahidəçilərimə, özümə dəfələrlə hədə-qorxular olub, hətta mənimlə görüşən sadə seçicilərə, müəllimlərə, qocalara basqı olub, onların evinə gediblər ki, «Elzaya səs verməyin». Mən hansı ailəyə getmişəm sonradan ağlaya-ağlaya zəng vurublar ki, «nə olar, qurban olum, qorxuruq, öldürərlər bizi, balamı işdən çıxararlar» və s. Elə bil, diktatura yaradıblar. Prezidentimizin adından, MSK-nın adından danışırlar ki, «nə bilirik, onu da edirik». Amma mən əlbəttə ki, bunlara inanmadım. Əgər bu yerə qədər gəlmişəmsə, dövlətimizin keşiyində duran MSK-nın ədalətinə güvənib gəlmişəm və bu günə qədər də hüquqlarım qorunub. Mənim namizədliyim qeydə alınmayanda da MSK şikayətimi təmin etdi. Biz seçki günü baş verənlərin hamısını çəkmişik, o videoları MSK-ya da yollamışıq. Mənim müşahidəçimə 500 min pul təklif ediblər. Təklifi rədd edəndə isə müşahidəçilərimə də, özümə də təzyiqlər başlayıb. Bu söhbətlərin səsyazısı da var məndə.

– Konkret kimə təklif olunub həmin pul?

– Kürəkənim Elxan Alisatov həm də 51 saylı məntəqədə müşahidəçim olub. Ona deyiblər ki, «Elza Seyidcahana çatdır, bu gün Tahir Süleymanov qalib çıxmalıdır, sizə də buna görə 500 min veririk. Razılaşsanız, pulu bu gün alacaqsınız»... Onu da deyim ki, seçki günü mənim müşahidəçilərimdən dəqiqəbaşı zəng gəlirdi, biri deyirdi hücum olub, o biri deyirdi bıçaq çəkiblər, bu birinin ürəyi gedirdi. Mən seçki günü bir-bir məntəqələri gəzirdim. 51 saylı məntəqədə Tahir Süleymanovun səlahiyyətli nümayəndəsi Etibar Heydərovu gördük. O, məntəqə sədrlərini qorxudurdu, məcbur edirdi ki, qutuları saxta bülletenlərlə doldursunlar. Yalandan hamıya deyirdi ki, «bu, prezidentin göstərişidir». Orda Etibar onu da elan edib ki, saxtakarlıqla aşağılar yox, yuxarılar məşğul olur. Həmin gün mən seçki qərargahımın rəhbəri Gülnaz Qənbərliylə 51 saylı məntəqəyə getdim. Gələndə gördük bizim müşahidəçilərə hücum ediblər, qutunun içini doldurmaq istəyiblər. Saat 7-də içəri girəndə Etibar Heydərov da gəldi. Qərargah rəhbərim dedi ki, «siz içəri girə bilməzsiniz, artıq qapı bağlanıb, bülletenlər sayılır, qanun bunu qadağan edir». Məntəqədəkilər polis çağırdılar ki, «akt bağlayın, bunları tutun aparın». Əməkdar artistəm, Bəstəkarlar İttifaqının üzvüyəm, amma orda mənə, üzr istəyirəm, küçədə oturan qadın qədər hörmət qoymadılar... Bu Etibar bizi görəndə demişdi ki, «başımın qanını tökəcəyəm, amma Tahiri qutudan çıxaracağam»... Mən iki gündür evdən çıxmıram. Gülnaz Qənbərli 51 saylı məntəqədə yıxıldı. Heç bilmədik kim onu itələdi, niyə yıxıldı. Gülnazı reanimasiyaya apardılar. Ancaq mən qorxudan onu səhər saat 5-də sürüyə-sürüyə, əsə-əsə, qorxa-qorxa gizlicə çıxardım ki, ona xətər dəyməsin. Onun bir oğlu var axı. Mənə xəbər göndəriblər ki, «çıxsın getsin rayondan». Bura mənim vətənimdir, hara gedirəm? Yenə xəbər göndəriblər ki, «bizə məsləhət edərdi, biz də millət vəkili necə olur deyə məsləhət verərdik, niyə bu kiməsə nəsə demədən namizədliyini irəli sürüb ki?».. Məni Allah gətirib bu yola...

