Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:54

Mövsüm Səmədov: 'Həbs etmək istəyirlərsə, yaraşacaq ittiham qoyulsun'


Mövsüm Səmədov
Mövsüm Səmədov

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov 2011-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib. O, 12 il azadlıqdan məhrum edilib və 2023-cü ilin yanvarında azadlığa çıxıb.

AzadlıqRadiosunun M.Səmədovla müsahibəsini təqdim edirik:

- 12 illik həbs həyatından sonra azadlığa çıxdınız. Adaptasiya prosesiniz necə keçdi?

- Azadlığa çıxmağımın bir ili yanvarın 19-da tamamlandı. Az vaxt deyildi. Həmin illər ərzində Azərbaycanda dəyişikliklər olmuşdu, bununla uyğunlaşmaq müəyyən vaxt tələb edirdi, asta-asta uyğunlaşmağa davam edirəm. İctimai-siyasi həyatda, cəmiyyətdə baş verənləri də izləməkdəyəm. Səhhətimdə də müəyyən problemlər var idi, həbsdən çıxdıqdan sonra müalicə olunmağa başladım. Ötən bir ilim belə keçib.

- Səhhətinizdə problemlərin yaranmasına həbsxanadakı saxlanma şəraitinin hansı təsiri olmuşdu?

- Yaş da özünü göstərir. Lakin gəncliyimdə zərərli vərdişlərdən uzaq olmuşam. Buna görə də, zindandakı problemlər səhhətimə ciddi problem göstərməsə də, təsirsiz də ötüşmədi. Məhbus həyatımın altı ilini qapalı şəraitdə olmuşam, hərəkətsizlik, passiv həyat tərzi sağlamlığımda müəyyən fəsadlar yaratdı. Qaraciyərimdə bəzi problemlər yaranmışdı, həbsxanada olanda da bayırdan kömək edirdilər, lakin əsas ciddi müalicəni azadlığa çıxdıqdan sonra eləməyə başladım. Hazırda daha yaxşıyam.

- Həbsdə olduğunuz müddətdə məhbuslar arasında dindarlar var idimi?

- 2010-cu ildən bu yana çoxlu dindar haqsız yerə həbs edildi. Bu şəxslər zindanda da öz dini fikirlərini təbliğ edir, orada digər şəxslərin də buna meyli olur. Öz sıxıntılarının səbəblərini axtaran və bundan xilas olmaq istəyənlər arasında dinə marağı olanlar çox idi. Zindanda məhbusların təxminən yarısı dinə meylli şəxslər idi. Dinin yayılması baxımından da problem yox idi, hər hansı təzyiq olmurdu. Kitablar da var idi.

Mövsüm Səmədovun həbsi
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00
Direct-ə keçid

- Bəzən həbsxanalarda yaxınlarının göndərdiyi kitabların məhbuslara verilməməsindən şikayətlər olur. Belə hallar dini kitablara şamil edilirdi?

- Əvvəllər yox idi, lakin son illərdə bəzən maneələr yaradılırdı, qadağalar ortaya çıxmışdı. Dəqiq səbəbini bilmirəm, amma qadağalar dindarların ictimai-siyasi proseslərə meylinin artmasından dolayı ola bilərdi. Məsələn, vəhhabilik ilə bağlı kitabları tapmaq, ya da gətirməkdə problemlər olurdu. Ümumilikdə vəziyyət o qədər də pis deyildi.

- Son illərdəki qadağalara toxundunuz. Son dövrlər narkotik ittihamı ilə həbs edilən inanclıların sayının artdığı bildirilir. Həmin şəxslər narkotik ittihamlarını inkar edir, bunu dini fəaliyyətləri ilə bağlayırlar. Siz necə düşünürsünüz?

