Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:19

İlham Əliyevin Amerika səfərindən nə gözlənilir?


Prezident İlham Əliyev
Prezident İlham Əliyev
Müşahidəçilərin qənaətinə görə, seçkilər artıq arxada qaldığından, demokratiya və insan haqları səfərdə əsas müzakirə mövzusu olmayacaq

Azərbaycanda bu səfəri şərh edənlər arasında belə fikirlər səslənir ki prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfərində regional neft-qaz layihələrinin təhlükəsizlik məsələsi mühüm yerlərdən birini tutacaq. Çünki bu il Bakı-Tbilisi-Ceyhanın işə düşəcəyi gözlənilir. Bundan başqa, yerli müşahidəçilər səfərdə Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məsələsinin müzakirəsini də istisna etmirlər. Azərbaycanda düşünürlər ki, ABŞ hökuməti həm sülh danışıqlarının nəticəsiz uzanmasını, həm də tez-tez eşidilən müharibə çağırışlarını neft-qaz layihələrinə təhlükə hesab edir. Yerli müşahidəçilərin fikrincə, məhz bu təhlükə üzündən Birləşmiş Ştatlar Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini sürətləndirmək niyyətindədir. Bu baxımdan prezident İlham Əliyevin Vaşinqtona səfərindən müəyyən gözləntilər var.


Milli Məclisinin sədr müavini Bahar Muradovanın sözlərinə görə, onlar çox istərdilər ki, bu səfər Qarabağ münaqişəsinin həllində dönüş nöqtəsi olsun: "Görünən odur ki, ABŞ hakimiyyəti builki yaranmış vəziyyətdən maksimum yararlanmaq istəyir. Hər halda bəyanatlarda, fikirlərdə bunlar ifadə olunur. Bunlar fəaliyyətdə də öz konkret nəticəsini taparsa, bu, Qarabağ münaqişəsinin həlli istiqamətində ümidlərin doğrulmasına gətirib çıxarardı".


Bununla belə, yerli müşahidəçilər səfər çərçivəsində İran ətrafında yaranan məsələlərə də toxunulacağını istisna etmirlər. Artıq sadalanan bütün bu məsələlər, xüsusilə də İran böhranı ilə bağlı Azərbaycanın tutacağı mövqe ətrafında da ən müxtəlif rəylər eşidilməkdədir.



« Azərbaycanın İrana qarşı hansısa alyansda iştirak edəcəyi haqda səslənən fikirlər ayrı-ayrı adamların təxəyyülünün məhsuludur »
Hakimiyyəti təmsil edən insanlar açıqca bəyan edirlər ki, anti-İran koalisiyasının yaradılması zərurəti meydana çıxacaqsa, Azərbaycanın bu koalisiyada iştirakı gözlənilmir. Milli Məclis sədrinin müavini Bahar Muradova deyir ki, Azərbaycan bütün ölkələrlə açıq və səmimi münasibətlərin tərəfdarıdır: "Hər halda, düşünürəm ki, Azərbaycan sərhədcə uzaq tərəfdaşları ilə münasibətlərdə qarşılıqlı maraqlara hörmət edilməsi prinsipinə söykəndiyi kimi, öz yaxın qonşuları ilə də bu kimi əlaqələrə üstünlük verir. Fikrimcə, Azərbaycanın İrana qarşı hansısa alyansda iştirak edəcəyi haqda səslənən fikirlər ayrı-ayrı adamların təxəyyülünün məhsuludur. Ancaq hər halda, bu barədə son söz müzakirələrdən sonra dövlətin birinci şəxsinin dilindən eşidiləcək".

Azərbaycanda bir qədər fərqli düşünənlər də var. «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, Azərbaycan İran məsələsində Birləşmiş Ştatlarla yaxın əməkdaşlıqdan çox ciddi şəkildə faydalana bilər. Onun sözlərinə görə, bu əməkdaşlıq Azərbaycanın həm Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində, həm də Xəzərdə özünə aid hissədə mövqelərini gücləndirə bilər: "Bu, Azərbaycan üçün həyatı əhəmiyyəti olan bir məsələdir. Nə İran, nə də Rusiya Azərbaycanın heç vaxt müttəfiqi olmayıb".


«Eurasia.net» İnternet məcmuəsinin əməkdaşı Şahin Abbasov isə deyir ki, anti-İran koalisiyasına qoşulmadan da İran böhranı ətrafında ABŞ-la əməkdaşlıq etmək olar: "Birinci məsələ Xəzərin Azərbaycana aid sektorunun təhlükəsizliyidir. Digər müzakirəsi tələb olunan məsələ isə Azərbaycanda yaşayan xarici vətəndaşların təhlükəsizlik məsələsidir".


Şahin Abbasov deyir ki, Birləşmiş Ştatlarla münasibətdə «qızıl orta»nın tapılması tək ölkənin yox, hakimiyyətin də mənafeyinə xidmət edir. Onun qənaətinə görə, prezident İlham Əliyevin bu bir neçə ildə Vaşinqtona dəvət edilməməsi Azərbaycan hakimiyyətini çox ciddi şəkildə narahat edən məsələlər sırasına daxil idi.


Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfərində demokratiya və insan hüquqlarına aid məsələlərlə də bağlı müzakirələrin aparılacağı gözlənir. Ancaq Azərbaycandakı müşahidəçilərin qənaətinə görə, parlament seçkiləri artıq arxada qaldığından, demokratiya və insan hüquqlarına aid müzakirələr səfərin əsas ağırlığını təşkil etməyəcək.


XS
SM
MD
LG