– Seçkidən iki gün qabaq parlamentin vitse-spikeri Bahar Muradovasizin və YAP-ın həmin dairədən əsas namizədi Tahir Süleymanov haqqında AzadlıqRadiosuna demişdi ki, bəzən sənət də böyük siyasi gücün qarşısında geri çəkilir. O, açıq şəkildə bəyan etdi ki, hakim partiyanın üzvləri də, seçicilər də sizə yox, Tahir Süleymanova dəstək verəcəklər. Sizcə, mənsub olduğunuz partiya niyə sizə dəstək vermədi? Sanki öncədən məğlub olacağınız bəyan edilmirdimi?

– Mən YAP üzvü olsam da, bitərəf kimi sənədlərimi vermişəm. Mən Bahar xanıma heç nə deyə bilmərəm. O, elə deməliydi. Mən namizədliyimi verəndə Tahir Süleymanov adlı millət vəkilinin olduğunu bilmirdim. Belə problem olacağını da bilmirdim. Mən YAP-dan bildiriş götürmək istədim, dedilər ki, «bitərəf kimi namizədliyini verə bilərsən. Çünki bizim parlamentimizdə neçə YAP üzvü var ki, bitərəf kimi namizədliyini verib». Bəyəm, YAP-dan namizədliyi verilən 117 nəfərin hamısı seçildi? Bir söz deyim. Mən bura gələndən gənclər YAP-ı on qat sevirdilərsə, indi yüz qat sevirlər. Mən sevdirdim. Gənclər deyirlər ki, «siz millət vəkili seçilsəniz, biz YAP-a üzv yazılacağıq». Burda YAP-a üzv olanlar ancaq müəllimlərdir, bir də dövlət adamlarıdır. Niyə bizim xalqımız partiyasından qaçaq düşməlidir?

– MSK şikayətinizi təmin etməsə və rəsmən Tahir Süleymanovun namizədliyini tanısa, bu qərarı necə qarşılayacaqsınız?

– Mən buna qətiyyən inanmıram. Mən Məzahir müəllimin alicənablığına inanıram. Mən iclasda ağladım, kövrəldim... Elə bil orda – MSK-da Allahın mələkləri varıydı. Mən orda açıq şəkildə ağlamağa utandım. Həm də artıq mən siyasətə atılmışamsa, ağlamamalıyam. Dünyada vətənimizi təmsil edəndə mən çox təmkinli, diplomatik olacağam və bilmədiklərimi də öyrənəcəyəm. MSK sədri Məzahir Pənahov mənə dedi ki, «yeri get, sən hələ 5 il»... Mən bu söhbətləri etmək istəmirəm, bu ikilikdə olan söhbətdir. Mən Azərbaycanımızın, prezidentimizin yolunda başımı qoymağa hazıram. Mən bunu elə-belə demirəm. Bunu işimdə də, əməlimdə də, nəslimdə də göstərmişəm. Mənim dayım Vahid Məmmədov şöhrət ordenli əməkdar məşqçidir. Sidney Olimpiya Oyunlarında onun yetirməsi Namiq Abdullayev qızıl medal qazanmışdı. Bu gün dayım zəng vurdu ki, «sənə görə məni işdən çıxardılar»... Mən hələ qərarımı almamışam, rayonda seçki qərargahındayam. Bu işə inanmışam, ona görə də dirənirəm.

– Birdən siz seçilmədiniz. YAP-dan istefa verəcəksiniz? Və baş verənlərə görə kimi günahkar biləcəksiniz?

– Heç bir zaman YAP-dan istefa vermərəm. YAP Azərbaycanın müstəqilliyi, Heydər Əliyev deməkdir. Mən deputat seçilməsəm də, bunu qurban edəcəyəm YAP-a. Məni YAP-dan uzaqlaşdırsalar da, uzaqlaşdırsınlar, mən qəlbimdə YAP-çı qalacağam.

– Sizcə, Tahir Süleymanovu siyasi hakimiyyət dəstəkləməsə, seçilə bilərdimi?

– Tahir Süleymanov xalqı aldadır, hakimiyyətin onu dəstəklədiyini deyir. Camaat da inanır.

MSK-nın mətbuat katibi Şahin Əsədli deyir ki, Elza Seyidcahan həqiqətən də quruma müraciət edib. Qanunvericiliyə uyğun olaraq üç gün ərzində onun şikayəti ekspert qrupu tərəfindən araşdırılacaq və MSK-nın iclasında baxılaraq, müvafiq qərar veriləcək.

Müsahibədə adı çəkilən Tahir Süleymanov və Etibar Heydərovun mövqeyinə də yer ayırmağa hazırıq. Gün ərzində onların da fikirlərini almağa çalışacağıq.

XS
SM
MD
LG