- Təəssüflər olsun ki, 12 il ərzində də az dindar tutulmayıb. Həm də absurd maddələr ilə. Məsələn, narkotik, silah kimi maddələr qoyurlar. Halbuki, biz bilirik ki, dindar cameəsi nəinki narkotikdən, pis vərdişlərdən də uzaqdır. Aralarında narkotik satışı ittihamı verilənlər belə var. Dindarlara belə ittiham verilməsi heç yaraşmır. Düşünürəm ki, bu ittihamların verilmə səbəbi dindarların nüfuzunun aşağı salınması ilə bağlıdır. Bu şəxsləri tanıyanlar da ittihamların yalan olduğunu düşünür. Narkotik ittihamı ilə tutulan bir məhbusun yaxını demişdi ki, "tünd çay içmirdi ki, ona pis təsir edər". Yəni belə insanlara neçə qramla narkotik istifadəsi, ya satışı ittihamı qoymaq ağ yalandır. Təəssüf ki, bizim hüquq-mühafizə orqanları bu ittihamlar ilə həbslərə bugünə kimi davam edir. Həbs etmək istəyirlərsə, heç olmasa, yaraşacaq ittiham qoyulsun. Dindara narkotik ittihamı sadəcə absurddur.

- Bu ilin əvvəlində Birləşmiş Ştatlar Azərbaycanı və daha üç ölkəni din azadlığını "ağır şəkildə" pozması, yaxud buna tolerant yanaşmasına görə nəzarət siyahısına salıb. Azərbaycan Mərkəzi Afrika Respublikası, Komoros (Şərqi Afrika ölkəsi) və Vyetnamla bir siyahıda yer alıb. Bu barədə fikirlərinizi bilmək istəyirik.

- Hesabatla və məsələ ilə tanış deyiləm, təəssüf ki. Siyasi məhbuslar arasında dindarlar da kifayət qədər çoxdur. Amma Qərbin, Amerikanın dindarlara dəstəyi, digərlərinə dəstəkdən fərqli olub, daha az dəstək verib. Biz Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişdik. 10 il sonra, 2020-ci ildə Avropa Konvensiyasının 5-ci maddəsinin pozulması adı ilə haqsızlıq olunmasını tanıdılar. Fikrimcə, daha zəif maddələr seçilmişdi. Digər məhbuslarda isə pozulan hüquqları tam tanındı, mexanizm sürətli işlədi, daha qətiyyətli qərarlar alındı. Görünür ki, münasibət eyni deyil. Bununla bağlı məsələlərin, fikirlərin dəyişməsini də istərdik. (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hesabatı pisləyib, Azərbaycanın xüsusi izləmə siyahısına salınmasını "siyasi manipulyasiya vasitəsi" adlandırıb –red.)

- ABŞ-dan söz düşmüşkən, yanvarın 23-də X (keçmiş Twitter) platformasının Amerika seqmentində bir video yayılıb və videodakı şəxsin siz olması ilə bağlı iddialar var. (Sözügedən videoda bir şəxs amerikalılara xəbərdarlıq edir ki, "tezliklə mənim kim olduğumu biləcəksiniz". – red.)

- Video ilə yenicə tanış olmuşam. Əvvəla, o şəxs mənə oxşamır. Müqayisə edəndə görərsiniz ki, zahirən oxşarlıq çox azdır, eynək istisna. Digər vacib məsələ, mənim ölkədən çıxmaq qadağam var. İki dəfə ziyarətə getmək üçün cəhd eləmişəm, izn verilməyib. Ölkədən çıxa bilmədiyim üçün mənim ora getməyim mümkün deyil. Orada bir terror söhbət atılıb ortaya. Amerikada keçmiş rəhbərlər arasında da terror ittihamı olurdu, özlərinə xas ittihamdır. Əsl islam terrora meylli olmayıb, tam əksinə, terrorun hədəfində olub. Cəsur insanlar mülki camaata heç nə eləməz, islam həmişə belə şeylərin zərərini çəkib, hədəfində olub. Mən hicab məsələsi, digər problemləri gündəmə gətirdiyim üçün tutulmuşdum, indi iqtidarın özü də bu məsələlərin bəzilərini həll edib, hicab məsələsini və s. Mənə verilən haqsız ittihamlar bunlar idi... Videonun Amerikada geniş yayıldığı deyilir. Niyə yayılıb, bilmirəm. Seçkilər ərəfəsində nələrəsə təsir etmək üçün ola bilər. Təsadüfi deyil, seçkiqabağı prosesdir. Mən burdayam, başqa yerdə yox. Ola bilər ki, Azərbaycanda olan proseslərə də təsir etmək üçün ortaya atılıb. Dəqiq bir şey bilmirəm, proses göstərər.

XS
SM
MD
LG